“Paşinyan bağlı qapılar arxasında Azərbaycanın şərtlərini qəbul edib” - Vacib açıqlama


“Azərbaycan, Ermənistan, Aİ formatında növbəti görüş bundan əvvəlki üçtərəfli dialoqda olduğu kimi, rəsmi Bakının lehinə başa çatdı. Xoş haldır ki, son iki görüşdə, həm Blinken, həm də Mişel Azərbaycanın tələblərini məqbul hesab edib və barışmalı olublar”. 

Hurriyyet.az xəbər verir ki, politoloq Zaur Məmmədov Brüssel görüşünü şərh edib.

O bildiirb ki, Qarabağ Azərbaycanın daxili işidir: 

“Şarl Mişelin bəyanatında deyilir: “Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim”. 

I. Keçmiş Dağlıq Qarabağ vilayəti ifadəsindən istifadə edən Mişel beləcə separatçıların istəklərini gözlərində qoydu. Bununla da, Şarl Mişel Qarabağın Azərbaycanın daxilində inzibati rayon olduğunu təsdiqləmiş oldu.

II. Ermənistanın danışıqlarda Qarabağla bağlı əsas istəyi - beynəlxalq təşkilat və ya aktorların Bakı-Xankəndi arasında danışıqlarda iştirakını leqallaşdırmasıdır. (hüquqi sənədlə təsdiqləməkdir). Lakin bugünkü danışıqlarda bir daha Azərbaycan prinsipiallıq nümayiş etdirərək, bu tələbi rədd edib. Rəsmi Bakı öz ərazisindəki ermənilərlə dialoqda üçüncü tərəfə tribuna təqdim edilməsinə etiraz etmir. Lakin Bakı ATƏT-in Minsk qrupu təcrübəsini nəzərə alaraq kiminsə danışıqlarda iştirakını kağızda həkk etməyəcək”.

Analitik Ş. Mişelin açıqlamasında istinadla edərək xatırladıb ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır:

“Bu dəfə məhz rəqəmlərdən istifadə edilməsi Ermənistanın ərazi bütövlüyü ilə bağlı bu günə qədər apardığı manipulyasiyaya son qoyur. Qeyd edilir ki, Ermənistan Azərbaycanın 86.6 min kv.km. ərazini tanıyır. Beləcə, bizim üçün ən əsas iki məsələ ilə bağlı Paşinyan razılaşıb. Amma Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliklərinə təminatı istəyir. 

Delimitasiya-demarkasiya məsələlərinə toxunan müsahibimiz bəyan edib ki, mövzu ilə bağlı baxış bucaqları tam olaraq oturuşmayıb:

Dünənki görüşdə Paşinyan 1975-ci ilin xəritəsinə uyğun olaraq sərhədlərin müəyyənləşməsi və dəqiqləşdirilməsində israr edib. Lakin rədd cavabı alıb, bu ifadə qəbul olunmayıb. 

Fikrimcə, delimitasiya-demarkasiya məsələsi indiki halda o qədər də təcili mövzu deyil, bu, Ermənistanın daha çox narahat olduğu mövzudur. Məlum məsələdir ki, hətta münasibətləri əla vəziyyətdə olduğu dövlətlər arasında belə delimitasiya-demarkasiya uzunmüddətli proses kimi müəyyən vaxt tələb edir”. 

Zəngəzur dəhlizindən söz açan siyasi təhlilçi aydınlaşdırıb ki, dəmiryolu ilə bağlı nəhayət Paşinyanla müsbət dialoq da baş tutub:

“Avtomobil yolu ilə bağlı Avropa İttifaqı, ABŞ, İran və Rusiya arasında baxışların toqquşmasını və yerdəki reallıqları nəzərə alsaq, yaxın perspektivdə dəmiryolu xəttinin açılmasının müzakirəsi daha rasionaldır. Elə buna görə də dəmiryolunun açılması ilə bağlı ilkin razılaşma var”. 

O, əlavə edib ki, Mişel Laçın yolu, Laçın rayonu və Azərbaycanın aprel ayında sərhədin Laçın-Gorus istiqamətində keçid məntəqəsinin qoyması ilə bağlı məsələyə toxunmayıb: 

“Bu onun göstəricisidir ki, separatçıların və Ermənistandakı bəzi dairələrinin ah-naləsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın Laçın rayonunun girişinə keçid məntəqəsi qoymasını tam qanunauyğun sayır.

Beləliklə, Brüsseldə bağlı qapılar arxasında Paşinyan Azərbaycanın şərtləri ilə razılaşıb, bu dəfə daha konkret nəticələr əldə edilib. Amma gözlənilən odur ki, Paşinyan daha bir müddət vaxtın uzadılması ilə məşğul olacaq”. 



Oxşar Xəbərlər

Xəbər lenti