27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Prezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. analoji mallar – dövlət ehtiyatlarından buraxılmış mallarla funksional təyinatına, istifadəsinə, keyfiyyətinə və texniki xüsusiyyətlərinə görə eyni olan və ya onlara uyğun gələn, həmin mallara nisbətən daha yeni istehsal tarixinə malik və müvafiq texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmiş mallar;
1.1.2. bazar iştirakçısı – strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları;
1.1.3. bazar iştirakçıları tərəfindən təmin edilən mallar – bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan nomenklaturaya uyğun olaraq bazar iştirakçıları tərəfindən saxlanılması təmin edilən malların məcmusu;
1.1.4. dövlət ehtiyatları – özündə strateji, fövqəladə və səfərbərlik ehtiyatlarını ehtiva edən maddi sərvətlərin xüsusi fondu;
1.1.5. dövlət ehtiyatlarının buraxılması – dövlət ehtiyatlarında olan malların əvəzli və ya əvəzsiz qaydada özgəninkiləşdirilməsi;
1.1.6. dövlət ehtiyatlarının idarə edilməsi – dövlət ehtiyatlarının saxlanılması, uçotu, buraxılması və onlara nəzarət;
1.1.7. dövlət ehtiyatlarının yaradılması – dövlət ehtiyatlarına malların tədarükü və yerləşdirilməsi;
1.1.8. dövlət ehtiyatları üçün malların tədarükü – malların dövlət ehtiyatlarında saxlanılması məqsədilə satın alınması və onların saxlanc yerlərinə çatdırılması;
1.1.9. dövlət ehtiyatlarında malların yerləşdirilməsi – malların dövlət ehtiyatlarında saxlanılması məqsədilə qəbul edilməsi;
1.1.10. dövlət ehtiyatlarında malların saxlanılması – dövlət ehtiyatlarına aid olan, həmçinin brondan çıxarılmış, lakin özgəninkiləşdirilməmiş malların bu Qanunun 9.5-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun saxlanılmasının təmin edilməsi;
1.1.11. dövlət ehtiyatlarının yeniləşdirilməsi – analoji malların dövlət ehtiyatlarına tədarükü şərtilə malların keyfiyyətinə mənfi təsir edə biləcək halların yarandığı təqdirdə və ya yararlılıq (saxlanma) müddətinin keçməsinə yol verməmək üçün onların dövlət ehtiyatlarından buraxılması;
1.1.12. dövlət ehtiyatlarının brondan çıxarılması – malların dövlət ehtiyatları nomenklaturasından çıxarılması və ya tələb olunan minimum həcminin azaldılması nəticəsində əvəzi tədarük edilmədən dövlət ehtiyatlarından buraxılması;
1.1.13. dövlət ehtiyatlarının borc verilməsi – analoji malların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq eyni kəmiyyət və keyfiyyətdə qaytarılması şərtilə dövlət ehtiyatlarından buraxılması;
1.1.14. dövlət ehtiyatlarının əvəzləşdirilməsi – texniki normativ hüquqi aktlarda tələblərin dəyişməsi ilə bağlı analoji malların eyni kəmiyyətdə yerləşdirilməsi şərtilə malların dövlət ehtiyatlarından buraxılması;
1.1.15. dövlət ehtiyatları üzrə məsul orqan – strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını, idarə edilməsini və dövlət ehtiyatlarına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.16. dövlət qurumları – dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər;
1.1.17. fövqəladə ehtiyatlar – fövqəladə hadisələrin qarşısını almaq, onların təsirini aradan qaldırmaq və strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində yaradılan ehtiyatlar;
1.1.18. ölkənin istehlak bazarında strateji əhəmiyyətli mallar (bundan sonra – strateji əhəmiyyətli mallar) – ölkənin bir sıra ərzaq malları ilə, yanacaq materialları ilə, tibb və dərman vasitələri ilə təchizatının dayanıqlığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan əhalinin gündəlik istehlak etdiyi həyat əhəmiyyətli malların məcmusu;
1.1.19. strateji ehtiyatlar – əhalinin gündəlik istehlak etdiyi həyati əhəmiyyətli malların təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət artmasının qarşısını almaq məqsədilə yaradılan ehtiyatlar;
1.1.20. səfərbərlik ehtiyatları – müdafiə və səfərbərlik ehtiyaclarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının səfərbərlik hazırlığı çərçivəsində yaradılan ehtiyatlar;
1.1.21. nomenklatura – malların adını, ölçü vahidini və tələb olunan minimal həcmini özündə birləşdirən təsnifat;
1.1.22. məsul saxlayıcı – fövqəladə və səfərbərlik ehtiyatlarını Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı ilə bağlı normativ hüquqi aktlarına, strateji ehtiyatları isə bu Qanuna əsasən saxlamaq vəzifəsi olan hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
Maddə 2. Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət ehtiyatları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.
3.2. Ələt azad iqtisadi zonasında dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 4. Dövlət ehtiyatlarının təyinatı
4.1. Dövlət ehtiyatlarının təyinatı aşağıdakılardır:
4.1.1. strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi;
4.1.2. strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması;
4.1.3. fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi;
4.1.4. humanitar yardımın göstərilməsi.
Maddə 5. Strateji əhəmiyyətli mallar və dövlət ehtiyatlarının nomenklaturası
5.1. Strateji əhəmiyyətli malların siyahısı həmin malların, o cümlədən onların bir hissəsinin ölkə üzrə tələb olunan minimal həcmi də əks olunmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
5.2. Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən strateji əhəmiyyətli malların siyahısındakı həcmlər nəzərə alınmaqla müəyyən edilir.
5.3. Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan nomenklatura üzrə strateji ehtiyatların minimal həcmi dövlət ehtiyatları üzrə məsul orqan, bazar iştirakçıları tərəfindən təmin edilən malların minimal həcmi isə bazar iştirakçıları tərəfindən təmin edilir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə strateji ehtiyatların bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan nomenklaturasında göstərilən minimal həcmindən artıq tədarükü həyata keçirilə bilər.
5.4. Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada məlumat təqdim etməlidirlər.
5.5. Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan nomenklaturadakı minimal həcminin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda dövlət ehtiyatları üzrə məsul orqan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu halların qarşısının alınması istiqamətində təkliflər təqdim edir.
5.6. Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmlər həmin ehtiyatların saxlanılmasını təmin edən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən təmin edilir.
Maddə 6. Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri
6.1. Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.1.1. strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
6.1.2. strateji ehtiyatların və Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində fövqəladə və səfərbərlik ehtiyatlarının tədarükünü, eləcə də təchizatçıların seçilməsini təmin etmək;
6.1.3. strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq;
6.1.4. ölkənin ərzaq balansını tərtib etmək.
Maddə 7. Dövlət qurumlarının dövlət ehtiyatları ilə bağlı fəaliyyəti
7.1. Dövlət qurumlarının dövlət ehtiyatlarının yaradılması və saxlanılması sahəsində vəzifələri aşağıdakılardır:
7.1.1. dövlət ehtiyatları üzrə məsul orqanın müraciəti olduqda dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması üzrə kömək göstərmək;
7.1.2. bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq malların strateji ehtiyatlara tədarükünün həyata keçirilməsinə kömək göstərmək;
7.1.3. Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılmasını və saxlanılmasını təmin etmək.
7.2. Dövlət qurumları bu Qanuna uyğun olaraq dövlət ehtiyatlarından borcalma ilə bağlı dövlət ehtiyatları üzrə məsul orqana müraciət edə bilərlər.
Maddə 8. Dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi
8.1. Dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı xərclər aşağıdakılar hesabına maliyyələşdirilir:
8.1.1. dövlət büdcəsinin vəsaiti;
8.1.2. dövlət ehtiyatlarının buraxılması nəticəsində əldə edilmiş vəsait;
8.1.3. qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait.
2-ci fəsil
DÖVLƏT EHTİYATLARININ TƏDARÜKÜ, YERLƏŞDİRİLMƏSİ, SAXLANILMASI VƏ BURAXILMASI
Maddə 9. Dövlət ehtiyatları üçün malların tədarükü
9.1. Strateji ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində dövlət ehtiyatları üzrə məsul orqan həyata keçirir.
9.2. Fövqəladə ehtiyatlar üçün malların tədarükünü sifarişçi qismində Azərbaycan Respublikasının mülki müdafiə sahəsində normativ hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər, səfərbərlik ehtiyatları üçün malların tədarükünü isə sifarişçi qismində Azərbaycan Respublikasının səfərbərlik hazırlığı sahəsində normativ hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət qurumları və hüquqi şəxslər həyata keçirirlər.
9.3. Dövlət ehtiyatları üçün malların tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
9.4. Dövlət ehtiyatlarına aid olan mallar daşıyıcı olan dövlətə məxsus hüquqi şəxslər tərəfindən, fövqəladə hadisələr və səfərbərlik zamanı isə həmin daşıyıcılarla yanaşı, digər daşıyıcılar tərəfindən növbədənkənar daşınır.
9.5. Dövlət ehtiyatlarına tədarük olunan texniki tənzimləmənin şamil olunduğu mallar texniki normativ hüquqi aktların tələblərinə cavab verməli, habelə həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq uyğunluq sertifikatlarına və ya uyğunluq bəyannamələrinə malik olmalıdırlar.
Maddə 10. Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması
10.1. Strateji ehtiyatlar dövlət ehtiyatları üzrə məsul orqan, habelə məsul saxlayıcılar tərəfindən yerləşdirilir və saxlanılır. Strateji ehtiyatlar məsul saxlayıcı qismində çıxış edən fiziki və hüquqi şəxslərlə dövlət ehtiyatları üzrə məsul orqan arasında bağlanılmış müqavilə əsasında saxlanılır.
10.2. Strateji ehtiyatların saxlanıldığı yerlərin (anbarların) mülkiyyətçisi dəyişdikdə yeni mülkiyyətçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilməklə 12 (on iki) ay ərzində strateji ehtiyatların saxlanılmasını təmin etməlidir. Bu halda dövlət ehtiyatları üzrə məsul orqanla əvvəlki mülkiyyətçi arasında bağlanılmış müqavilənin şərtləri yeni mülkiyyətçiyə şamil edilir.
10.3. Fövqəladə və səfərbərlik ehtiyatları bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş sifarişçilər tərəfindən yerləşdirilir və saxlanılır.
10.4. Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması məsul saxlayıcılar tərəfindən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.
10.5. Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 11. Dövlət ehtiyatlarına aid olan malların buraxılması
11.1. Dövlət ehtiyatlarına aid olan malların buraxılması əsasları aşağıdakılardır:
11.1.1. malların yeniləşdirilməsi;
11.1.2. malların brondan çıxarılması;
11.1.3. malların borc verilməsi;
11.1.4. malların əvəzləşdirilməsi;
11.1.5. bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar.
11.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə dövlət ehtiyatlarının buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
11.3. Strateji ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi dövlət ehtiyatları üzrə məsul orqanın qərarı əsasında həyata keçirilir. Fövqəladə və səfərbərlik ehtiyatlarının yeniləşdirilməsi və əvəzləşdirilməsi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı fövqəladə ehtiyatlar istisna olmaqla) dövlət ehtiyatları üzrə məsul orqana və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməklə məsul saxlayıcılar tərəfindən həyata keçirilir. Dövlət ehtiyatları üzrə məsul orqan saxladığı fövqəladə ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməklə özü həyata keçirir.
11.4. Dövlət ehtiyatları üzrə məsul orqanla bağlanılan müqavilədə başqa hal nəzərdə tutulmadıqda, məsul saxlayıcılar saxladıqları strateji ehtiyatların yeniləşdirilməsini və əvəzləşdirilməsini haqqı ödənilməklə həyata keçirirlər.
11.5. Dövlət ehtiyatlarının borc verilməsi dövlət qurumlarının dövlət ehtiyatları üzrə məsul orqana müraciəti əsasında həyata keçirilir. Dövlət ehtiyatlarının borc verilməsinə dair qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən qəbul edilir.
11.6. Borc götürülən malın həcmi həmin malın dövlət ehtiyatındakı ümumi həcminin 30 faizindən, borc müddəti isə 12 (on iki) aydan çox ola bilməz.
11.7. Strateji ehtiyatların brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
11.8. Fövqəladə və səfərbərlik ehtiyatlarının brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Dövlət qurumları və hüquqi şəxslər dövlət ehtiyatları üzrə məsul orqana brondan çıxarılan mallar barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 (bir) ay müddətində təqdim etməlidirlər.
11.9. Brondan çıxarılan mallar yeniləşdirilə və dəyişdirilə bilməz.
11.10. Bu Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrində göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir.
11.11. Bu Qanunun 4.1.3-cü və 4.1.4-cü maddələrində göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması dövlət ehtiyatları üzrə məsul orqanın rəyi (dövlət ehtiyatları üzrə məsul orqanın saxladığı dövlət ehtiyatlarına aid olan mallar istisna olmaqla) nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə həyata keçirilir. Bu məqsədlə dövlət ehtiyatlarına aid olan malları buraxan məsul saxlayıcılar dövlət ehtiyatları üzrə məsul orqana bu barədə məlumatı (malların adı, ölçü vahidi və həcmi) ən geci 1 (bir) ay müddətində təqdim etməlidirlər.
3-cü fəsil
HESABATLILIQ, UÇOT VƏ NƏZARƏT
Maddə 12. Dövlət ehtiyatlarına aid olan malların uçotu, bu sahədə hesabatlılıq və nəzarət
12.1. Dövlət ehtiyatları üzrə məsul orqan dövlət ehtiyatlarının mövcudluğuna, keyfiyyətinə və saxlanma şəraitinə nəzarət edir və onların uçotunu aparır. Dövlət ehtiyatlarına aid olan malların uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.2. Məsul saxlayıcılar saxladıqları dövlət ehtiyatlarının sayının (həcminin), keyfiyyətinin, eləcə də saxlanma şəraitinin qanunla müəyyən olunmuş tələblərə uyğun olmasına görə cavabdehdirlər.
12.3. Dövlət ehtiyatları üzrə məsul orqanın müvafiq səlahiyyətli nümayəndələri nəzarətin həyata keçirilməsi üçün dövlət ehtiyatlarının saxlanıldığı yerlərə baxış keçirə bilərlər.
12.4. Məsul saxlayıcılar saxladıqları dövlət ehtiyatlarına aid olan mallar barədə illik hesabatı bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun dövlət ehtiyatları üzrə məsul orqana təqdim etməlidirlər.
12.5. Dövlət ehtiyatları üzrə məsul orqan dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada illik hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
12.6. Dövlət ehtiyatlarında malların tədarükü, yerləşdirilməsi, saxlanılması, buraxılması və sayının (həcminin) ölçülməsi zamanı tətbiq edilən nəzarət ölçmə vasitələri “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipin təsdiqi barədə müvafiq sertifikatlara və yoxlamadan keçirilmələrinə dair sənədlərə malik olmalıdır.
4-cü fəsil
YEKUN MÜDDƏALAR
Maddə 13. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Maddə 14. Keçid müddəa
Bu Qanunun 1.1.1-ci və 1.1.14-cü maddələrində nəzərdə tutulan texniki normativ hüquqi aktlar qüvvəyə minənədək texniki normativ hüquqi aktların əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair tələbləri, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.