8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Ralf Horlemann nümayəndə heyətinin adından İlham Əliyevin yenidən Prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi. Səfir qeyd etdi ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.O dedi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Səfir vurğuladı ki, Azərbaycan Prezidentinin də inauqurasiya nitqində dediyi kimi iqtisadi, o cümlədən enerji sahəsində transformasiya məsələlərinin gündəlikdə durması əməkdaşlıq üçün böyük imkanlar yaradır. Xüsusi olaraq vurğuladı ki, Almaniya biznes dairələri və şirkətləri bu gündəliyə böyük töhfələrini verməyə hazırdır. Böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi. “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?! Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Almaniyanın ölkəmizdəki səfiri verilən məlumatlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və qeyd etdi ki, həqiqətən ölkəmiz haqqında təəssüratlara malik olmaq üçün buradakı prosesləri öz gözləri ilə görmək vacibdir və elə nümayəndə heyətinin səfərinin məqsədlərindən biri də bundan ibarətdir.Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirdi və buna görə minnətdarlığını ifadə etdi. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq şirkətin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq, Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirdi. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd etdi ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təranə Qəhrəmanova
Suraxanı rayonu, 290 sayli tam orta məktəbin tarix müəllimi
Sozcu.info