Qubada korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib -Foto

Qubada korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai təşkilatlar, şəhid ailələri və gənclər iştirak ediblər.

     Korrupsiya cəmiyyətin inkişafına, sosial ədalətin təmin olunmasına və dövlət idarəçiliyində şəffaflığın qorunmasına ciddi maneə yaradan problemlərdən biridir. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanda bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maarifləndirmə işlərinin genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və vətəndaşların bu prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır.

     Bu məqsədlə 1 may tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində “Korrupsiyaya qarşı mübarizə – sağlam cəmiyyətin təməli” mövzusunda tədbir keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirdə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, şəhid ailələri və qazilər, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı, rayon prokurorluğu, Quba Rayon Polis Şöbəsinin əməkdaşları, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbərliyi, rayon üzrə təhsil sektorunun müdiri, ADPU-nun Quba filialının müəllim və tələbələri, mədəniyyət və məktəb direktorları, MKS-in əməkdaşları, Heydər Əliyev Mərkəzinin əməkdaşları, həmçinin muzey və filiallarının əməkdaşları iştirak ediblər.

     Çıxış edənlər korrupsiyanın qarşısının alınmasının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildiriblər ki, bu problemin aradan qaldırılması üçün dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, hüquqi mexanizmlərin gücləndirilməsi və ictimai nəzarətin təmin olunması vacibdir. Qeyd olunub ki, korrupsiya ilə mübarizə yalnız dövlət orqanlarının deyil, bütün cəmiyyətin birgə səylərini tələb edir.

     Tədbirdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, hər bir vətəndaşın bu istiqamətdə fəal mövqe tutması və qanunlara hörmətlə yanaşması korrupsiyaya qarşı mübarizənin daha effektiv nəticə verməsinə mühüm töhfə verir.

     Sonda korrupsiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Afət Məmmədova

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti