Gürcüstan baş nazirinin müavini: “Salome Zurabişvili artıq inqilabçılığa keçib”



“2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, Gürcüstan prezidenti Salome Zurabişvili inqilabi fəaliyyətini qızışdırıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu yerli “İmedi” telekanalının canlı efirində Gürcüstan baş nazirinin müavini Tea Tsulukiani deyib.

“Onun artıq bizi təəccübləndirəcək heç nəyi yoxdur. Belə görünür ki, prezident inqilabi proseslərdə daha çox iştirak edəcək. Seçkilər yaxınlaşdıqca anlayırıq ki, seçkilərin faktiki nəticəsindən asılı olmayaraq, sabitliyin pozulması zəruridir. Onlar özlərinə başqa gələcək görmürlər”,-deyə Tsulukiani bildirib.

Tsulukianinin fikrincə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası daha diqqətli olmalıdır.

“Biz  çoxluğu əldə etmək üçün mübarizə aparırıq (bunun üçün bütün arqumentlərimiz və hüquqi əsaslarımız var). Onlar (müxalifəti nəzərdə tutur-red.) sabitliyin pozulması və xaos üçün mübarizə aparırlar. O zaman insanlar vətən üçün nəyin yaxşı olduğunu qiymətləndirəcəklər”, - deyə Gürcüstan rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Seçki Məcəlləsinə edilən düzəlişlərə veto qoyub.

Parlamentin təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadzenin sözlərinə görə, prezidentin veto qoyması onun “radikal qruplaşmalarda” iştirakını bir daha təsdiqləyib.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti