Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür

Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.

 Dövlət başçısı deyib ki, mövcud olan güc mərkəzləri böhran içindədir:

"Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir".

 Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkərək qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd etməsi və buna görə də Azərbaycanın bu günlərdə katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirməsi xüsisi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Şuşada imzalanan Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini əminliklə vurğulayıb.

 Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğuna diqqət çəkən Prezident İlham Əliyev bu abadlıq-quruculuq işlərinə türkdilli ölkələrin də töhfə verdiyini vurğulayıb. Türkiyə Prezidentinin Şuşaya, Füzuliyə, Zəngilana və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşaya və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuliyə və Ağdama səfərlər etdiklərini xatırladan dövlətimizin başçısı, həmçinin qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürünü çatdırıb.
Bu tədbirlərin keçirilməsi qətiyyətli və uzaqgörən Lider kimi böyük nüfuz qazanan Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycan ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələri ilə diqqətdədir.
Gülnarə Hənifəyeva

Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti