“Bu seçki ölüm-dirim məsələsidir” - DEPUTAT AZƏR SÜLEYMANOV

“Bu seçki ölüm-dirim məsələsidir” - DEPUTAT AZƏR SÜLEYMANOV

 

 "İkinci turda Qrioqol Vaşadze 100 faiz qələbə çalacaq”

"Bütün Azərbaycan kəndləri Saakaşvilini, 5 nömrəni dəstəkləyir”

"Bu gün Avropada Qriqol Vaşadzeni seçkini qazanmış prezident kimi qarşılayırlar”

Gürcüstanda dekabrın 2-də keçiriləcək prezident seçkilərinin ikinci turu böyük diqqətlə izlənilir. Çünki birinci turda hakim "Gürcü arzusu” Partiyasının namizədi Salome Zurabişvilinin "Güc birlikdədir” koalisiyasının namizədi olan Qriqol Vaşadzedən cəmi 1% artıq səs toplaması Gürcüstan prezidenti olmaq istəyən hər iki namizədə eyni şansı yaradır. Bu baxımdan, ikinci tura hazırlıq gərgin mübarizə şəraitində keçir.

Birinci turda Salome Zurabişvilinin müstəqil namizəd kimi seçki qərargahı yaradılsa da, artıq "Gürcü arzusu” xanım namizədin seçki qərargahına dəstək qərargahı yaradıb. Yəni hakimiyyət var gücü ilə seçkidə Salome Zurabişvilinin prezident olmasına çalışır.

Görəsən, "Gürcü arzusu” Partiyasının Salome Zurabişvilinin seçki qərargahına dəstək qərargahı yaratması seçkilərin nəticələrinə necə təsir edəcək? Bu və digər suallara cavab almaq üçün Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanovla söhbətləşdik.

"Qriqol Vaşadze Gürcüstanın prezidentidir və…”

- Mən sizə açıq deyə bilərəm ki, "Gürcü arzusu” elə birinci turda məğlub oldu. Qriqol Vaşadzenin səsləri 50 faizi keçmişdi. Çox yerlərdə bizim səslərimiz gizlədildi və bizim həddindən artıq bülletenimiz sayılmadı. Buna baxmayaraq, artıq Gürcüstan əhalisi sözünü dedi. Dövlətin namizədi, yəni Salome Zurabişvili müstəqil namizəd olsa belə, İvanaşvilinin pulu ilə seçki kampaniyası aparır, hakimiyyət dəstək verir və konkret olaraq "Gürcü arzusu” Partiyasının namizədidir. Buna baxmayaraq Qriqol Vaşadze ondan rəsmi olaraq cəmi 1 faiz z səs topladı. Bu, "Gürcü arzusu” Partiyasının məğlubiyyəti deməkdir.

Artıq seçkilərdə şantaj yolu tutulub. Amma İvanişvilinin varına-dövlətinə baxmayaraq, heç kim onun qorxusundan, şantajından geri çəkiləsi deyil. Artıq Qriqol Vaşadze ikinsi turda qələbə çalacaq. Qriqol Vaşadze Gürcüstanın prezidentidir və bununla da Gürcüstanda yeni bir inkişaf dalğası başlayacaq. Hər kəs bilir ki, Salome Zurabişvili seçilsə də, Bidzina İvanişvili "president” olacaq. Gürcüstan onun əlində oyuncağa çevriləcək və ölkə inkişafdan dayancaq. Ona görə də ikinc turda Qriqol Vaşadze 100 faiz qələbə çalacaq.

"Gürcüstan əhalisi İvanişvilinin nağıllarına inanmır”

-"Gürcü arzusu” Partiyasının deputatı Mahir Dərziyev ikinci turda onların namizədinin xeyli səs fərqi ilə oppenentə, yəni Vaşadzeyə qalib gələcəyinə əmindir. Siz necə düşünürsünüz?

- Biz Mahir Dərziyevlə kolleqayıq, ikimiz də azərbaycanlıyıq. Mahir Dərziyev yaxşı bilir ki, onlar bu seçkini uduzdular. Gürcüstan əhalisi İvanişvilinin nağıllarına inanmır. Yəqin Mahir Dərziyev öz dediklərinə belə inanmır. Sadəcə özlərinə yarınır. Amma reallıq tam başqadır. İndi biz görüşdən gəlirik, Ağammədli kəndində olduq və birbaşa monitorla Saakaşvili ilə danışdıq. Bütün Azərbaycan kəndləri Saakaşvilini, 5 nömrəni dəstəkləyir. Mahir Dərziyev desin ki, 6 ildə Gürcüstan üçün nə iş görüblər? Gürcüstanın inkişafını dayandırıblar. Ona görə də Mahir Dərziyevin də, başqalarının da dedikləri boş şeylərdir. Reallıq Saakaşvilinin qayıtmasıdır və Qriqol Vaşadzenin seçilməsidir.

-Yeri gəlmişkən, azərbaycanlı həmkarınız onu da deyir ki, müxalifətin məqsədi xalqı küçəyə tökmək, cəmiyyətdə qarşıdurma yaratmaq, vəziyyəti gərginləşdirmək və sonra növbədənkənar parlament tələbi ortaya qoymaqdır, buna isə iqtidar, hüquq mühafizə orqanları imkan verməyəcək. Sizcə, iqtidar xalqın iradəsini qıra biləcək?

- Mənim kolleqamın açıqlamasından görünür ki, onlar qorxu hissləri keçirirlər. Onlar düşünürlər ki, repressiya olacaq. Onlar boş şeylərdir, heç bir repressiya olası deyil. Görünür ki, onların çox böyük qorxu hissləri var. Gürcüstanda camaat 6 ildir krizis keçirir. Camaatdan 1 il vaxt istəyiblər. Artıq o vaxt da onların əleyhinədir. Çünki camaat "Gürcü arzusu”nun əleyhinədir. Biz Gürcüstan əhalisinə inkişaf söz vermişik və hər bir insan görür ki, "Gürcü arzusu” Partiyası heç bir şey etmədi. Amma bizdən əvvəl dağılmış, sökülmüş dövləti bizim vaxtımızda inkişaf etmiş Avropa dövlətinə çevirdik. İnsanlar boş nağıllara inanmır. Nə Mahir Dərziyev, nə də onun sədri özləri özlərinin dediklərinə belə inanmırlar. Ən əsas budur ki, əhali artıq onlara inanmır. Əhali tərəfindən onlar artıq "qırmızı kart” aldı. Onlar Gürcüstanın tarixində belə, qalmayacaqlar. Qalsalar da, ən uğursuz, ən kriminal hokumət kim qalacaqlar və başçıları ilə bir yerdə.

"Bu parlament Gürcüstan tarixində ən uğursuz parlamentdir”

- Siz mətbuata açıqlamanızda prezident seçkilərindən dərhal sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda açıqlama vermisiniz. Mahir müəllim isə deyir ki, mövcud Konstitusiyaya görə, ölkə prezidentinin parlamenti buraxmaq imkanı yoxdur…

-Mahir Dərziyevgil özlərini çox arxayın salmasınlar. Xalqın istəyinə qarşı heç kim heç nə edə bilməyəcək. Qriqol Vaşadze prezident olandan sonra, yeni ildən sonra 100 minlərlə insan ən uğursuz, kriminallar yığılmış parlamenti dağıdacaqlar. Əhalinin istəyi ilə növbədənkənar parlament seçkləri keçiriləcək. Bu parlament Gürcüstan tarixində ən uğursuz parlamentdir. Xalq üçün heç nə etməyib. Belə bir parlamentin qalması hec cür mümkün deyil. Bunu Mahir Dərziyev də, başqaları da çox gözəl bilirlər. Əgər prezident Qriqol Vaşadze olsa, elə, ya belə parlament seçkləri keçiriləcək. Parlament öz özünə qurulmayıb, xalqın istəyi ilə qurulub, xalqın istəyi ilə də dəyişəcək.

-Vahid Milli Hərəkat Partiyasının seçkidə qalib gəlmək üçün yetərincə resurslarının olmadığını, 15-20% civarında elektoratının olduğunu söyləyənlərə nə cavab verərdiniz?

-Yekə bir gözlük taxsınlar. Səsimizi nə qədər çapdılar. Dövlətin namizədi Salome Zurabişvili ilə bir yerdə 38%-ə qədər səs yığmışıq. Kimin gözündə problemi varsa, ya eşitmə qabiliyyəti azalıbsa, bu, Milli Hərəkat Partiyasının problemi deyil.

- İddia olunur ki, çoxalrına sadə görünən prezident seçkilərindən ölkə üçün dəhşətli nəticələr doğa bilər. Sizcə, seçkidən sonra Gürcüstan üçün təhlükə yarana bilər?

- Milli Hərəkat Partiyasının heç bir üzvünün məqsədi o deyil ki, doğma vətənimizdə, dövlətimizdə qarşıdurma yaransın. Artıq bütün dünya anlayır ki, bu gün Gürcüstan kriminal "Gürcü arzusu”ndan canını qurtarmalıdır. Milli Hərəkat Partiyası inqilab yolu ilə deyil, seçki yolu ilə hakimiyyətə gəlmək istəyir. Biz seçkidə qalib gəlsək, heç bir problem olmayacaq. Bu şansı nə Zurabişvilyə, nə İvanişviliyə, nə də başqa birilərinə verməyəcəyik.

"1 il ərzində pensiyaları 400 lariyə qaldırmağa hazırıq”

-Gürcüstanda prezident institunun o qədər də önəmli olmadığı, prezidentin pensiyaları nəinki 400 lari, 4 qəpik də artıra bilmək səlahiyyəti olmadığı deyilir. O baxımdan, namizədlərin pensiyaçılara verdiyi bu vədlərin gülüşlə qarşılandığı da qeyd olunur...

-Prezident institunu "Gürcü arzusu” Partiyası önəmsiz etdi. Hər şey İvanişviliyə tabe oldu. Bizim namizəd heç vaxt demir ki, mən gələn kmi pensiyalar 400 lari olacaq, biz, yəni Milli Hərəkat Partiyası hakimiyyətə gələn kimi olacaq. Bəziləri çaşmasınlar, insanlara boş vədlər verməsinlər. Biz heç vaxt deməmişik ki, prezident gələndə, biz gələndə... "Güc birlikdədir” koalisiyası gələndə demişik. "Güc birlikdədir” koalisiyası 11 partiyadan ibarətdir və başqa partiyalar da bizə qoşulur. "Gürcü arzusu” Partiyasını evlərinə göndərəndən, yenidən dövləti toplayandan sonra qısa bir vaxtda, 1 il ərzində pensiyaları 400 lariyə qaldırmağa hazırıq.

-Belə iddialar da var ki, Vaşadzenin dediyi kimi, seçkilər 20-25 faiz saxtalaşdırılsaydı, "Gürcü arzusu” qalib gələrdi. Siz necə düşünürsünüz?

- Dünən (ötən həftə - red.) "Gürcü aruzusu” tərəfindən bir replika oldu. Dedilər, Milli Hərəkat Partiyası seçkiləri saxtalaşdırıb. Ay bədbəxtlər, əgər müxalifət seçkiləri saxtalaşdırırsa, siz necə dövlətsiniz? Bizim nə qədər səsimizi apardılar. Bu gün onlar yalnız provakasiya ilə məşğuldurlar. Mahir Dərziyevin özü heç seçkilərdə görünmür. Yəqin özü də 5 nömrəyə səs verdi. Özü də bilir ki, uşaqlarının gələcəyi yalnız Milli Hərəkat Partiyası ilə bağlıdır. Bilir ki, "Gürcü arzusu” kriminal bir bandadır.

-İkinci turda seçkilərin şəffaf keçəcəyinə ümid edirsinizmi?

-Bizim artıq bu dövlətə heç bir ümidimiz yoxdur. Bu seçki ölüm-dirim məsələsidir. İvanişvili yavaş-yavaş gərək çantalarını toplaya. Çünki artıq Gürcüstan əhalisi İvanişviliyə "yox” dedi. Mən inanmıram ki, "Gürcü arzusu” Partiyası seçkidə qalib olsun. Mən sizi əmin edə bilərəm ki, "Gürcü arzusu” dövləti təhvil verəcək. Necə ki, 2012-ci ildə biz dolu büdcə ilə təhvil verdik. Amma biz bunlardan boş büdcəni təhvil alıb, ümidsiz insanları ümid verməyə, büdcəni doldurmağa gəlirik.

-Seçkilərin şəffaf keçiriləcəyinə ümid etmədiynizi dediniz. Belə olan halda Vaşadzenin qalib gəlməsi necə mümkün olacaq?

-Yəni dövlətə ümid etmirik, amma hər bir səsimizi özümüz qoruyacağıq. Xalqın səsinə qarşı nə İvanişvili, nə də partiyası dayana bilər.

-Bir neçə gün öncə Tiblisidə "Mişaya yox” adlı aksiyalar keçirilirdi. Bu aksiyalar hakimiyyət tərəfindən hazırlanır?

-Açıq deyim ki, Mişa 2007-ci ilin noyabrında aksiyaları dağıtmışdı. Onun 10 ili 1 il bundan qabaq idi. Bu gün çox təəssüflər olsun ki, Bidzina İvanişvili qorxusundan 11 illiyini qeyd etməyə başladı. 10 ilində belə dillənmədi. Aksiyada 500-600 adam var idi. Keçmiş mafiozlar, kriminallar və İvanişvilinin adamları idi. Onlar Gürcüstanın heç 0 tam 0 da neçə faizi də deyil. Yəni biz onlara görə dayanmacağıq və heç vaxt Gürcüstanı inkişafdan saxlamayacağıq.

-Hazırda Gürcüstanda müxalifət tərəfdarları təzyiqlərə, təqbilərə məruz qalırmı?

-Faktlar həddindən artıq çoxdur. Sayı-hesabı yoxdur. Ona baxmayaraq bizim əyləşmək niyyətimiz yoxdur. Bir neçə gündən sonra "Gürcü arzusu” tarixə belə düşməyəcək. Onu mən sizə söz verə bilərəm.

-Hazırda "Güc birlikdədir” koalisiyasına Gürcüstanın digər bölgələrində münasibət necədir?

-Mən Vaşadze ilə azərbyacanlılar yaşayan kəndlərə gedirəm. İnandırım sizi, "Gürcü arzusu” insanlara nə qədər pul payladılar, hədiyyələr verdilər, buna baxmayaraq insanlar bezib... Gürcüstanda inkişaf dayanıb.

-Vahid Milli Hərəkat Partiyasının ikinci tura hazırlıq işləri necə gedir?

-Bildiyiniz kimi, Qriqol Vaşadze Helsinkidədir(ötən həftə - red.). Orada Almaniya kansleri Angela Merkel və digər Avropa lideləri ilə görüşdü. Mixail Saakaşvili də oradadır. Digər müxalifət pariyalarından, "Avropa Gürcüstanı” Partiyasından da gedənlər var. Yəni dünən bizə daş atanlar hamısı bizimlə bərabərdirlər. Bu gün Avropada Qriqol Vaşadzeni seçkini qazanmış prezident kimi qarşılayırlar.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti