Yaşıl həyat naminə Azərbaycanın mövqeyi sarsılmazdır

Möhtərəm Prezidentimiz İlham Əliyevin 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı böyük sevgi və ehtiramla qarşılandı. Dünya ictimaiyyətinin diqqət mərkəzində olan Azərbaycan növbəti mötəbər bir konfransa ev sahibliyi etmək üçün 80000 insanı qəbul etməyə hazırlaşır. Dünyaya səs salacaq bu beynəlxalq tədbirdə dövlətlərin imicinin, iştirakçıların sabitliyinin, təhlükəsizliyinin qorunması da önəm kəsb edir.
Od ürəkli, od nəfəsli diyarım ev sahibliyi etdiyi bütün tədbirlərdə, hətta müharibə şəraitində belə təxribat,xoşagəlməz insidentlərə yol verməmişdir. Buna görə də dünya dövlətləri, hətta dost olmayan ölkələr belə dövlətimizlə hesablaşır, ciddi tədbirlərin Azərbaycanda keçirilməsinə qarşı çıxa bilmir.
İqlim dəyişikliyi ilə bağlı məsələ dünya dövlətlərini bir araya gətirmişdir. BMT-nin Baş Katibinin  də iştirak edəcəyi bu tədbir kifayət dərəcədə önəm kəsb edir. Bu onu göstərir ki,dünyanın nəbzi Azərbaycanda döyünəcək.
İşğal dövründə tamamilə dağıdılmış ərazilərdə yenidənqurma işlərinə başlayan Azərbaycan ciddi, kütləvi tədbirlərdə də ev sahibliyi etməkdən məmnunluq duyur. Viran qoyulmuş torpaqlarımızda yenidənqurma işləri sürətlə davam edir. Azərbaycanın göz oxşayan, dilbər guşələrinə həyat yenidən qayıdır, yollar çəkilir, evlər tikilir, infrastuktur yenidən qurulur. Öz yurd-yuvasından didərgin düşmüş yerli sakinlər öz doğma ata-baba ocağına qayıtmağın xoşbəxtliyini yaşamağa başlayırlar.
Cəbrayılda, Qubadlıda, Zəngilanda, LaçındaAğdamda,Kəlbəcərdə, Şuşada və onun ətraf kəndlərində böyük abadlıq işləri aparılır. Laçının, Kəlbəcərin, Ağdamın, Qazaxın 4 kəndinin heç bir güllə atılmadan, siyasi vasitələrlə geri qaytarılması Azərbaycanın siyasi iradəsinin, gücünün ifadəsidir. 
Avrasiya İqtisadi İttifaqının bütün ciddi tədbirlərinə dəvət almış və bu tədbirlərdə fəal iştirak etmiş dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avrasiya dövlətləri ilə sıx əməkdaşlıq münasibətləri qurmaq tərəfdarıdır. Ermənistan bu sahədə istisnalıq təşkil etsə də, ona sülh üçün dəfələrlə müraciət edilsə də, müraciətə müsbət cavab alınmamışdır. Azərbaycan isə sülh və əməkdaşlıq sahəsində öz mövqeyindən çəkilmək niyyətindən tamamilə uzaqdır. Azərbaycan nəinki siyasi sahədə, iqtisadi sahədə də böyük uğurlara imza atmış,aparıcı dövlətlər sırasında önəmli yerlərdən birini tutmuşdur.Almaniya ilə əməkdaşlığımız, beynəlxalq tədbirlərdə birgə iştirakımız yaxşı məcrada inkişaf edir. İkitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən İlham Əliyev əməkdaşlıq,sərmayə qoyuluşu, dövlət strukturları ilə müqavilələrin bağlanması ilə bağlı planlardan da söz açdı. Azərbaycanda son illərdə baş verən müsbət dəyişikliklər, iqtisadi, mədəni,siyasi həyatında atılan nəhəng addımlar, yaşıl enerji zonalarının yaradılması, ağıllı şəhər və kəndlərin qurulması-bütün bunlar Ulu öndərimizin təbirincə desək, ”Azərbaycanın dünyaya günəş kimi doğacağına” işarədir.
Müharibə təhlükəsinin aradan qaldırılması, sülh münaqişələrinin həll olunması, sülh danışıqlarında irəliləyişlərə nail olunması, COP29-un Azərbaycanda keçirilməsi bunu deməyə əsas verir ki, vətənimizlə hesablaşırlar, onunla razılığa gəlməyə çalışırlar. Bu isə böyük uğurumuzdan xəbər verir.
Ermənistanla sülh sazişinin imzalanması regionda sabitliyə, təhlükəsizliyə təminat verər. Cənubi Qafqazda müharibə təhlükəsinin aradan qaldırılması ancaq sülh yolu ilə mümkündür. Sülhün bərqərar olması hər iki dövlət üçün əhəmiyyət kəsb edir. Sülh danışıqlarının digər dövlətlərin vasitəçiliyi olmadan da yerinə yetirilə biləcək olmasını diqqətə çəkən ölkə başçısı bu çıxışı ilə dünyaya mesaj ünvanladı.
Ekoloji məsələlərlə bağlı dünyanı sarsıdan problemlərə münasibətində isə dövlət başçımız Azərbaycanın da bu sahədə rolunu qeyd etdi. Kür çayında suyun səviyyəsinin azalması, Xəzər dənizinin suyunun geri çəkilməsi ciddi problemlər yaradır. Ətraf mühitin çirklənməsinin qarşısının alınması, mühafizəsi ümdə məsələlərdən biridir.
Neft ölkəsi olması Azərbaycanı yaşıl enerji layihələrini inkişaf etdirməkdən geri qoymur, əksinə neft resurslarından ölkənin inkişafı, yoxsulluğun aradan qaldırılması, yaşıl enerji üçün istifadə edilir.
Çin-Azərbaycan münasibətlərinə aydınlıq gətirən İlham Əliyev Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini,əməkdaşlıq və tərəfdaşlıq şəraitində irəlilədiyini ön plana çəkdi.
Azərbaycan Prezidenti Beynəlxalq Forumda Zəngəzur dəhlizi ilə əlaqədar danışanda da bildirdi ki, bu ixrac imkanlarımızın artırılmasına güclü təkan verəcəkdir. Avropanı Asiya ilə birləşdirəcək bu yol dövlətlərin sıx əməkdaşlıq etməsinə geniş üfüqlər açacaqdır. Bu, Azərbaycanı qorxurtmursa, başqa dövlətlərin də bundan qorxmasına səbəb yoxdur. Bu yol Azərbaycan ilə Naxçıvan arasında nəqliyyat əlaqəsidir. Bu həm də dövlətlər arasında müsbət mənada münasibətlərin qurulmasına təkan verən bir yoldur.Azərbaycan öz ərazisinin bütövlüyünü bərqərar edən,təhlükəsiz şəraitdə dövlətini, həyat tərzini qorumağa qadir olan bir dövlət olduğunu bütün dünyaya sübut etdi.Azərbaycan sübut etdi ki, iki sivilizasiyanın, yəni İslam və Avropa sivilizasiyasını özündə birləşdirməyə qadir olan dünyəvi bir dövlətdir. Dünyaya sülh, əmin-amanlıq, xalqlara azadlıq, millətlərə dostluq, əməkdaşlıq arzu edən Azərbaycan sülh carçısıdır, sülh tərəfdarıdır. Müharibəsiz, sakit, yaşıldünya tərəfdarıdır. Bütün dünya dövlətlərini də “Yaşıl Dünya” naminə birliyə səsləyir.

Dilarə Əsgərova

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti