8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qırğız Respublikasının Prezidenti Sadır Japarov 24 aprel 2024-cü il tarixində ölkəmizə səfərə gəlmişdir. Səfər çərçivəsində bir sıra görüşlər keçirən Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatda ölkələrimiz arasında münasibətlərə toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini o cümlədən də Qirgızıstan Respublikasını xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.Əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Çox sevindirici haldir ki, birgə sərmayə fondları yaradılıb və Mərkəzi Asiya ölkələri ilə sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük. Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır. Azərbaycanın həm Mərkəzi Asiyada, həm türk dünyasının digər ölkələri ilə əlaqələri sürətlə inkişaf etməkdədir. Xüsusilə də Mərkəzi Asiya ilə son illər ticarət əlaqələrimizdə dəfələrlə artım müşahidə olunur. Bu, ciddi bir amildir. Həm Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinə, eyni zamanda həmin ölkələrin prezidentlərinin Azərbaycana çoxsaylı səfərlərini nəzərə alsaq, bu, o deməkdir ki, tərəflər bu istiqamətdə ciddi əməkdaşlığın tərəfindədirlər. Təsadüfi deyil ki, məhz bu əməkdaşlığın inkişafının əsas göstəricilərindən biri də Türk Dövlətləri Təşkilatının yaranması oldu.Gələcək dünya düzənində Türk Dövlətləri Təşkilatı önəmli,qlobal təşkilatlardan biri olacaq. Heç də təsadüfi deyil ki, məhz işğaldan azad edilmiş ərazilərə səfər edən dövlət başçıları da məhz türk dövlətlərinin rəhbərləridir. Türkiyə, Qazaxıstan, Özbəkistan və bu gün də Qırğızıstan prezidentləri işğaldan azad edilmiş ərazilərə səfər etdilər və bu ərazilərdə öz töhfələrini verməkdədirlər. Bu ərazilərdə məktəb, yaradıcılıq mərkəzləri tikərək Azərbaycan vətəndaşlarına hədiyyə edirlər ki, biz bunları çox yüksək qiymətləndiririk. Təbii ki, proses geridönməz xarakter alıb və türk dünyasını təmsil edən dövlətlər bu inteqrasiyada maraqlıdırlar. Burada həm dövlətlərin özlərinin maraqları, həm də geopolitik maraqlar əsas təşkil edir. Nəzərə alaq ki, həm Mərkəzi Asiya, həm də Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz dünyanın əsas kommunikasiya xətlərinin üzərində yerləşir və Orta Dəhliz məhz bu ərazilərdən keçir.
Azərbaycan artıq qardaş Mərkəzi Asiya dövlətləri ilə ortaq kommunikasiya dəhlizləri layihələrini icra etməkdədir. Bunun bir nümunəsinin də Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı şahidi olduq. Bu baxımdan, təbii ki, atılan addımlar və həyata keçirlən siyasət türk dünyasının inteqrasiyasının güclənməsinə yönəlib. Məhz bu, hər birimizin maraqlarına uyğundur. Yuxarıda qeyd edildiyi kimi, Türk Dövlətləri Təşkilatı gələcək dünya düzənində qlobal təşkilatlardan biri olaraq rol almaq niyyətindədir və bu, çox real görünür. Həm əhalinin sayı, həm yerləşdiyi coğrafi mövqeyi, ərazinin böyüklüyü, yeraltı və yerüstü zənginliklərinə görə bupotesial mövcuddur. Hər bir Türk dövləti ilə qurulan əlaqələr səmimi və dostluq əlaqələridir. Bu əlaqələr xalqların daha da yaxınlaşamsına xidmət edəcək. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan son illər Türk dövlətlərinin yaxınlaşmasına həm regional kontekstdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində böyük töhfə verir.
Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Sozcu.info