Heydər Əliyev-Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, qüdrətli komandan

İllər ötdükcə ümummilli lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.
Heydər Əliyev min ildən bir tanrının insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. “Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləyən, həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə  Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi.
Bu gün o böyük və nadir şəxsiyyətin 100 illiyini qeyd edirik. Qəlbimizdə dərin məhəbbətlə və sevgi ilə bu əzəmətli şəxsiyyəti minnətdarlıqhissi ilə anırıq. Çünki o, Azərbaycan xalqına tanrının ən böyük bəxşişi olmuşdur.
Bu əziz gündə ölkəmizin başçısı, Heydər Əliyev ideyalarının layiqli davamçısı, qalib sərkərdə İlham Əliyev xalqımıza Şuşadan-məhz Şuşa şəhərindən müraciət edərək bu günün möhtəşəm bir gün kimi xalqımızın taleyinə və tarixinə yazıldığını qeyd etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir. Ulu öndər hər zaman bu fikri səsləndirirdi: “Azərbaycan dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətənidir”. Bu sözlər Heydər Əliyevin nə qədər tolerant bir şəxsiyyət olmasından xəbər verirdi.
Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Ulu öndərin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get- gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir. Bugünkü siyasi sistemin formalaşmasında dahi şəxsiyyətin rolunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, “Eyni zamanda, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, o vaxt ki, antimilli iqtidara qarşı müxalifət kimi. Bu partiyanın – Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.”
Ölkə başçısı öz müraciətində qeyd etmişdir ki, “Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxt ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır.
Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxt ki, Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kompaniyası aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.”
Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvələri Azərbaycanın siyasi həyatı təlatümlər və təbəddülatlar dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad “Əsrin müqaviləsi”nin bağlanmasında həlledici amilə çevrildi. Belə ki, sovetlər birliyinin idarə edilməsində iştirakı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylədiyi hər sözünün ağası olması onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdır. Dünya liderləri arasında yüksək etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoydu. Bu epoxanın adı Heydər Əliyev epoxası idi. Heydər Əliyevin “Əsrin müqaviləsi” vasitəsilə əks qütblərdə dayanmış Qərb və Rusiya ilə, eyni zamanda qardaş Türkiyə ilə münasibətlərdə “qızıl orta”nı tapa bilmə bacarığı heyranlıqla qarşılanırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük iqtisadi layihəsi olan “Əsrin müqaviləsi” bağlanarkən birinci növbədə Azərbaycanın milli maraqları ön planda olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlar kontekstində və xüsusilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas amil olaraq təməl prinsipə çevrilmişdir.
Azərbaycanın iqtisadi potensiylının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Vaxtilə ümummili lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi bizimlə müharibə vəziyyətində olan Ermənistanın iqtisadi blokadaya alınmasına gətirib çıxardı. Əvəzində isə güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf edirilməsinə şərait yaratdı. Bütün bunlar iki böyük sərkərdənin - Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin zəkasının Azərbaycan xalqına töhfəsi idi.
Arzu Miriyev

Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti