Müharibə ssenarisini YENİDƏN YAZACAQ GİZLİ GÖRÜŞ: Tehranda nələr PLANLAŞDIRILIB?

Müharibə ssenarisini YENİDƏN YAZACAQ GİZLİ GÖRÜŞ: Tehranda nələr PLANLAŞDIRILIB?

 

Suriyanın sülh və təhlükəsizliyin təmin olunması üçün Ankara və Dəməşq arasında təmaslar başlayıb.

Publika.az Türkiyənin "Aydınlıq” nəşrinə istinadən xəbər verir ki, bu haqda İran İslab İnqilabı Keşikçilər Korpusuna yaxın mənbələr bildiriblər.

Mənbələrə görə, Suriya və Türkiyənin nümayəndə heyətləri İranın paytaxtı Tehranda bir araya gəlib. Məlumata görə, görüşdə İdlibdə həll prosesi və Fərat çayının şərqində əməliyyat mövzuları müzakirə olunub. İranın vasitəçiliyi ilə keçirilən görüşün dəqiq vaxtı barədə məlumat verilməyib.

Hərbi və kəşfiyyat səlahiyyətlilərinin iştirak etdiyi görüşdə nəticələrinin yaxın gələcəkdə özünü göstərəcəyi bildirilir.

"Aydınlıq” nəşrinin yazdığına görə, ABŞ tərəfindən maliyyələşdirilən terrorçu qruplaşmaların olduğu Fəratın şərqi PKK/PYD-nin zonası statusundadır. İranın Əhvaz şəhərində törədilən terror aktına görə məsuliyyət daşıyan terrorçuların da Fəratın şərqində olduğu deyilir. "Aydınlıq”a danışan mənbələr qeyd ediblər ki, Türkiyə PKK/PYD terror təşkilatına qarşı birgə əməliyyata hazırlıq üçün təmasları davam etdirir.

Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində çıxışı zamanı Fəratın şərqində əməliyyatın anonsunu vermişdi.

Türkiyənin Suriyada 4 min kvadrat kilometrlik bir ərazini İŞİD və PKK terrorçularından təmizləyərək oranı Suriya xalqının təhlükəsiz yaşadığı bir əraziyə çevirdiyini xatırladan Ərdoğan bənzər addımları Fəratın şərqində də atacaqlarını deyib.

ABŞ-a işarə edərək Türkiyənin bir strateji ortağından bunları gözləmədiyini ifadə edən Ərdoğan "biz strateji ortağıqsa, o zaman lazımi addımlar atılmalıdır”, - deyib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər. Məsələn, bir müddət əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, "Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan "Nyu York Tayms” nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.

Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.

"Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu, isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib.

Türkiyə Fəratın şərqində olan Münbiçin PYD-dən təmizlənməsi ilə bağlı razılığa gəlsə də, ABŞ Fəratın şərqində kürd qruplaşmalarına dəstəyini davam etdirir. Hazırda Fəratın şərqində - Türkiyə ilə sərhəddə yerləşən böyük ərazilər PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir. Türkiyə rəhbərliyi buranın terror təşkilatından təmizləməkdə israrlı olduğunu dəfələrlə bəyan edib.

Ankaranın Dəməşqlə yaxınlaşması və ABŞ güclərinin olduğu Fəratın şərqində birgə əməliyyat həyata keçirməsi ehtimalı isə regionda proseslərin istiqamətini tamamilə dəyişə bilər. Türkiyə ilə Astana formatında təmsil olunan Rusiya da Ankaranın Dəməşqlə yaxınlaşmasını təklif edib. Bu ilin fevralında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Türkiyənin təhlükəsizlik maraqları Suriya hökumətiylə dialoq vasitəsilə tamamilə təmin edilə bilər.

Sonradan "Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin "Aydınlıq” qəzetinə müsahibəsində sözügedən mesajı təkrarlamışdı.

"Ankara və Dəməşq arasında ortaq bir zəmin tapıla bilər. Amerika təcrid ediləcəyi halda, bölgə ölkələri ümumi bir pavilyonda görüşə bilərlər. Vətən Partiyasının Suriya ilə əlaqə qurmaq üçün atdığı addımlar davam etdirilmədi, amma Dəməşqlə əlaqə qurmaq Ankara üçün hələ də gec deyil”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya müttəfiqi olan Türkiyəni Dəməşqlə ünsiyyət qurmağa təşviq etməlidir. Duqin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir çox görüşündə Ankara və Dəməşq arasında ünsiyyətə ehtiyac olduğu fikrini dilə gətirib və gözləyib.

"Türkiyənin Bəşər Əsədlə bağlı verəcəyi qərar çox önəmlidir. Suriyada bir tərəfdə Rusiya, İran və Bəşər Əsəd, digər tərəfdə ABŞ və Səudiyyə Ərəbistanıdır. Qətər və Türkiyə özlərini geosiyasi maraqlarını qorumaq üzrə Amerika koalisyonunda ayrıldı və Rusiyanın müttəfiqlərinə yönəldilər. Amma hansı tərəfdə yer aldıqlarına dair verəcəkləri qərar, Əsədlə bağlı verəcəkləri qərardır. Amerikalıların belə Türkiyəyə qarşı Əsədlə ünsiyyət quracaqları zamanın gələcəyini düşünürəm. Amerika Əsədi devirə bilməyəcəyinə inandıqları halda, oyunun qaydalarını dəyişdirməyə çalışacaq, amma indi deyil. Buna görə də Ərdoğanın vaxt itirdiyini düşünürəm. Bu çox kədərlidir. Çünki mən Rusiya və Türkiyənin strateji müttəfiqliyinin Yaxın Şərqdə sabitlik üçün açar olduğunu düşünürəm”, - Duqin vurğulamışdı.



Oxşar Xəbərlər

Xəbər lenti