17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Kartla öncədən ödəniş edilən sayğacın 131 manat borcu “yığılıb”
“Azərişıq” ASC-nin 1-ci dərəcəli Qarabağ qazisinə qarşı cinayətkar hərəkətləri yeni formada üzə çıxıb. 8,5 ildir özünün verdiyi 03.04.2017-ci il tarixli texniki şərti 201.72 manat rüşvət (nə hesab nömrəsi, nə qəbz verilmədiyindən, bu faktiki rüşvət sayılır) tələb edib icrasından imtina edən xidmət qurumu indi qazi-istehlakçının “ASAN Xidmət”dən yeni texniki şərt almasını tələb edir. Prezident yanındakı “ASAN Xidmət” dən isə 4447444 stasionar nömrəsindən bildirilib ki, texniki şərt bir dəfə verilir, hər dəfə yeni şərt tələbi qanunsuzdur. Prezidentin yanına ötən il verilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə təbii inhisarçı xidmət qurumunun xidmətdən imtinasına görə cərimələmək yerinə, əlil-istehlakçını məhkəməyə müraciət etməyə çağırır. Bəs onda bu Dövlət (Agentliyi) nəyə gərəkir? Özü də Prezidentin yanında? Necə olur, hansısa “yetim” market yiyəsi ƏDV çeki verməyi unudanda, yaxud kassa ilə piştaxta qiyməti arasında ayrıntı olanda Antiinhisar agentliyi anında 5 qəpiyə, olsun manata görə məhkəməyə müraciət edir, marketi 3-5 min manat cərimə etdirir, amma 8,5 ildir “Azərişıq” ASC-nin ( 17 ildir “Azəriqaz”ın) qəbz vermədən rüşvət tələb edib xidmətdən imtinasına görə nəinki məhkəməyə müraciət edir, əksinə, rüşvətxorluğu müdafiə edir?Belə “antiinhisar agenturasının” nəticəsidir ki, “Azərişıq” ASC qaziyə qarşı yeni dələduzluğa əl atıb. Xidmət qurumu mənzilə 5 il qabaq quraşdırdığı sayğacın “rabitənin zəif olması” səbəbindən Qarabağ qazisinə “güzəşt” etdiyini “müəyyən edib” və ... öncədən kartla ödəniş edilən, ödənilməsə, işıqdan məhrum edilən mənzilə yazdığı 131.15 manat borcu bu “güzəştlə” əsaslandırıb. Cinayətkar özbaşınalığa, dələduzluq faktına prokurorluq, polis, Antiinhisar qiymət verməlidir , vermir, ombudsman istehlakçının pozulmuş əlil, insan hüququnu qorumalıdır,qorumur, özünüz fikir verin, “Azərişıq” elektron sayğacı Qarabağ qazisinə “güzəşt”də suçlayır.(??). Hanı bunun texniki ekspertizası, beşillik sayğac bir ayda işıq idarəsinə 131.15 manat ziyan vurdu? Ümumiyyətlə, sayğacın rabitənin zəif olması səbəbindən pulu az hesablaması necə bəlirlənib? Bu dələduzluq deyil, bəs nədir? Fikrimizcə, işıq idarəsi Qarabağ qazisini elə məhkəməyə, prokurorluğa, polisə müraciətinə görə belə saxtalıqla borclu çıxarıb. Antiinhisar xidməti də məhkəməyə müraciət etməyi məsləhət bilir. Hansı məhkəməyə, məhkəmə var ki, müraciət edəsən? Xidmət qurumları məhkəməni elə satın alıb ki, hakim müşavirə otağında yeni iclas təyin edir, Qarabağ qazisini “ictimai münasibətlərin yüksək inkişaf etdiyi vaxtda” 8 il gecikdiyini” qərarının “əsası” kimi sırıyır, hətta tələb olunan qanunsuz ödənişi- rüşvəti ödəməyə hazır olduğunu bildirsə də, buna da məhkəmə razı olmursa, hansı hüquqdan, məhkəmədən danışır Antiinhisar agentliyi? Agentlik saxta borcun əsassızlığını yoxlaya bilməz? İstehlakçı sayğacın elektron olduğunu, öncədən ödəniş edilmədən işləmədiyini vurğulayır, Agdntlik isə xidmət qurumunun nağılını çatdırmaqla işini bitmiş sayır?! Nardarandakı bağın 5 metrliyindəki dirəkdən budaqlanma yolu ilə işıq çəkməyə tələb olunan 201,72 manatın qanunsuzluğu bir yana, şişirtmə olmasını ödənişin təyinatı ortaya qoyur. Baxın, 35.70 manat sayğac qutusu (?-sayğac pulsuzdur, qutusu özündən baha?!), 55.70 manat maşın-mexanizm (?- maşın pulunu da qazi-istehlakçı ödəyir?), 31 manat ƏDV (?-xidmət haqqı ƏDV-yə cəlb olunmur), toplam 80 manatlıq mıx, skoba, kabel, dirək, avtomat açar.., layihə- smeta (?- layihə-smeta elə texniki şərt deməkdir və texniki şərt pulsuz verilir) pulu hesablanıb.
Məhkəmə Konstitusiyaya, qanuna yox, “Azərişıq”ın 3-5 manatına tabe olacaqsa, “elektron dələduzluq”dan dəyən ziyanı məhkəmə yolu ilə bərpa etmək mümkünsüzdür. Amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna, Rəqabət Məcəlləsinə uyğun olaraq özü təbii inhisarçı xidmət qurumuna sanksiya tətbiq etməli, məhkəməyə müraciət etməlidir. Zərərçəkən qazi isə məhkəməyə istənilən halda müraciət edəcək. Məşədi İbad demiş, bir dəli şeytan deyir ki, elə Antiinhisar agentliyini də, “Azərişıq”ı da ver məhkəməyə! Qoy məhkəmə üçqat (iki cavabdehi gizlin, bir iddiaçını açıq cərimə etməklə ) qazansın!
Məğrur BƏDƏLSOY