17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
2025-ci il 25 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti cənab İlham Əliyev mühüm çıxış edərək ölkəsinin tarixi ədalətsizliklər, işğal və regional sabitlik məsələlərinə dair mövqeyini qlobal auditoriyaya çatdırdı. Dövlət başçısı çıxışında bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün bərpası, digər tərəfdən isə ədalət prinsiplərinin beynəlxalq səviyyədə qorunması zərurətini önə çəkdi. Prezidentin BMT tribunasındakı nitqi, həmçinin “ədalətin selektiv olmadığı bir dünya” çağırışı ilə diqqət çəkərək beynəlxalq hüquq və diplomatik əməkdaşlıq üçün yeni perspektivlər açdı.
Prezident cənab İlham Əliyev çıxışının ilk hissəsində Ermənistanın uzun illər həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinin nəticələrini xatırlatdı. Onun sözlərinə görə, təqribən 30 il ərzində Azərbaycanın suveren ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılıb və bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Bu müddət ərzində insanların fundamental hüquqları kobud şəkildə pozulub, şəhər və kəndlər dağıdılıb, mədəni irs hədəfə alınıb. Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu qətnamələr icra edilməyib. Bu fakt beynəlxalq hüququn mütləq üstünlüyünün təmin edilməməsinin aydın göstəricisidir.
Prezident çıxışında vurğulayıb ki, uzun illər ərzində səmərəsiz danışıqlar və beynəlxalq strukturun fəaliyyətsizliyi nəticəsində Azərbaycan özünü müdafiə hüququndan istifadə edərək 2020-ci ildə Vətən müharibəsini başlatmağa məcbur olub. Müharibə dövründə Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, şəhər və kəndlərə ballistik raketlər və kasetli bombalar atıb. Azərbaycan isə beynəlxalq humanitar hüquqa riayət edərək mülki şəxslərin qorunmasını təmin edib, qeyri-hərbi infrastruktur hədəfə alınmayıb. 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın işğal altındakı əraziləri azad edilib və ərazi bütövlüyü bərpa olunub.
Prezident cənab İlham Əliyev çıxışında 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasını tarixi hadisə kimi təqdim edib. O vurğulayıb ki, Azərbaycan dərhal ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan edib. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürməsi və sülh müqaviləsi layihəsini təqdim etməsi diplomatik təşəbbüslərin başlanğıcını qoyub.
Prezident xatırladıb ki, 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi yalnız ikitərəfli əsasda aparılıb və bu təşəbbüs nəticəsində bu il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətni paraflanıb. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzalayıb. ABŞ Prezidenti də buna şahid qismində imza atıb. Bundan əlavə, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanlayıblar, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması qərarını qəbul edib.
Prezident cənab İlham Əliyev çıxışında regional infrastrukturun sabitlik və əməkdaşlıq üçün vacib olduğunu vurğulayıb. Vaşinqton Sammitinin nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) təsis edilməsidir. Bu dəhliz regional əlaqələri möhkəmləndirir, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Bundan əlavə, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalanıb. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə və təhlükəsizlik sahələrində tərəfdaşlıq üçün yeni üfüqlər açır. Prezident, həmçinin ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin dayandırılmasının və ləğv edilməsinin tarixi əhəmiyyətini vurğulayıb.
Prezident cənab İlham Əliyev çıxışında azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma proqramını təqdim edib. İşğal dövründə yüzlərlə şəhər və kənd dağıdılıb, 65 məscid məqsədli şəkildə məhv edilib. Azərbaycan “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox insanın azad edilmiş torpaqlara qayıtdığını və burada yaşayış, iş və təhsil şəraitinin yaradıldığını qeyd edib.
Eyni zamanda mina təhlükəsi regionda ən ciddi humanitar problemlərdən biridir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki və hərbçi mina partlayışlarının qurbanı olub. Prezident, beynəlxalq ictimaiyyəti bu problemin həllinə cəlb etməyə çağırıb. Bundan əlavə, 1990-cı illərin əvvəllərindən bəri itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi xüsusi diqqət tələb edir.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın COP29-a ev sahibliyi etməsindən də danışıb. COP29 çərçivəsində qəbul edilən Bakı Maliyyə Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində yeni mərhələdir. Hədəfə görə, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər hər il inkişaf etməkdə olan ölkələrə ən azı 300 milyard ABŞ dolları həcmində ilkin iqlim maliyyələşdirməsi ayırmalıdır.
Prezident bildirib ki, enerji təhlükəsizliyi sülh və iqtisadi inkişaf üçün vacibdir və Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir. Eyni zamanda ölkə Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə sərmayələr yatırır və 2030-cu ilə qədər enerji istehsalının 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq.
Prezident çıxışında Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə tibbi yardım göstərməsini vurğulayıb. Ölkəmiz həmçinin təbii fəlakətlərdən, münaqişələrdən və səhiyyə böhranlarından əziyyət çəkən ölkələrə humanitar yardım göstərir. Bu fəaliyyət Azərbaycanı qlobal humanitar sistemdə etibarlı və fəal tərəfdaş kimi tanıdır.
Prezident cənab İlham Əliyevin çıxışı yalnız Azərbaycanın mövqeyini nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda qlobal səviyyədə hüququn universal tətbiqi və ədalətin hər kəs üçün bərabər qorunmasını tələb edir. Çıxışda vurğulanan “ədalətin selektiv olmadığı bir dünya” prinsipi beynəlxalq münasibətlər sistemində yeni yanaşma çağırışıdır: hüquq yalnız sözlərdə yox, əməli addımlarda tətbiq olunmalıdır. Bu, diplomatik, iqtisadi və humanitar sahələrdə ədalətin universal prinsip kimi qəbul edilməsinə xidmət edir.
Yunis Əsgərli
Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Sozcu.info