“Azərbaycan Xalq Hərəkatı hakimiyyətə gəlməkdən ötrü deyil” - İSGƏNDƏR HƏMİDOV

“Azərbaycan Xalq Hərəkatı hakimiyyətə gəlməkdən ötrü deyil” - İSGƏNDƏR HƏMİDOV

 

"Azərbaycanda növbəti parlament təyinatları olacaq, ona görə, biz bu oyunlarda iştirak etməyəcəyik”

"Hakimiyyətdən heç kəs bizə dəstək verə bilməz”

"Biz bu oyunlarda iştirak etməyəcəyik. Əgər içimizdə ayrı-yarı partiya sədrləri, Sərdar bəy, İqbal bəy, Əli bəy var, bunlar bir fərd kimi seçkilərə gedəcəklərəsə, hərakatın adından getməyəcəklər, öz adlarından seçkidə iştirak edəcəklər”

Yanvarın 26-da Azərbaycan Xalq Hərəkatının təsis konfransının keçiriləcəyi gözlənilir. Hansı ki, bunu ölkənin ictimai-siyasi həyatında ciddi bir mərhələnin başlanğıcı hesab etmək olar. Xüsusən də ölkədə sosial-iqtisadi durumun ağır olduğu, demokratik seçki mühitinin olmadığı, insan hüquq və azadlıqlarına dəyər verilmədiyi bir vaxtda Xalq Hərəkatının yaranmasına ciddi ehtiyac duyulur. Görünür, məhz bu səbəbdən də keçmiş daxili işlər naziri İsgəndər Həmidov başda olmaqla, bir qrup siyasilər Xalq Hərəkatının yaradılması təşəbbüsündə bulunub.

Artıq Xalq Hərəkatı yaranma ərəfəsindədir. Maraqlıdır ki, təşəbbüskarlardan biri olduğu hərəkatdan İsgəndər Həmidov nə gözləyir? Bu və digər suallarımıza cavab almaq üçün sabiq nazirlə söhbətləşdik:

- Mən bu hərəkatdan hərəkatın mütəşəkilliyini gözləyirəm. Hərəkatın cəmiyyətdə gedən siyasi proseslərdə, əsas da cəmiyyətin demokratikləşməsində, seçki mühitinin dəyişilməsingə və digər neqativ hallarda ön cəbhəyə çıxmağını gözləyirəm.

- Artıq Xalq Hərəkatı yaradılır. Bəs, Xalq Hərəkatında xalqın iştirakı necə təşkil olunacaq?

- Xalq artıq var. Amma xalqın hamısının adından danışmaq olmaz. Xalqın bir hissəsi bu hərəkatdadır. Təşkilatlanmadan sonra bu suala qayıtmaq olar. Hələlik camaatla yerlərdə işləyib, dayaq dəstələri yaradılır. Yuxarıdan göstəriş gözləmədən yavaş-yavaş yaradırlar. Ona görə, ümidim var ki, hərəkat güclənəcək, xalqmızın bir hissəsi bu hərəkatda iştirak edəcək. Hamının işirakı absurddur. Bu, mümkün deyil.

- Dediniz ki, Xalq Hərakatının yaranması üçün bütün bölgələrdə işlər gedir. Bu sahədə nə kimi işlər gedir?

- Bölgələrdə camaat özü iş görür. Mən bayaq dedim ki, yuxarıdan göstəriş olmadan iş görürlər, təsis konfransları keçirirlər, təşəbbüs qrupları yaradırlar. Yanvarın 26-da Xalq Hərəkatının yaranmasını elan edəndən sonra yəqin ki, rayonlara, kəndlərə gedib, camaatla bu işlərin təşkilində iştirak edəcəyik.

- Bu hərəkatın təsisçiləri kimlər olacaq, ancaq partiya sədrləri, yoxsa aktiv insanlar da təsisçi olacaq?

- Bu sual ortaya çox çıxır, çox da aktual sualdır. Biz yaratdığımız Xalq Hərəkatı partiya birlikləri deyil. Bu yaradılan Xalq Hərəkatı xalqına söykənərək, xalqın arxasında yaranan bir təşkilatdır. Burada fərdlər də, ziyalılarımız da, ayrı-ayrı insanlar da olacaq. Bu, tək partiya birliyi deyil. Bunu hamı bilməlidir, dərk etməlidir. Kim elə zənn edirsə ki, bu partiya birliyidir, çox böyük səhv edir. Partiya birliyini seçkidən seçkiyə görmüşük.

İkinci bir məsələ, qətiyyən Xalq Hərəkatı seçki kampaniyası üçün deyil, Xalq Hərəkatı seçki mühitini, seçki qanununu dəyişməkdən ötrüdür. Bunu hamı bilməlidir.

Üçüncüsü, Xalq Hərəkatı hakimiyyətə gəlməkdən ötrü deyil. Xalq Hərəkatı demokratik qüvvələrin düzgün, seçki yolu ilə, seçiçilərin rəyini nəzərə alaraq hakimiyyətə gələnlərə kömək etməkdən ötrüdür.

- Xalq Hərəkatının hədəflərini dediklərinizlə məhdudlaşır, yoxsa...?

- Başqa ideyalarımız ərazi bütövlüyü, demokratik islahatlar, seçki qanunu dəyişib, dünya standartlarına uyğun qəbul etdirmək, korrupsiya, rüşvət, yerlibazlıq, tayfabazlıq, qohumbazlıq kimi iyrənc halların qarşısını almaq, insanların maddi rifahına, yəni insanların çəkdiyi əziyyətin qarşsında əmək haqqısının bir neçə dəfə qaldırılmasına nail olmaq, Neft Fondundan ayrılan pulların hara sərf olunmasını, xərcləndiyini bilməkdir. Bundan böyük hədəflər nə ola bilər?

- Dediniz ki, Xalq Hərəkatının məqsədi hakimiyyətə gəlmək deyil, ölkədəki seçki mühitini dəyişməkdir. Bu halda seçki mühitini dəyişməyə və saydığınız hədəflərə demokratik yolla nail olmaq mümkün olacaq?

- Biz Azərbyacan Konstitusiyası, qanunları çərçivəsində nə qədər mübarizə yolu var, hamısına əl atacağıq.

- Qarşıdan parlament seçkiləri gəlir. Belə fikirlər var ki, hətta aprel-may aylarında növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu hərəkatın parlament seçkiləri ilə hər hansı bağlılığı varmı?

- Bu hərəkatın növbəti parlamenti seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Növbəti parlament seçkiləri deyil, Azərbaycanda növbəti parlament təyinatları olacaq. Ona görə, biz bu oyunlarda iştirak etməyəcəyik. Əgər içimizdə ayrı-yarı partiya sədrləri, Sərdar bəy, İqbal bəy, Əli bəy var, bunlar bir fərd kimi seçkilərə gedəcəklərəsə, hərakatın adından getməyəcəklər, öz adlarından seçkidə iştirak edəcəklər.

- Demək istəyirsiniz ki, Hərəkat seçkiləri boykot edəcək?

- Mən bayaq dedim ki, bizdə parlament seçkiləri yoxdur, parlament təyinatları var. Təyinat olunan yerlərdə biz iştirak etmərik. Seçki qanunu mühit dəyişərsə, onda iştrakımıza baxarıq. Amma indi heç bir seçkidə iştirak etməyəcəyik.

- Bu hərəkat sırf müxalfət hərəkatı olacaq? Tutaq ki, hakimiyyətdən kimsə buna dəstək vermək istəsə, münasibət necə ola bilər?

- Hakimiyyətin bu hərəkatda nə işi var. Hakimiyyətdən heç kəs bizə dəstək verə bilməz. Dəstək versə də, biz qəbul etmirik, bizə lazım deyil. Bu, sırf müxalifət hərəkatıdır.



Oxşar Xəbərlər

Xəbər lenti