Heydər Əliyev- dünənimizi xilas, bugünümüzü və gələcəyimizi təyin edən lider.

Tarix hər zaman liderlərin öz xalqlarının, dövlətlərinin həyatında təsirli rol oynadıqlarına şahidlik etmişdir. Liderlik keyfiyyətlərinə malik olan şəxslər xalqı, cəmiyyəti tarixi sınaqlar dövründə düzgün istiqamətə yönləndirə, bu sınaqlarından üzüağ çıxara bilirlər. Bununla bərabər, qeyd etmək lazımdır ki, çox nadir hallarda bir xalqın, bir dövlətin bütöv və  mühüm bir tarixi dövrü məhz tək bir şəxsiyyətin adı ilə bağlı olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  tarixə belə bir lider kimi düşüb. Yəni, Azərbaycan xalqının, dövlətçiliyinin mühüm tarixi, çox məsuliyyətli və təyinedici mərhələsi ümumili lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana iki tamam fərqli tarixi dövrdə rəhbərlik edib. Hər iki dövrdə ölkəmizin tarixi inkişafının, böyük uğurlarının yeni səhifələri yaradılıb.  Bu tarixi reallıq Heydər Əliyevin dahilliyinə,  dövlət idarəçiliyi sahəsində böyük  təcrübəsinə, əvəzolunmaz siyasətçi obrazına dəlalət edən çox mühüm amildir. Yəni, Heydər Əliyev həm SSRİ dövründə, həm də, SSRİ-nin süqutundan sonra müstəqillik dövründə Azərbaycanı çox böyük uğurla rəhbərlik edib, hər iki dövrdə də ölkədə kifayət qədər dərin tərəqqi transformasiyalarını şərtləndirəcək addımlar atmağı bacarıbdır.  Xatırlamaq üçün qeyd etmək lazımdır ki, SSRİ dövründə Heydər Əliyev Azərbaycana rəhbər təyin olunarkən ölkəmiz keçmiş sovet ölkələri içərisində ən geridə qalmış aqrar bir ölkə idi. Heydər Əliyev Azərbaycan rəhbər təyin edildikdən sonra qısa zaman kesində həm aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsi başladı, həm də sürətlə sənayeləşməyə start verildir. Az müddət sonra Azərbaycan Respublikası ittifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Belə ki, 300-dən artıq sənaye infrastrukturu yaradıldı. Bu zaman, lqobal istehlak bazarındakı təlabatdan çıxış olunurdu. Məhz bu yanaşmanın nəticəsi idi ki, ölkəmizdə istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac edilirdi. Keçmiş ittifaqın ərzaq təhlükəsizliyinin təmin olunmasında və digər saneye məhsullarına olan təlabatın ödənilməsində Azərbaycan əvəzolunmaz rolunu təyin etmişdir.  

Heydər Əliyev ölkəmizin təkcə sosial-iqtisadi inkişafı sahəsində deyil, ümumiyyətlə, həyat fəaliyyətinin bütün sahələrində dərin iz qoymuş dahi bir liderdir. O Azərbaycanda elmin, təhsilin mədəniyyətin inkişafını da diqqətindən kənarda qoymurdu. Bu sahələrin inkişafı istiqamətində olduqca təsirli addımlar atırdı. Ulu Öndər Heydər Əliyev azərbaycanlı gənclərin ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması üçün şərait yaradırdı. Bu gənclər yüksək təhsil alaraq, bilik və bacarıq qazanaraq ölkəmizə qayıdırdılar və müxtəlif sahələrin inkişafında çox ciddi rol oynayırdılar. Yəni, Heydər Əliyev çox böyük uzaqgörənliklə hələ SSRİ dövründə Azərbaycanda olduqca dəyərli kadr bazasının formalaşmasına xüsusi diqqət yetirirdi. Bununla yanaşı,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, mədəniyyət sahəsinin inkişafında, onun təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada tanıdılmasında Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dilinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində Heydər Əliyevin əlahitdə rolu olmuşdur. 1978-ci ildə Azərbaycan Konstitusiyasının 73-cü maddəsi əlavə olunması ilə Azərbaycan dili rəsmi dövlət dili statusun almışdır. Bu həqiqətən də, SSRİ dövründə olduqca böyük cəsarət, iradə tələb edən bir addım idi və bu addım növbəti dəfə ümummilli lider Heydər Əliyevin öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərinə nə dərəcədə bağlı olduğunu nümayiş etdirdi.

Müstəqillik dövründə Heydər Əliyev ölkəmizi daha ciddi tarixi sınaqlar qarşısında idarə etməli oldu. SSRİ-nin süqutu ilə Azərbaycan öz müstəqilliyinə çox ciddi problemlər yükü ilə qədəm qoydu. Belə ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edirdi. Müstəqilliyimizin ilk illərindən isə ərazilərimizi sistemli şəkildə işğal etməyə başladı. Digər tərəfdən də ölkə daxilində dərin böhran hökm sürürdü. Müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda amansız mübarizə apardığını da Azərbaycan xalqı çox yaxşı xatırlayır. Bu, təkcə zahirən hakimiyyət uğrunda mübarizə kimi görünməməlidir. Eyni zamanda bu, həm də onu göstərirdi ki, Azərbaycan cəmiyyətində çox ciddi parçalanma mövcud idi. Sözsüz ki, tarixi sınaqlar qarşısında olan bir ölkə üçün belə bir vəziyyət olduqca təhlükəli idi. Mübaliğəsiz qeyd etmək lazımdır ki, belə bir şəraitdə  yenicə müstəqil olmuş ölkədə dövlətçiliyi qoruyub saxlamaq mümkünsüz olacaqdı. Lakin həmin dövrdə Azərbaycan xalqının vermiş olduğu müdrik qərar tarixin gedişatını dəyişdi.  Müdrik Azərbaycan xalqı Heydər Əliyevdən onun yenidən ali siyasi hakimiyyətə qayıtmasını xahiş etdi. Hər zaman xalqının çağırışlarına həssas yanaşan Ulu Öndər Heydər Əliyev ağır tarixi sınaqlar qarşısında qalmış Azərbaycan xalqının, dövlətçiliyinin yanında oldu. Atdığı ilk addım da məhz dövlətimizin, xalqımızın xilasını şərtləndirəcək çox müdrik addım oldu. Bu addım öz ətrafında Azərbaycan xalqını birləşdirməkdən ibarət oldu. Yenə də mübaliğəsiz qeyd edə bilərik ki, həmin dövrdə ən həlledici amil məhz Azərbaycan xalqının milli birliyi idi. Həmin dövrdə Azərbaycan xalqının milli həmrəyliyini, birliyini təmin edən ən təsirli amil elə Heydər Əliyev adı idi. Azərbaycan xalqı məhz Heydər Əliyev ətrafında birləşərək tarixi sınaqlardan üzüağ çıxacağına əmin idi, buna bütün varlığı ilə inanırdı. Xüsusi qeyd etmək lazımdır ki,  Yeni Azərbaycan Partiyasının yaradılması da məhz Heydər Əliyev ətrafında birləşmək zərurətindən irəli gəlmişdir. Həmin dövrdə Azərbaycan xalqına Heydər Əliyev ətrafında birləşmək üçün effektiv bir platforma lazım idi və bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın xilası, Azərbaycan dövlətçiliyinin qorunması, xalqımızın milli birliyinin təmin olunması yolunda tarixi bir zərurət idi. Yeni Azərbaycan Partiyası yaradıldı, ona liderlik də Ulu Öndər Heydər Əliyevə həvalə olundu. Heydər Əliyev qısa zaman kəsiyində xalqımızın milli birliyini təmin etməyi bacardı. Ümummilli maraqlarımızın konturlarını dəqiqliklə cəmiyyətin diqqətinə çatdırdı, milli hədəflərimizi müəyyənləşdirdi və onlara çatılması istiqamətində həm milli-mənəvi həm də digər xarakterli resursların səfərbər olunması istiqamətində çox təsirli addımlar atdı.  Həmin dövrdə dövlətçiliyi saxlamaq  və inkişaf etdirmək üçün həmçinin effektiv dövlət idarəetmə sisteminə ehtiyac var idi. Heydər Əliyevin yanaşması ondan ibarət idi ki, səmərəli dövlət idarəçiliyi inkişafın əsas hərəkətverici elementi rolunda çıxış edir. Ona görə də o, həm dövlət idarəçilik sisteminin davamlı olaraq inkişaf etdirilməsi, dövlət idarəçiliyinə yüksək səviyyəli kadrların cəlb olunması məsələlərinə, ayrıca olaraq da keyfiyyətli kadr bazasının formalaşdırılması məsələsinə hər zaman çox böyük diqqətlə yanaşırdı. Müstəqilliyinin ilk illərində, olduqca mürəkkəb tarixi şərtlərin və şəraitin olduğu bir mərhələdə qarşıya qoyulmuş milli hədəflərə çatılmasını təmin edəcək  səmərəli, çevik dövlət idarəçilik sisteminin qurulması prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdu. Heydər Əliyev qısa zaman kəsində Azərbaycanda olduqca effektiv dövlət idarəçilik sistemini formalaşdırdı və davamlı olaraq dövlət idarəçiliyinin inkişafının normativ hüquqi bazasının zənginləşdirilməsi məsələsini diqqət mərkəzində saxlayırdı. Dövlət idarəçiliyində çalışan kadrların bilik və bacarıqlarının artırılması onlara müasir təcrübələrin, vərdişlərin aşılanması məsələsi də həmişə Heydər Əliyevin diqqətində idi. Təkrar olaraq vurğulamaq yerinə düşərdi ki, Heydər Əliyev bu məsələni sovet ittifaqının mövcudluğu dövründə də hər zaman aktual saxlayırdı. Qeyd etdiyimiz kimi, Azərbaycan öz müstəqilliyinə olduqca ciddi problemlər yükü ilə qədəm qoydu və o problemlərin qısa bir zamanda aradan qaldırılması istiqamətində, həm də gələcəyə hesablanmış addımların atılması çox vacib idi. Bu addımların təşəbbüskarı və onları atmaq iradəsinə, gücünə sahib olan tək şəxsiyyət məhz Heydər Əliyev idi. Bu baxımdan,  Azərbaycan xalqı Heydər Əliyevə hakimiyyətə qayıtması üçün müraciət etməklə çox tarixi, tale yüklü bir qərar vermiş oldu. 

