Bu, Azərbaycan Prezidentindən asılıdır - Paşinyan


Mən Azərbaycanla davamlı sülhə inanmasaydım, ümumiyyətlə, danışıqlar prosesində iştirak etməyin mənası olmazdı. Amma inam bizim nəticə əldə edəcəyimizə zəmanət vermir, çünki bu, təkcə məndən deyil, həm də Azərbaycan Prezidentinin mövqeyindən asılıdır. Boşluqda danışıqlar aparmadığımızı demirəm, burada həm də beynəlxalq, geosiyasi və humanitar vəziyyət, hər an özünü göstərə biləcək müxtəlif insani amillər, siyasi və daxili siyasi vəziyyət var.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

Buna baxmayaraq, Paşinyan ənənəvi böhtanını yağdıraraq, guya Qarabağda humanitar böhran yaşandığını, azərbaycanlıların erməni icmasından qisas aldığını da iddia edib:

“Məncə, danışıqların gedişinə mane olan ən mühüm şey Azərbaycanın davam edən aqressiv ritorikası, nifrətin qızışdırılması, ermənilərə və hər bir erməniyə qarşı nifrət aktları, “Dağlıq Qarabağ” ermənilərindən qisas almaq siyasətidir”.

Paşinyan bildirib ki, bu prosesdə onun qırmızı xətləri Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də “Dağlıq Qarabağ” ermənilərinin hüquqları və təhlükəsizliyidir:

“Qarabağ xalqının (Qarabağdakı erməni icması nəzərdə tutulur – red.) hüquqları və təhlükəsizliyi məsələsi “dq” nümayəndələrinin iştirakı ilə aparılan dialoq və danışıqlar nəticəsində həll edilməlidir. Biz buna Bakı-Xankəndi dialoqu deyirik. Amma qüvvələrin müqayisəedilməzliyini nəzərə alsaq, düşünürük ki, Xankəndi və Bakını tək qoysaq, o zaman Bakının ya bu gündəmi unutmaq imkanı olacaq, ya da bu dialoq yox, monoloq olacaq. Bu dialoq beynəlxalq mexanizmlər çərçivəsində baş verməlidir, burada beynəlxalq ictimaiyyət şahid rolunda olacaq. Azərbaycan Ermənistanın bu prosesdə marağını Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qəbul edir və şərh edir”./axar.az/



Oxşar Xəbərlər

Xəbər lenti