Paşinyan Makronla nədən danışdı - DETALLAR VƏ FOTOLAR


Dünən Parisə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında görüş Yelisey sarayında baş tutub.

Hurriyyet.az bu barədə erməni mediasına istinadən bildirir.

Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Fransa Prezidenti əvvəlcə Ermənistan Respublikasının YUNESKO-dakı daimi nümayəndəsi, Ermənistan Respublikasının baş nazirinin Beynəlxalq Frankofoniya Təşkilatındakı şəxsi nümayəndəsi Kristian Ter-Stepanyanın vəfatı ilə əlaqədar baş nazirə başsağlığı verib. Emmanuel Makron bir daha Fransanın Ermənistanın daha da inkişafına və mövcud problemlərin aradan qaldırılmasına dəstəyini vurğulayıb.

Nikol Paşinyan səmimi qəbula və başsağlığına görə təşəkkür edib. Baş nazir Ermənistan-Fransa əməkdaşlığının bütün sahələrdə inkişafının vacibliyini vurğulayıb və Ermənistan Respublikası hökumətinin bu məsələdə maraqlı olduğunu qeyd edib.

Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsində Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının sədrinin Qranadada qəbul etdikləri dördtərəfli bəyanatda əksini tapan prinsiplərin əhəmiyyəti vurğulanıb.

İqtisadi sahədə, infrastrukturun inkişafı və digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığının daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə işi ardıcıl şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Regional sülh və sabitlik, o cümlədən Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Qarabağdan öz istəkləri ilə köçən ermənilərin məsələsindən də danışılıb, təbii ki, həqiqətlər təhrif olunmaqla…

Qeyd edək ki, Nikol Paşinyan Fransa səfərində XİN başçısı Ararat Mirzoyan və digər şəxslər də müşayiət edir.



Oxşar Xəbərlər

Xəbər lenti