Dünyanın gözü İstanbulda: noyabrın 15-də... – Ərdoğan AÇIQLADI


“Noyabrın 15-də İstanbulda Qəzza ilə bağlı beynəlxalq toplantı keçiriləcək”.

Sozcu.info xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

“Həyat yoldaşımın təşkilatçılığıyla noyabrın 15-də İstanbulda dövlət və hökumət başçılarının həyat yoldaşlarının iştirakı ilə beynəlxalq görüş keçiriləcək. Beləliklə, qəzzalı bacı-qardaşlarımızın əziyyətini yüngülləşdirmək üçün güclü həmrəylik nümayiş etdiriləcək. Səsimizin ucaldılması çox vacibdir.

Biz humanitar atəşkəsin təmin edilməsi və münaqişənin yayılmasının qarşısını almaq üçün diplomatik təşəbbüslərimizi davam etdiririk. Bu günə qədər 230 tondan çox humanitar yardım materialları ilə dolu 10 təyyarə göndərmişik. 2 mülki humanitar yardım gəmimizin göndərilməsi üçün hazırlıqlarımız davam edir.

Fələstin torpaqlarında başlayan münaqişələr ürəyimizi parçaladı. İsrailin Qəzzaya hücumlarının 34-cü gününü geridə qoyduq. İsrail tərəfindən vəhşicəsinə öldürülən 11 minə yaxın qəzzalının 73 faizi qadın və uşaqdır. Qərb ölkələrinin tam dəstəyini alan İsrail rəhbərliyi bəşəriyyətə aid bütün dəyərləri pozaraq məktəbləri, məscidləri, kilsələri, xəstəxanaları, universitetləri və mülki yaşayış məntəqələrini bombalamağa davam edir.

Hətta uşaqları belə öldürməyə haqq qazandıran fanatizmlə üz-üzəyik. Davamlı olaraq insan hüquq və azadlıqlarından, demokratiyadan danışan Qərb dövlətləri İsrailin bütün bu qırğınlarını uzaqdan seyr edir. Bu ölkələr və təşkilatlar uşaq qatillərini tənqid etmək bir yana qalsın, atəşkəsə belə çağıra bilməyəcək qədər zəifdirlər. Fikir azadlığı bəhanəsi ilə müqəddəs kitabımız Qurani-Kərimi yandıranlara göz yumanlar Fələstin bayrağına belə dözə bilmirlər.

Hadisələr bizə bir daha göstərir ki, müsəlman olaraq birliyimizi gücləndirməliyik. Bu gün müsəlmanlar olaraq, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatında səsimizi ucaltmasaq, nə vaxt səsimizi qaldıracağıq?”, - Ərdoğan vurğulayıb.

Aytən Novruz



Oxşar Xəbərlər

Xəbər lenti