17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
2025-ci il sentyabrın 30-da Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarella mətbuat qarşısında bəyanatlarla çıxış ediblər. Görüş iki ölkə arasında uzun illərdir formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirildi.
Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan və İtaliya arasında əlaqələr dinamik inkişaf edir və tərəflər əsl strateji tərəfdaşlardır. İtaliya Prezidentinin Azərbaycana ikinci rəsmi səfəri bu əməkdaşlığın səmimiyyətini və davamlılığını göstərir. Xatırladaq ki, ilk rəsmi səfər yeddi il əvvəl baş tutmuşdu.
İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini təsbit edən mühüm sənədlər mövcuddur. 2015-ci ildə imzalanmış birinci sənəd və 2018-ci ildə qəbul olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətlərin hüquqi bazasını təşkil edir.
Azərbaycan üçün İtaliya əsas ticarət tərəfdaşıdır. Hər il ikitərəfli ticarət dövriyyəsi artır və enerji sahəsində mühüm layihələr reallaşdırılır. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu fakt ölkələrimizin qarşılıqlı etimada əsaslanan tərəfdaşlığının bariz nümunəsidir.
2020-ci ildən etibarən TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur. Layihənin icrasında yaranmış çətinliklərin aradan qaldırılmasına cənab Prezident Sercio Mattarellanın şəxsi dəstəyi mühüm rol oynamışdır. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir. Bu göstərici Azərbaycanın enerji resurslarının coğrafi əhatəsinə görə dünyada öncül mövqedə olduğunu təsdiqləyir.
Prezident cənab İlham Əliyev həmçinin Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində aparılan danışıqlar barədə məlumat verdi. Xəzərin dibi ilə çəkiləcək xətlər vasitəsilə Orta Asiyadan Azərbaycana, buradan isə Avropaya elektrik ötürülməsi planlaşdırılır. Bu layihə Azərbaycanın enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident cənab İlham Əliyev humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini xüsusi vurğuladı. 2025-ci il oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı keçirildi. Bu ali təhsil müəssisəsi Azərbaycan-İtaliya dostluğunun rəmzinə çevriləcək.
İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbb Prezident cənab İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı irəli sürülmüşdü. Layihə ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu universiteti – Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında imzalanmış sazişlər əsasında həyata keçirilib.
Hazırda universitetdə 640-dan çox tələbə 8 bakalavr və 2 magistr proqramı üzrə təhsil alır. Tədris sahələri mühəndislik, memarlıq, şəhərsalma, kənd təsərrüfatı, dizayn və menecment istiqamətlərini əhatə edir. Eyni zamanda, üç ikili diplom proqramı və müxtəlif ixtisasartırma kursları mövcuddur. Müasir laboratoriyalar, emalatxanalar və tədqiqat mərkəzləri tələbələrin bilik və bacarıqlarını təkmilləşdirmək üçün geniş imkanlar yaradır.
Universitetin mədəniyyət və elm körpüsü rolunu oynayacağı, burada yetişən gənclərin hər iki ölkənin dostluq elçilərinə çevriləcəyi xüsusi qeyd edildi.
Bəyanatda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı da müzakirə mövzusu oldu. Prezident cənab İlham Əliyev vurğuladı ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsinə dəstək göstərib. Son dövrlərdə müşahidə olunan müsbət dinamika bu istiqamətdə gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaradır.
Sentyabrın 30-da verilən bəyanat bir daha təsdiqlədi ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər yalnız rəsmi sənədlərdə deyil, həm də konkret layihələrdə və real əməkdaşlıqda özünü büruzə verir. Energetika, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əldə edilmiş uğurlar iki ölkənin strateji tərəfdaşlığının dərinliyini və davamlılığını göstərir.
Azərbaycan-İtaliya münasibətləri uzaq məsafələrdə yerləşən dövlətlərin qarşılıqlı etimada, dostluğa və strateji hədəflərə əsaslanan uğurlu əməkdaşlıq nümunəsi kimi beynəlxalq aləmdə xüsusi yer tutur.
Sevinc Hacızadə
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info