RUSİYA ABŞ-IN QONŞULUĞUNDA HƏRBİ BAZA YERLƏŞDİRİR

RUSİYA ABŞ-IN QONŞULUĞUNDA HƏRBİ BAZA YERLƏŞDİRİR

 

Ramil Məmmədli: "Rusiyanın Kubaya hərbi texnika tədarükü onu göstərir ki, Kreml ora öz hərbi birləşmələrini göndərməyi planlaşdırır"

"Bu, onsuzda yetərincə gərgin olan ABŞ-Rusiya münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq"

"Moskva bu gedişlə Vaşinqtona onun regionunda da mövqeləri olduğunu göstərməyə çalışır"

Hamı bilir ki, uzun illərdən bəri dünya ağalığı urğunda mübarizə aparan ABŞ və Rusiya daim biri digərinin nəzarətində olan ölkə və regionlara müdaxilə etməyə, müxtəlif yollarla mövqelərini zəiflətməyə çalışır. Məhz elə bu səbəbdəndir ki, Kreml son zamanlar ABŞ-ın qonşuluğunda yerləşən Kuba ilə hələ SSRİ zamanında mövcud olan əlaqələrini daha da sıxlaşdırmağı planlaşdırır. Ötən ilin noyabr ayında Kuba prezidenti Miquel Dias-Kanelin Moskva səfəri zamanı Rusiyadan silah təchizatı ilə bağlı aparılan danışıqlar bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Bundan başqa, Rusiyanın Kuba ilə bu ölkənin dəmir yollarının, aviasiya texnikalarının və energetika kompleksinin modernləşdirilməsi məsələsini müzakirə etməsi də deyilənləri bir daha təsdiqləyir.

Belə ki, Rusiya baş nazirinin müavini Yuri Borisovun sözlərinə görə, ölkəsi qeyd olunan məsələlərin həlli üçün Kubaya vəsait ayırmağa hazırdır. O bildirib ki, Kubanın təkcə dəmir yollarının modernləşdirilməsi üçün 2 milyard avro pul lazımdır. Ancaq 7 ildən sonra bu sahə ölkə iqtisadiyyatının inkişafında həlledici rol oynayacaq. Hazırda hər iki ölkə layihənin reallaşdırılması istiqamətində ciddi irəliləyiş əldə edib: "Bu layihənin icrasını iki hissəyə bölmüşük, əvvəlcə lazımi kredit ehtiyatları optimallaşdırılacaq, sonra isə ən yaxın vaxtlarda icra işlərinə başlanacaq". Rusiya və Kubanın Havananın aviasiya parkının bərpası və təyyarələrə xidmət üçün servis mərkəzinin yaradılması ilə bağlı da razılığa gəldiyini deyən Borisov qeyd edib ki, əsasən, "İl-96", "Tu-204", "An-158" təyyarələrindən ibarət olan parkın uçuşa yararlı olub-olmaması ilə bağlı audit aparılıb, işlərin, lazım olacaq ehtiyat hissələrinin həcmi, təmir işlərinin müddəti müəyyənləşdirilib: "Razılaşmalar, müqavilələr hazırlanıb, görüləcək işlər praktik müstəviyə gətirilib. ­2019-cu ildə bütün bərpa işlərini tamamilə başa çatdırmaq planlaşdırılır. Daha sonra ­2030-cu ilə qədər isə Rusiya və Kubanın energetika sahəsində əməkdaşlığı davam etdiriləcək".

Onu da nəzərinizə çatdıraq ki, artıq Rusiya Kubaya hərbi texnika tədarükü barədə rəsmi Havana ilə razılaşma imzalayıb. Bu barədə açıqlama verən Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib ki, razılaşma çərçivəsində Rusiya Kubaya təyyarə, hava hücumundan müdafiə sistemi, tank əleyhinə qurğu, dəniz texnikası və artilleriya sistemləri əldə etməsi üçün dövlət krediti verəcək. Onun sözlərinə görə, Kubaya texniki dəstək 2006-cı ildən bu yana mövcud olan hərbi əməkdaşlıq razılaşması çərçivəsində verilib. Məhz bu faktın özü belə deməyə əsas verir ki, Rusiya ABŞ-a daha yaxından təsir etmək məqsədiylə Kubada hərbi baza yerləşdirməyi planlaşdırır. Əslində, bir müddət əvvəl bununla bağlı ordu.az-da yayımlanan informasiyada da deyilir ki, əgər Kuba Rusiyadan silah və hərbi ləvazimatlar alırsa, bu silahları saxlamaq üçün və Kuba hərbçilərinə istifadəsinin öyrədilməsi üçün rus qoşunlarının Kubada mövcudluğuna ehtiyyac yaranır. Buna görə də bəzi analtiklər Kuba prezidentinin ötən ilin noyabr ayında baş tutmuş səfərini Rusiyanın bu ölkədə hərbi baza yaratması yolunda bir addım kimi qiymətləndirirlər. Kubanın strateji əhəmiyyəti ona görə böyükdür ki, ölkə bir çox dəniz yollarının kəsişməsində yerləşir. Rusiya mülki hava daşıyıcı şirkəti "Aeroflot" Latın Amerikasında əlaqələrini genişləndirmək üçün Kuba aeroportlarından da istifadə edə bilər. Digər tərəfdən, Kuba ABŞ-a yaxınlığı ilə Rusiya ordusu üçün mümkün bir ABŞ-Rusiya müharibəsində strateji dayaq nöqtəsi rolunu oynaya bilər.

Bu arada, ABŞ prezidenti Donald Trampın ölkəsinin yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağını bəyan etməsinə münasibət bildirən Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədri, general-polkovnik Vladimir Şamanov qeyd edib ki, ABŞ-ın müqavilənin şərtlərini pozması mənfi mənada ciddi nəticələrə gətirib çıxaracaq. Rusiyanın Kubada hərbi baza yerləşdirməsinin aktuallığından danışan general-polkovnik hesab edir ki, Kreml Kubada hərbi mövcudluğumuzu gücləndirmək üçün rəsmi Havananın razılığını almalıdır.

"SSRİ-nin varisi olan Rusiya ABŞ-ın yaxınlığında olan Kubada öz mövqelərini gücləndirməyi planlaşdıran hərbi və hərbi-siyasi gedişlər etməyə başladı"

Картинки по запросу Ramil Məmmədli

1960-cı illərdə dünyanın hərbi-siyasi tarixində "Karib böhranı" kimi yadda qalan ABŞ-SSRİ gərginliyinin "soyuq müharibə"nin növbəti mərhələsinin başlanğıcı kimi xarakterizə olunduğunu vurğulayan hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, sovet imperiyası dağıldıqdan sonra bu proses bir qədər yumşalma dövrünə qədəm qoyub: "Lakin Vladimir Putinin hakimiyyətə gəlişindən və mövqelərini möhkəmləndirdikdən sonra Kuba ilə əməkdaşlıq məsələlərinə yenidən baxıldı. Bundan sonra Kuba rəhbərliyinin Rusiyaya səfəri, eyni zamanda Rusiyanın rəhbər heyətinin dəfələrlə Kubaya səfərləri münasibətlərin yenidən formalaşmasına səbəb oldu. Bütün bunlardan sonra SSRİ-nin varisi olan Rusiya ABŞ-ın yaxınlığında olan Kubada öz mövqelərini gücləndirməyi planlaşdıran hərbi və hərbi-siyasi gedişlər etməyə başladı. SSRİ-nin dağılmasından sonra Kubanı tərk edən sovet hərbi kontingenti hərbi məsləhətçilər adı altında, rusiyalı hərbçilərdən ibarət nümayəndələr yenidən Kubaya göndərilməyə başladı. Yəni Rusiya Silahlı Qüvvələrinin hərbi məsləhətçiləri, zabitləri hazırda Kubada xidmət aparırlar".

"Yəqin ki, ABŞ Rusiyanın addımına cavab olaraq Gürcüstanda öz hərbi birləşmələrinin sayını artırmağı nəzərdən keçirəcək"

Ramil Məmmədlinin fikrincə, Kubada Rusiyanın iri hərbi birləşmələrinin, korpusunun yaradılması məsələsi isə hələlik gündəmdə deyil: "Lakin danışıqlarda bunun da müzakirə predmeti olduğu istisna edilmir. Rusiyanın Kubaya hərbi texnika tədarükü barədə rəsmi Havana ilə razılaşma əldə etməsi də onu göstərir ki, Kreml dolayısıyla Kubaya öz hərbi birləşmələrini göndərməyi planlaşdırır. Yekun mərhələdə isə Kuba ordusunun texniki imkanlarının müasirləşdirilməsi və modernləşdirilməsi nəzərdə tutulur. Bu plana uyğun olaraq Kubada mövcud olan keçmiş sovet hərbi texnikaları modernləşdiriləcək. Bundan başqa, bildiyiniz kimi, kredit yolu ilə Kubaya bir sıra hərbi-texniki vasitələr veriləcək. Təbii ki, bu, onsuzda yetərincə gərgin olan ABŞ-Rusiya münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq. Düşünürəm ki, ABŞ vəziyyətdən çıxmaq üçün növbəti addım atmaqla buna cavab verəcək. Yəqin ki, Amerika Rusiyanın addımına cavab olaraq Gürcüstanda öz hərbi birləşmələrinin sayını artırmağı nəzərdən keçirəcək. Əlbəttə, bu, Kuba üçün də uyğun vəziyyət olmayacaq. Çünki bir neçə il əvvəl ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxslərinin Kubaya səfəri olmuşdu və bu səfər çərçivəsində Havana Vaşinqton münasibətlərinin normallaşdırılması, iqtisadi əlaqələrin genişləndirilməsi nəzərdə tutulurdu. Lakin görünən odur ki, Rusiya Kubaya daha yaxşı vədlər verdiyi üçün ilkin mərhələdə, keçmiş münasibətləri nəzərə alaraq Moskva ilə əlaqələrin genişləndirilməsi məqsədəuyğun hesab edilib".

"Ağ Evin buna reaksiyası Kuba və Rusiya üçün o qədər də ürəkaçan olmayacaq"

Bu məsələlərin öz regionunda təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirən ABŞ üçün heç də xoş xəbərin olmadığını bildirən hərbi-siyasi icmalçının sözlərinə görə, Ağ Evin buna reaksiyası Kuba və Rusiya üçün o qədər də ürəkaçan olmayacaq: "Onu da qeyd edim ki, Ukrayna və Gürcüstan məsələlərindən sonra Rusiya ABŞ-a yaxın olan ərazidə özünə müttəfiq axtarırdı. Odur ki, Kuba ilə paralel olaraq Venesuela ilə də bu prosesi dərinləşdirməyə başlamışdılar. Ancaq Venesuelada baş verən məlum siyasi vəziyyət prezident Maduronu geri çəkilməyə məcbur etdi. Yəqin ki, bu məsələlər artıq ikinci planda qalacaq. Kuba ilə bağlı məsələyə gəlincə, hesab edirəm ki, Rusiya bu gedişlə ABŞ-a onun regionunda da mövqeləri olduğunu göstərməyə çalışır. Lakin bir məqamı diqqətə almaq lazımdır ki, Rusiya SSRİ deyil. Yəni zamanında ideoloji bağlılığı olan Kuba ilə SSRİ arasında olan isti münasibətlər heç də sona qədər Kuba ilə Rusiya arasında olmayacaq. Çünki SSRİ ilə Kuba arasındakı münasibətlərin kommunizm ideologiyası əsasında bağlılığı vardı. Bu gün isə Rusiya kapitalist ölkəsidir, Kuba isə müəyyən mənada təhlükəsizliyini qorumaq üçün bu məsələləri həyata keçirir. Lakin ABŞ-la münasibətlərin normallaşacağı ilk vaxt Rusiyanın Kubadan çıxması ilə nəticələnəcək. Düzdür, rusiyalı politoloqlar, o cümlədən ideoloqlar belə düşünürlər ki, Rusiyanın sərhədi hazırkı inzibati ərazi deyil. Onlar hesab edirlər ki, Kuba, Suriya və digər ərazilərdə də Kremlin mövqeləri yetərincə güclüdür. Ancaq onlar unudurlar ki, zaman o zaman deyil. Yəni inanmıram ki, Rusiyanın iqtisadi imkanları Kubada iri xərclər tələb edən hərbi baza saxlamağa, onun təminatını həyata keçirməyə və Kuba ordusunu silahlandırmağa yetərli olsun".



Oxşar Xəbərlər

Xəbər lenti