Keçmiş münaqişə vəziyyətində bizim həllini gözləyən ən birinci məsələmiz sözsüz ki, ərazi bütövlüyümüzün təmin olunmasından ibarət idi. Heydər Əliyev bunun üçün bütün tələb olunan resursları vaxtında formalaşdırdı. Yəni, həm siyasi, həm iqtisadi, həm də, ən əsası, hərbi resursu formalaşdırdı və davamlı olaraq bu resursların artırılması istiqamətində təsirli addımlar atdı. Azərbaycan keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarı olduğunu hər zaman öz mövqeyi və praktiki addımları ilə bütün dünyaya nümayiş etdirirdi. Heydər Əliyev Azərbaycanın haqlı mövqelərini bütün beynəlxalq platformalardan dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. O xəritə üzərində ölkəmizin sərhədlərini dünyaya tanıdırdı və dünya ictimaiyyətini, təsirli siyasi dairələri keçmiş münaqişə vəziyyəti ilə bağlı ədalətli mövqe sərgiləməyə çağırırdı. Ümumiyyətlə, tarix hər hansı bir milli məsələnin həlli istiqamətində Heydər Əliyev kimi təsirli, intensiv addımlar atan çox az lider görüb.  Məsələn, Lisabon samiti öncəsi Heydər Əliyev samitdə iştirak edəcək dövlət və hökumət başçılarının hər birinə ayrı ayrılıqda xüsusi məktubla müraciət etmişdir və onlardan xahiş etmişdir ki, münaqişə vəziyyətilə bağlı ədalətli mövqe sərgiləsinlər.  Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolu ilə aradan qaldırıla biləcəyini vurğulayırdı. Heydər Əliyev münaqişənin dinc vasitələrlə tənzimlənməsi üçün 500-ə yaxın görüş keçirmişdir,  müzakirələr aparmışdır.  Bu, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində olduqca ciddi fəaliyyətdən, çox təsirli addımların atılmasından xəbər verir. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində şanlı zəfərimizin həm siyasi, həm iqtisadi, həm də hərbi komponentlərinin formalaşdırılması prosesi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasının, hərtərəfli inkişafımızın ən vacib şərtinin məhz Heydər Əliyev ideyalarının olmasından çıxış edərək, onun müəyyənləşdirdiyi  bənzərsiz inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun zənginləşdirərək çox uğurla davam etdirdi. Qarşımızdakı bütün milli hədəflərimizə dəqiqliklə çatdıq. Vaxtilə Heydər Əliyevin böyük əminliklə dediyi kimi, Azərbaycan dünyaya bir günəş kimi doğubdur. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində olduqca təsirli yerə və rola malikdir. Ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycan dövləti tamam fərqli bir obrazda beynəlxalq siyasi münasibətlər və əməkdaşlıq sistemində iştirak etməkdədir. Prezident İlham Əliyevin strateji baxışları sayəsində Azərbaycanın yerləşdiyi region bütövlükdə dünyanın ən strateji əhəmiyyətli coğrafiyalarından  birinə çevrilib. Bu gün qlobal məsələlərin müzakirəsi, həlli Azərbaycanın iştirakı olmadan baş tutmur. Bu da bir daha nümayiş etdirir ki Ulu Öndər Heydər Əliyev tərəfindən vaxtilə əsası qoyulmuş unikal inkişaf strategiyası Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirlərək ölkəmizə davamlı olaraq böyük uğurlar qazandırır. 


Elşad Mirbəşir oğlu

YAP İdarə Heyətinin üzvü



Oxşar Xəbərlər

Xəbər lenti