Gürcüstan Prezidenti istefaya göndərilə bilər

Sozcu.info "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Gürcüstan hakimiyyəti impiçment yolu ilə Prezident Salome Zurabişvilini hakimiyyətdən kənarlaşdırmaq niyyətindədir.
Parlament əksəriyyətindən olan deputatlar Zurabişvilinin Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozması barəsində yeni müraciət sənədi üçün 81 imza toplayıblar. Həmin maddəyə görə, dövlət başçısı hökumətin icazəsi olmadan ölkəni xaricdə təmsil edə bilməz.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, müraciət Konstitusiya Məhkəməsinə ünvanlanıb. Məhkəmə Konstitusiyanın pozulduğu faktını təsdiqləyən qərar verərsə, parlament əksəriyyəti Prezident S.Zurabişvilinin impiçmenti prosedurunun icrasına başlayacaq.
Baş nazir İrakli Kobaxidze bununla bağlı açıqlamasında Zurabişvilinin öz postunu keçmiş prezident kimi yox, istefaya göndərilmiş prezident kimi tərk etməli olduğunu bəyan edib: "Hazırkı Prezident impiçment ilə istefaya getməlidir".
Kobaxidze impiçmentin rəmzi xarakter daşıdığını bildirib - Zurabişvilinin vəzifə dövrü dekabr ayında başa çatır. 
Baş nazir deyib: "Prezidentliyə yeni namizədlə bağlı müzakirələr 26 oktyabr tarixli parlament seçkilərindən dərhal sonra başlanacaq".



Oxşar Xəbərlər

Xəbər lenti