Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Növbədənkənar parlament seçkisinə qatılmaq istəyən bir qrup gənc öz seçki bloklarını yaradıblar. "Hərəkət” adlanan seçki bloku müxtəlif siyasi görüşlü gəncləri birləşdirir. Onların arasında feministlər də var.
"Hərəkət” seçki blokunu REAL Partiyasının keçmiş üzvü Azər Qasımlı, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Ülvi Həsənli, Turqut Qəmbər, D18 Hərəkatının sədri Ruslan İzzətli, bloger Mehman Hüseynov, gənc fəallar Rəbiyyə Məmmədova, Toğrul Vəliyev və digrələri təsis ediblər.
Onu da qeyd edək ki, seçki blokunu təsis edənlərin əksəriyyəti deputatlığa namizədliklərini irəli sürüblər.
Turqut Qəmbər "Hərəkət” Seçki Blokunu təsis etmələrinə bu cür münasibət bildirib: "Passivlik seçim deyil, qapı-qapı, məhəllə-məhəllə gəzib insanları fəallaşdırmaqdan başqa yol yoxdur. Hərəkət etməliyik ki, insanlar siyasiləşsinlər, öz talelərinə sahib çıxmağa başlasınlar. Elə fəal olmalıyıq ki, seçki günü yüzlərlə vətəndaş müşahidəçi kimi, yüz minlərlə vətəndaş da seçici kimi seçkilərdə iştirak etsinlər”.
Rəbiyyə Məmmədova isə parlament seçkisində gənclərdən fəallıq gözlədiyini bildirib: "Həyata real baxırıq, reallıqları qəbul edirik. İndiki vəziyyətdə seçkinin necə keçiiriləcəyini mən iki gün öncə də gördüm. Lakin reallıqları görməyim o demək deyil ki, mən onları qəbul edirəm. Reallıqları görürük və bu reallıqlarla mübarizə aparırıq”.
Mehman Hüseynov isə bildirib: "Mən istəyirdim ki, insanlarda maraq oyadam, insanları fəallaşdıram, insanları bu prosesə cəlb edəm. Biz artıq bunu qazandıq, insanlar facebookda, sosial şəbəkələrdə yazırlar, öz etirazlarını bildirirlər. Biz artıq o kütləni qazanmışıq. İndi rahat şəkildə parlament seçkilərinə gedə bilərik”.
İqtisadçı Toğrul Vəliyev hesab edir ki, gənclər seçkilərdə fəal olmasa, bu, onların gələcəyinə mənfi təsir edəcək.
Seçki ekspertləri və siyasilər hesab edir ki, gənclərin seçkilərdə aktivliyi seçki prosesinə əlavə dinamizm gətirən amil olacaq. Prosesə müsbət təsir edəcək.
Seçkilərdə tanınmış simaların hansı dairələrdən namizədliklərini vermələri məsələsində isə dünən daha biri barədə dəqiqlik meydana gəldi. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb. Gözlənilmədən onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən verilib və VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər dairə seçki komissiyasına təqdim edilib. Artıq VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imzatoplama kampaniyasına başlanılacaq.
Sabir Rüstəmxanlı bundan əvvəl uzun illər deputatı olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olacağını açıqlamışdı.
Qeyd edək ki, VHP-nin gözlənilməz qərarı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə 61 saylı Neftçala seçki dairəsinin deputatı Arif Rəhimzadənin budəfəki parlament seçkilərində iştirak etməyəcəyi haqqında iddialar da səsləndirilməyə başlayıb.
Modern.az-ın əməkdaşı bu iddiaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün Arif Rəhimzadənin özü ilə əlaqə saxlayıb. O, qısa bir açıqlama ilə iddiaları nə təsdiq, nə də təkzib edib: "Hər şey deyilib, məndən daha nə soruşursunuz?!”
Qeyd edək ki, Arif Rəhimzadə Milli Məclisin bütün çağırışlarında deputat seçilib.