8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Martın 5-də ölkə ictimaiyyətinin bütün nəzərləri 9 fevral parlament seçkilərinin nəticələri ilə bağlı Azərbaycan Konstitusiya Məhkəməsinə dikilmişdi. Bu da ən ali ədalət mühakiməsi orqanı hesab edilən qurumun fəaliyyətinə diqqət yaratdı.
Azərbaycan Konstitusiya Məhkəməsi elə bir ali səlahiyyətlərə malik strukturdur ki, prezidentin və deputatların barəsində Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələri ləğv edə bilər. Yəni bu qurum bütün instansiyaların fövqündə dayanır.
"Yeni Müsavat” xəbər verir ki, Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır. Onun təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılılığı yoxdur.
Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Hakimlər prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.
Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar.
Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini isə prezident tərəfindən təyin edilir.
Maraqlıdır ki, məhz prezidentin təyin etdiyi məhkəmə sədri və Milli Məclisin təsdiqlədiyi hakimlərin qərarı əsasında həm parlament, həm prezident seçkilərinin nəticələri ləğv və ya təsdiq oluna bilər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. O, 2003-cü ildən sədr postundadır. 2013-cü ildə Milli Məclisin təsdiqindən sonra yenidən sədr təyin edilib.
Məhkəmənin sədr müavini Sona Salmanovadır. Hakimlər isə Südabə Həsənova, Mahir Muradov, Rövşən İsmayılov, Rövşən Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdir.
Beləliklə, bu doqquzluq ölkədə keçirilən seçkilərin nəticələrini təsdiq və ləğv etmək səlahiyyətlərinə sahibdir.
Onu da deyək ki, prezidentin istefa haqqında ərizəsi daxil olduğu gündən ən geci üç gün keçənədək Konstitusiya Məhkəməsinin sədri həmin məsələni Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır.
Bu məsələyə dair iclasa prezident dəvət olunur. Zəruri hallarda iclasa eləcə də şahidlər, ekspert və mütəxəssislər dəvət edilə bilər.
Prezidentin istefa ərizəsinə baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsinin Plenumu müvafiq qərar qəbul edir.
Həmçinin ezamiyyət, məzuniyyət və ya əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü istisna olmaqla, Konstitusiya Məhkəməsi hakimlərinin məhkəmə iclaslarında və müəyyən edilmiş qaydada məhkəmə qərarlarının qəbulu zamanı səsvermədə iştirakı məcburidir.
Konstitusiya Məhkəməsinin iclasları, bir qayda olaraq, qurumun binasında keçirilir.
Konstitusiya Məhkəməsi binasının xüsusi rejimi Konstitusiya Məhkəməsinin sədri tərəfindən müəyyən edilir. Onun icazəsi olmadan Konstitusiya Məhkəməsi binasına baxış keçirilə və orada axtarış aparıla bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun iclasına Konstitusiya Məhkəməsinin sədri, sədr olmadıqda və yaxud onun tapşırığı ilə müavini, müavin olmadıqda isə Konstitusiya Məhkəməsinin daha yaşlı hakimi sədrlik edir.
Məruzəçi-hakim Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edə bilməz. Qanunun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla tərəflər və maraqlı subyektlər Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimə etiraz və yaxud hakim özü-özünə etiraz edə bilər.
Konstitusiya Məhkəməsinin hakiminə etiraz edildikdə və ya hakim özü- özünə etiraz etdikdə sədrlik edən Plenumun iclasını təxirə salır və həmin məsələyə müşavirə otağında baxılır.
Barəsində etiraz verilən hakimə etiraza dair öz mövqeyini bildirmək imkanı yaradılmalıdır. Eyni əsaslarla hakimə təkrar etirazın edilməsi yolverilməzdir.
Konstitusiya Məhkəməsinin hakimi barəsində etiraz təmin edildikdə işin baxılmasından kənarlaşdırılmış hakimin iştirakı olmadan məhkəmə baxışı təxirə salındığı andan davam etdirilir. Məruzəçi-hakim çıxışında konstitusiya işinin müqəddəratı haqqında fikir söyləməməlidir.