Soçi Görüşü – Azərbaycan diplomatiyasının növbəti uğuru

2022-ci il oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib.

Danışıqlar zamanı 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatı müzakirə edilib. Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutmuş ikitərəfli görüşdə Aərbaycan Prezidenti İlham Əliyev xatırlatdı ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoyub və indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. İlham Əliyev qeyd etdi ki, ölkəmiz Ermənistanla münasibətlərin normallaşması üçün beynəlxalq hüququn 5 əsas fundamental prinsipini irəli sürüb və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Soçi görüşündə Prezident İlham Əliyev Azərbaycan reallıqlarından çıxış edərək milli maraqlarımızı qoruyan fikirlər səsləndirmişdir. Danışıqlar zamanı diqqətçəkən əsas məqamlardan biri də Qarabağın nəinki status məsələsi, heç adının belə hallanmaması olmuşdur. Status məsələsi birdəfəlik tarixin arxivinə göndərilib. «Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edir.» - deyə Azərbaycan lideri bildirib.

Üçtərəfli görüşün yekunlarına dair imzalanmış 31 oktyabr 2022-ci il tarixli Bəyanat da mühüm əhəmiyyət kəsb edir. Birgə Bəyanatın mətnini əks etdirən sənəddə Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi üçün bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Humanitar məsələlər blokunun təcili həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə edildi. Vurğulandı ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən yalnız BMT nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. 

Bəyanatda vacib məqam regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu məsələsi də öz əksini tapmışdır. Mövcud işlənilən təkliflər əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi bildirilib. Bütün danışıqlar onu deməyə əsas verir ki, Soçi görüşü və imzalanmış üçtərəfli birgə bəyanat Cənubi Qafqaz regionunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün əldə edilməsi istiqamətində atılmış növbəti diplomatik-siyasi qələbədir. 

Nərmin Zeynalova

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti