“BU ZƏFƏR HƏR KƏSİN ORTAQ ZƏFƏRİNƏ ÇEVRİLƏ BİLƏR” -Ərdoğan


 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxışda Azərbaycan-Türkiyə qardaşlığının bölgəyə sülh, əmin-amanlıq gətirəcəyini, bu zəfərdən bölgənin altı ölkəsinin – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın yeni platformada birləşərək yararlana biləcəklərini əsaslandırmış, hətta bəzi sualları olan Gürcüstan rəsmilərilə də görüşərək onların bütün şübhə və tərəddüdlərini aradan qaldırmaq məqsədilə danışıqlar apardığını, yeni layihələrdən tək Azərbaycan, Türkiyə, Ermənistan da daxil olmaqla, bütün bölgə deyil, eyni zamanda dünyanın bir sıra ölkələrinin qazanacağını xüsusi vurğulamışdır. 

Qeyd edək ki, altı ölkənin bir platformada birləşməsi ideyasını Rəcəp Tayyip Ərdoğan hələ 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı zamanı səsləndirmişdir. O vaxt erməni mətbuatında geniş əks-səda yaradan, tərəddüd və şübhələrlə qarşılanan bu təklifin müəyyən müddət ötdükdən, bir çox daşlar yerinə oturduqdan sonra, Ermənistan cəmiyyətində seçkiqabağı gərginliyin artdığı bir vaxtda yenidən səslənməsi məğlubiyyətlə barışanlar və revanşist qüvvələr arasında fərqli qarşılanmışdır. 

R.Koçaryanı dəstəkləyən çevrələr Azərbaycan və Türkiyə arasında bağlanan müqaviləni Rusiya və İran üçün təhlükə kimi göstərməyə cəhd edərək bu dövlətlərə yaranmağa, onlara arxalanaraq gələcəyə planlaşdırdıqları mənfur siyasətlərini həyata keçirməyə çalışırlar. İndiyədək yürüdülən siyasətin ölkəni uçuruma apardığını anlayan çox az qisim isə Rusiyanın təsirindən qurtulmağa çalışıraraq daha çox qərbə meyillənirlər. Lakin 44 günlük müharibə göstərdi ki, qərb dövlətləri Ermənistana hərbi dəstək göstərmək, daha doğrusu heç bir siyasi, iqtisadi, hərbi önəmi olmayan bir ölkəyə görə böyük dövlətlərlə münaqişəyə girmək niyyətində deyillər. 

Digər tərəfdən isə sayca çoxluq təşkil edən, oğullarının, yaxınlarının müharibədə ölməyini istəməyən, gələcəklərindən əmin olmaq istəyən nisbətən az təsir gücünə malik kütlə var. Onlar siyasi oyunlardan uzaq yaşamaq istəyirlər. Onların proseslərə təsiri seçkilərdəki fəallıqlarından asılı olacaq. Ermənistanın düşdüyü acınaqcaqlı sosial-iqtisadi böhrandan qurtulması, blokada vəziyyətindən çıxa bilməsi üçün Azərbaycan və Türkiyə ilə düşmənçilik yox, əməkdaşlıq etməli olduğunu erməni cəmiyyətinin nə dərəcədə dərk etdiyini seçkilərin nəticəsi göstərəcək. Ermənistan cəmiyyətinə onilliklər boyunca Azərbaycan və Türkiyə əleyhinə elə bir nifrət ideologiyası aşılanıb ki, az-çox realist, konstruktiv düşüncədə olanlar belə çox zaman linç edilmək qorxusu ilə susmağa üstünlük verirlər...

Haqq-ədalətin bərpa olunmasına qarşı çıxan Ermənistandakı revanşist qüvvələrin düşmənçilik çağırışları bu ölkənin özü üçün gərginlik və fəlakət vəd edir. Halbuki, müharibədə ağır məğlubiyyətə uğramış Ermənistanın barışa, sabitliyə hamıdan çox ehtiyacı var. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçdiyini xüsusi vurğulamışdır. İstər Naxçıvanla Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi, istər Türkiyə-Ermənistan sərhədlərinin açılması, istərsə də Azərbaycanın öndərliyi ilə həyata keçiriləcək iqtisadi layihələrdə Ermənistanın da iştirakı 30 illik işğalın, aqressorluğun ağır bədəlini ödəyən erməni xalqının və dövlətinin son şansı ola bilər. 

Türkün böyüklüyü yenə də görünür. Nuru Paşanın Qafqaza gəldiyi ərəfədə ermənilərin 12 mindən çox türkü, müsəlmanı qətlə yetirməsinə, Qafqazda tarixin qara səhifələrinə yazılacaq bir qətliamın yaşanmasına, Türk millətinə hər cür iftiraların atılmasına baxmayaraq, Azərbaycan və Türkiyə qazanılan zəfərdən hər kəsin yararlanması üçün iqtisadi imkanlar təklif edir. Erməni ictimaiyyəti və onun başbilənləri bir qədər ağıllı düşünsə, işğal etdikləri Azərbaycan torpaqlarını itirməklə, əslində daha böyük fürsətlər, firavan yaşamaq şansı əldə etdiklərini anlayarlar.

“Qədimdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək öz əlimizdədir. Qardaşlığımızı nə qədər möhkəm eləsək, bir-birimizi nə qədər möhkəm tutsaq, bu hədəfə o qədər tez çatacağıq. Qarabağ zəfərinin nəticələri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, savaş deyil, barış zəfəridir"- deyən Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyip Ərdoğan bir daha dünyaya barış mesajı verdi...

 

Güllü Yoloğlu

türkoloq,

Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin müdiri, AzTV


Oxşar Xəbərlər

Xəbər lenti