Türkiyədəki səfirimiz niyə dəyişdirilir? – Bir təyinatın pərdəarxası

Türkiyədəki səfirimiz niyə dəyişdirilir? – Bir təyinatın pərdəarxası

 

Azərbaycanın Ankaradakı səfiri geri çağrıldı. Onun yerinə NATO-dakı nümayəndəmiz Xəzər İbrahimin təyin olunacağı gözlənilir.


Məlumata görə, Xəzər İbrahim NATO-dakı vəzifəsindən artıq azad edilib və yeni təyinatını gözləyir.

Qeyd edək ki, Xəzər İbrahim NATO-dan əvvəl XİN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirdi. Onun nazirlikdə yaratdığı yeni işgüzarlıq ənənəsi bir çox səciyyəsi ilə seçilir və jurnalistlər tərəfindən təqdirlə qarşılanırdı. Xəzər İbrahim faktiki olaraq XİN-nə ABŞ idarəetmə orqanlarının xarakterini gətirmişdi; hər həftənin ilk iş günü jurnalistlər üçün brifinq verir, istənilən saatda ona edilən zəngləri cavabsız buraxmırdı. Bildirildiyinə görə, bəzən xaricə gedəndə belə, jurnalistlərdən elektron poçt ünvanına suallar göndərilməsini xahiş edir və bütün sualları birmənalı olaraq cavablandırırdı. Eynilə, ABŞ və Qərb ölkələrindəki dövlət xadimləri kimi.

Xəzər İbrahimin bu cür ənənəni XİN-nə gətirməsi isə təsadüfi sayılmırdı. Nədən ki, o, həmin vəzifədən əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir işləmiş və Vaşinqtonda Ağ evdən tutmuş Pentaqona qədər bütün dövlət aparatının ictimaiyyəti məlumatlandırmaq üçün bu metodlardan istifadə etdiyini görmüşdü. Onu da görmüşdü ki, bu metod ölkənin idarə edilməsini asanlaşdırır, dövlət siyasətinin sadə insanlara çatdırılmasında gözəl nümunə yaradır və süni şəkildə yaradılan xalq - rəhbər münasibətlərindəki uçurumu doldururdu.

Xəzər İbrahimin qısa müddətdə dövlətin əsas idarəetmə aparatlarından birində bu cür dəyişikliklər yaratmasında, sözsüz ki, xarici işlər naziri Elmar Məmmədyarovun ona verdiyi dəstək də mühüm rol oynamışdı. Məlumatlara görə, nazirlə o dövrdəki mətbuat katibi arasında çox yaxın əlaqələr vardı və bu əlaqələr elə ABŞ-dakı birgə fəaliyyət zamanı formalaşmışdı.

Bir nazir kimi Elmar Məmmədyarovun fəaliyyətinin ilk illərində yaratdığı bu ənənələr hələ beşikdəykən boğuldu. Görünür, hakimiyyətdəki rusqafalı mürtəce qüvvələr dövlət aparatında "bulaşan bu virusun” yaxınlarda onları da məhv edəcəyindən çəkinərək, öz iradələrini ortaya qoymaq gərəyi hiss etdilər. Yeni ənənənin əsas mühərriki sayılan Xəzər İbrahim də hakimiyyətdəki mürtəce qüüvələrin ilk qurbanına çevrildi.

"Yeni Musavat”ın 24.02.2009-cu il tarixli "XƏZƏR İBRAHİM "SÜRGÜN” EDİLDİ” sərlövhəli yazıdısında bu barədə deyilir: "Ancaq son aylar bu əlaqələr (jurnalistlərlə əlaqələrdən söhbət gedir-Ovqat.com) nisbətən zəifləmişdi. Hətta bir ara telefonlarına zəng çatmayan X.İbrahimin işdən çıxarıldığı barədə xəbəri də dərc etmişdik. Düzdür, sonradan mətbuat katibi işə qayıtdı, ancaq bu dəfə də əvvəlki X.İbrahimə bənzəmirdi. Bu isə X.İbrahimin səlahiyyət sahibləri tərəfindən susdurulduğu barədə şayiələrə rəvac verdi. Əslində gözlənilən idi, çünki bu iqtidar cəmiyyətə açıq olan, sualları gen-bol cavablandıran, üstəlik, jurnalistlərin sevimlisinə çevrilənləri sevmir. Elə XİN-in keçmiş mətbuat katibi Tahir Tağızadə də X.İbrahim kimi xarici səfirliklərdən birinə göndərilmişdi. Onu da qeyd edək ki, X.İbrahim qəzetimizə geniş müsahibəsində Bakıda kirayə həyatı yaşadığını da demişdi. Bəlkə də onun üçün Amerikada kirayənişin olara yaşamaq daha rahat olacaq. Ancaq hörmətli mətbuat katibinin əslində "sürgün” edildiyini deyənlər də var...”

Nəzərə alsaq ki, Azərbaycanın Türkiyədəki səfiri vəzifəsi NATO-dakı nümayəndədən bir pillə yuxarıdır, gözlənilən son təyinatın Xəzər İbrahimin yenidən yüksəlişi deməkdir. Ümumiyyətlə, son bir neçə gün ərzində Prezident İlham Əliyevin atdığı bir sıra addımlar (xüsusilə Mehman Əliyevin həbsdən azad edilməsi) Azərbaycanın yenidən Qərb xəttinə geri qayıtdığına işarədir. Bu mənada Xəzər İbrahimin xarici siyasətimizin prioritet fəaliyyətlərindən sayılan Türkiyədəki səfir təyin olunması təsadüfə oxşamır.

Deyəsən, ölkədə rusqafalılarla Qərb tərəfdarlarının mübarizəsi yenidən qızışacaq.

Heydər Oğuz



Oxşar Xəbərlər

Xəbər lenti