25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan xalqı üçün tarixin ən şərəfli təqvimlərindən biri 27 sentyabrdır. İki il öncə Ermənistanın təxribatlarına qarşı Azərbaycan ordusunun başlatdığı əks-hücum İkinci Qarabağ Müharibəsinin başlandığı tarixi gündür. Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr Anım Günü kimi qeyd edilir.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. “Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Dövlət başçısı haqlı olaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. “Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”.
Cənab Prezident İlham Əliyev onu da qeyd edib ki, işğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyat qaytarır. “Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik”.
Dövlət başçısı Milli həmrəyliyi Azərbaycan xalqının təbii güc mənbəyi adlandıraraq bütün Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində birlik, iradə göstərdiyini vurğulayıb.
Pezident bildirib ki, Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. “Füzuli istiqamətində beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın”.
Bu tarixi hadisənin həm şahidləri, həm də iştirakçıları olduğumuza görə bizləri şərəfli nəsil adlandıran dövlət başçısı cənab İlham Əliyev bizdən sonra gələn nəsillərin həmişə bu şanlı tarixlə fəxr edəcəyini bildirib.
Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamını inkişaf etdirən Prezident İlham Əliyev hər bir azərbaycanlının bu torpağın övladı olması ilə fəxr etdiyini qeyd edib. “Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
Azərbaycanın hər bir vətəndaşını daim müstəqilliyin keşiyində durmaq üçün vəd verməyə çağıran dövlət başçısı əminliklə ifadə edib ki, Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. “Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi