SOS: Azərbaycanın bu göstəricisi ŞOK etdi


Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub. Politoloq Turab Rzayev bu ilin yanvar-fevral aylarındakı statistikaya – ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkərək, bunu “demoqrafik fəlakət” adlandırıb.

Politoloq bildirib ki, 1000 nəfərə düşən nikah sayı Türkiyədə 6,6, Gürcüstanda 5,9, Ermənistanda 5,1, Macarıstanda 4,9, Almaniyada 4,2, Polşada 3,7, Yunanıstanda isə 3,5-dir. Avropa ölkələri uzun illərdir ki, nikah sayının aşağı düşməsi, əhali azalmasından əziyyət çəkir. Azərbaycan hətta Avropanın bəzi ölkələrində nikah sayında geri qalır.

Daha əvvəl Azərbaycanda bu səviyyədə nikah azalması qeydə alınmayıb. Ən aşağı göstərici 1942-ci ildə 2-ci Dünya müharibəsinin davam etdiyi və 2020 ildə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.

Doğrudanmı Azərbaycanda demoqrafik vəziyyətə bu dərəcədə təhlükə var?

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloq da qeyd edib ki, ölkədə artıq demoqrafik problem yaranmağa başlayıb: “Çünki əhali artımının tempi xeyli zəifləyib və bu tendensiya davam edərsə, təəssüf ki, bəzi beynəlxalq təşkilatların proqnozlarında qeyd olunduğu kimi, 2100-cü ilə qədər Azərbaycanın əhalisi 8 milyona qədər enə bilər. Bu isə o deməkdir ki, əgər vaxtında ciddi tədbirlər görülməzsə, proses daha da dərinləşəcək. Əslində, proses artıq başlayıb və biz onun ilkin əlamətlərini aydın şəkildə müşahidə edirik.

Birincisi, nikahların sayı azalır. Gənclər arasında ailə qurmağa maraq əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. İkincisi, ailələrdə doğulan uşaqların sayı sürətlə aşağı düşür. Əgər ötən əsrin 60-cı illərində bir ailədə orta hesabla 6-7 uşaq doğulurdusa, bu gün həmin göstərici təxminən 1,6-ya düşüb, yəni hətta iki uşağa belə çatmır. Bu isə artıq sadəcə, azalma deyil, ciddi demoqrafik tənəzzül siqnalıdır.

Üçüncü mühüm faktor isə boşanmaların sayının artmasıdır. Bu üç əsas fenomen, yəni, nikahların azalması, doğum səviyyəsinin düşməsi və boşanmaların artması birgə şəkildə demoqrafik böhranın formalaşmasına səbəb olur. Demoqrafik problem dedikdə məhz ölkə əhalisinin sayının azalması və cəmiyyətin strukturunun zəifləməsi nəzərdə tutulur”.

Sosioloqa görə, hazırda Azərbaycanda bu prosesin başlanğıc mərhələsini yaşanır: “u vəziyyəti yaradan səbəblər ayrıca və geniş müzakirə mövzusudur. Lakin əsas sual bundan ibarətdir: bu prosesin qarşısını almaq mümkündürmü və ümumiyyətlə, almalıyıqmı? Bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, kim müəyyən edə bilər bu hal pisdir, yoxsa yaxşı? Hansı meyarlarla bunu qiymətləndirmək olar?

Əslində, sualın cavabı kifayət qədər aydındır. Əhalinin azalması istənilən ölkə üçün həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan mənfi nəticələr doğurur. Bu, mübahisə doğurmayan faktdır. Heç kim bunu ciddi şəkildə inkar edə bilməz. Digər tərəfdən, fərdi azadlıqlar məsələsi də var. Kiminsə evlənməmək, ömrünün sonuna qədər subay qalmaq hüququ var və heç bir qanun onu buna məcbur etmir. Eyni şəkildə, ailə qurub sonradan boşanmaq və ya yalnız bir uşaqla kifayətlənmək də şəxsi seçimdir. İnsan bu qərarlarından məmnun ola bilər və bu, onun hüququdur. Amma məsələni ümumi, dövlət səviyyəsində qiymətləndirdikdə, fərdi məmnunluq ümumi nəticəni dəyişmir”.

Mail Yaqub qeyd edib ki, ayrı-ayrı vətəndaşlar öz seçimlərindən razı ola bilərlər, lakin bu tendensiya kütləviləşdikdə artıq dövlət üçün ciddi problemə çevrilir: “Heç kim konkret bir şəxsə “sən səhv edirsən” deyə bilməz, amma ümumi mənzərə göstərir ki, bu istiqamət ölkənin gələcəyi üçün risklidir. Məhz buna görə də dövlət bu sahədə passiv müşahidəçi olmamalıdır. Əksinə, vətəndaşlara düzgün istiqamət verməli, onları maarifləndirməli və real dəstək mexanizmləri formalaşdırmalıdır. Dövlət həm gənclərin evlənməsi üçün, həm ailələrin daha çox uşaq sahibi olması üçün, həm də boşanmaların azalması üçün kompleks və sistemli tədbirlər həyata keçirməlidir”.

Sosioloq həmçinin vurğulayıb ki, gənclərin ailə qurmasını təşviq edən addımlar xüsusilə vacibdir: “Bu istiqamətdə güzəştli mənzil proqramlarının genişləndirilməsi, toy mərasimlərinin daha sadə və əlçatan formada təşviq olunması, dəbdəbəli toy stereotiplərinin aradan qaldırılması üçün ictimai təbliğatın aparılması mühüm rol oynaya bilər. Bu, təkcə iqtisadi yox, həm də mədəni məsələdir. Filmlər, seriallar və digər kütləvi informasiya vasitələri vasitəsilə sadə, səmimi və israfçılıqdan uzaq ailə modellərinin təqdim olunması cəmiyyətə ciddi təsir göstərə bilər. Çünki bu gün bir çox gənc məhz maddi və sosial təzyiqlər səbəbindən evlənməyi təxirə salır.

İkinci mühüm istiqamət boşanmaların sayının azaldılmasıdır. Bu sahədə də konkret və effektiv addımlar atılmalıdır. Ailə institutunun möhkəmləndirilməsi üçün psixoloji dəstək xidmətləri, ailə məsləhət mərkəzləri, hüquqi maarifləndirmə proqramları genişləndirilməlidir. Boşanma təkcə iki insanın ayrılması deyil, həm də cəmiyyətin strukturuna təsir edən sosial hadisədir.

Üçüncü istiqamət isə çoxuşaqlı ailələrin təşviqidir. Hazırda Azərbaycanda 5 uşaqlı ailələr çoxuşaqlı hesab olunur, lakin artıq 3 uşaqlı ailələrin də bu kateqoriyaya daxil edilməsi ilə bağlı müzakirələr aparılır. Bu, olduqca vacib və müsbət addım olar. Eyni zamanda, çoxuşaqlı ailələrə verilən dəstək real və motivasiyaedici olmalıdır. Sadəcə, simvolik məbləğlərlə bu sahədə dönüş yaratmaq mümkün deyil. 3 və daha çox uşaq dünyaya gətirən ailələr üçün ciddi sosial paketlər, vergi güzəştləri, mənzil təminatı, təhsil və səhiyyə sahəsində xüsusi imtiyazlar tətbiq edilməlidir ki, insanlar bu addımı atmağa həvəslə yanaşsınlar. Əks halda, 100-200 manatlıq yardımlarla bu problemi həll etmək mümkün olmayacaq. Demoqrafik məsələ uzunmüddətli, strateji yanaşma tələb edir və burada həm dövlətin, həm də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür”.
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti