Antiterror tədbirləri qaçılmaz idi

Qarabağda döyüşlər 19 sentyabr 2023-cü ildə səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri əsrlərlə yaşı olan erməni yalanlarını və layihələrini 24 saatdan az müddətdə darmadağın edərək tarixin tozlu səhifələri arasında layiqli olduğu yerə göndərdi. Əməliyyat nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda erməni separatizminin kökünü demək olar ki, kəsdi və özünün söz sahibi mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Qarabağ münaqişəsinin bitdiyini elan etdi və qalan məsələlərin həllinə siyasi yollarla davam edəcəyini bilirdi. Müharibənin başa çatdığı ilk aylarda Ermənistan bütün öhdəliklərini icra etməyə hazır olduğunu bildirsə də, sonradan bir az özünə gələn kimi sözünə əməl etmədi. 
Həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmasından boyun qaçıraraq, 10 min nəfərlik silahlı birləşmələri ərazilərimizdə saxladı. Laçın yolu ilə hərəkət sərbəst olan vaxt Ermənistan qeyri-qanuni dəstələrini silahlarla təchiz edir və ərazilərimizin minalanması üçün 2021-ci il istehsalı olan minaları ölkəmizə daşıyırdı. Azərbaycan Ermənistanın bu düşmən davranışları ilə bağlı sülhməramlıları və beynəlxalq ictimaiyyəti dəfələrlə məlumatlandırsa da, bu barədə heç bir tədbir görülmədi. Cəzasızlıq mühitindən ruhlanan Ermənistan və separatçılar revanşizm şüarları səsləndirərək statusla bağlı məsələni yenidən gündəmə gətirməyə cəhd etdilər. Hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına töhfə verəcəyini deyərək təşəbbüs göstərən Qərb də erməni lobbisinin girovuna çevrilərək sözü üstündə durmadı. Azərbaycan Prezidenti müharibə başa çatanda Qarabağdakı ermənilərə statusun verilməsi ilə bağlı məsələnin cəhənnəmə göndərildiyini bəyan etmişdi. Amma separatçılar bundan nəticə çıxarmadılar və mütəmadi olaraq təxribatlara əl atdılar. Son bir ayda Qarabağdakı qanunsuz hərbi birləşmələrin təxribatları intensivləşdi. Beləliklə, sentyabrın 19-da erməni diversiya qrupu Füzuli-Əhmədbəyli-Şuşa yolunu yenidən minalanması nəticəsində polis və yol tikinti şirkətinin əməkdaşları həlak oldular və yaralandılar. Bu, artıq son olmalı idi. Baş verən bütün erməni təxribatları Azərbaycan Ordusunu lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur etdi. İyirmi dörd saatadək davam edən tədbirlər nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarının döyüş mövqeləri dağıdıldı və separatçılar ağ bayraq qaldırmağına məcbur oldular.
Azərbaycanın apardığı antiterror tədbirləri lokal xarakterli idi və Ordumuzun qarşısına mülki obyektlərə, insanlara zərər yetirilməməsi vəzifəsi qoyulmuşdu. Qarabağın relyefi dağlıq olduğundan və qeyri-qanuni erməni silahlıları uzun müddət yüksəkliklərdə möhkəmləndiyindən antiterror tədbirlərinin aparılması heç də asan məsələ deyildi. Ordumuz verilən tapşırığa əsasən ancaq legitim hərbi hədəfləri zərərsizləşdirdi və bu, humanistliyə görə dünyada aparılan ən nümunəvi antiterror tədbiri olaraq tarixə düşdü. Lokal antiterror tədbirlərinin yüksək dəqiqliklə aparılmasına Ordumuzun peşəkarlığı və müasir silahları idarə etmək bacarığı sayəsində nail olundu. Beləliklə, ərazilərimizdə “qarayara” kimi qalmış separatçıların yuvasını darmadağın etməklə Azərbaycan yeni uğur hekayəsini yazmış oldu.Lokal xarakterli antiterror tədbirləri müddətində Ermənistan media qurumları feyk məlumatlardan istifadə etməklə Azərbaycan Ordusunun mülki insanları hədəf aldığı ilə bağlı dezinformasiyalar yaymağa başladılar. Azərbaycan Ordusunun qurduğu düzgün döyüş taktikası separatçıların bütün cəhdlərini iflasa uğratdı.
Müharibənin başa çatdığı üç il ərzində Azərbaycan Silahlı Qüvvələri müharibəni bir daha təhlil etdi və buraxılmış səhvlər üzərində işləyərək daha da mükəmməlləşdi. Ona görə də 10 mindən çox silahlı olan bir ərazini 24 saata yaxın müddətdə nəzarətə götürə bildi. Sentyabrın 19-20-də Qarabağda aparılan lokal antiterror tədbirləri ilə Azərbaycan Ordusu dünyanın ən güclü ordularından olduğunu bir daha sübut etdi. Azərbaycan bir daha göstərdi ki, Cənubi Qafqazda söz sahibi olan ölkədir və onun suverenliyinə təhdid ola biləcək istənilən amili zərərsizləşdirmək iqtidarındadır.

Şahin Seyidov

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti