8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanın iqtisadi göstəriciləri inqilabdan sonrakı 9 ayda yaxşılaşmayıb; Nikol "böyük açılımı” əngəlləyən Qarabağ klanını zərərsizləşdirə biləcəkmi; ekspertlər: "Paşinyanın vəziyyəti olduqca mürəkkəbdir”, "2-3 aya müharibə başlaya bilər...”
Ötən həftə Ermənistanın eks-prezidenti Serj Sərkisyan İrəvanda istintaqa çağırılaraq 5 saat sorğu-sual edilib. Onu, əlbəttə ki, Xocalı hadisələrinə görə yox, 2008-ci ildə 10 dinc nümayişçinin qətli ilə bitən 1 mart olaylarına görə dindiriblər. Erməni KİV-in yazdığına görə, hökumət Serjlə bağlı qərarını artıq verib. Onun tezliklə həbsi gözlənilir.
Beləcə, daha bir Xocalı canisi üçün zindanın qapısı görünməyə başlayıb. Bir qədər öncə, yanvarın 18-də Qarabağ klanının digər odioz siması - sabiq prezident və Sərkisyanın cinayət ortağı Robert Köçəryanın həbs müddəti iki ay uzadılmışdı.
Ermənistandakı prosesləri şərh edən gürcü politoloq Vladimir Çxvediani hesab edir ki, Sərkisyanla bağlı həbs qərarı verilərsə, bu qanunauyğun olacaq. Çünki onun sözlərinə görə, Ermənistanda heç bir sahədə inkişafın olmadığı şəraitdə xalqın başını əsas günahkarlar kimi "sabiqlər” üzərində haqq-hesab çəkilməsi ilə qatmaq lazımdır. Onun fikrincə, həbsə olunanları siyasi məhvlə yanaşı, fiziki məhv də gözləyir. "Paşinyan Qarabağ klanı ilə çox amansız davranacaq. Yəqin ki, onları sakitcə aradan götürəcəklər ki, artıq-əskik danışmasınlar. ”Ürək tutması" kimi bir şeylər təşkil edəcəklər. Çünki onlar uduzublar və daha heç kimə lazım deyillər" - ekspert əlavə edib.
*****
Nikol Paşinyan öz hakimiyyətinə ən böyük təhlükəni, söz yox ki, Qarabağ klanından görür. 3 səbəbdən: birincisi, bu klan 20 ildə qanunsuz yolla, o cümlədən işğal altındakı Azərbaycan ərazilərini talamaq hesabına fantastik dərəcədə varlanıb və həmin varın bir hissəsini siyasi revanş götürməyə yönəldə bilər. İkincisi, keçmiş "səhra komandirləri” Köçəryan və Sərkisyan qarabağlı olduqları üçün separatçı rejimə güclü təsirlərə malikdir və Paşinyan əleyhinə təxribat, hətta sui-qəsd təşkil edə bilərlər. Üçüncüsü, Moskvanın Qarabağ klanına rəğbəti və güclü təsiri var, separatçıların indiki lideri Bako Saakyan isə çoxdan "Kremlin tulası” ayaması daşıyır.
Demək, bu klanın zərərsizləşdirilməsi Paşinyanın öz hakimiyyət dayaqlarını saxlamaq və Moskvadan qorumaq üçün həyati önəm kəsb edir.
"Paşinyan anlayır ki, Qarabağda ”səhra komandirləri"nə bağlı qüvvələr var. Onlardan Ermənistana gətirib terrordan tutmuş, sui-qəsd hadisələrinə qədər bir çox sahədə istifadə edə bilərlər". Bunu teleqraf.com-a politoloq Rasim Musabəyov deyib. "Bu mənada o, Qarabağ klanını yalnız Ermənistanda neytrallaşdırmaqla kifayətlənməyəcək. Qarabağda da klanın mövqeyini zəiflətmək istəyəcək”, - deyə bildirib.
Bəs Paşinyan Qarabağ klanını zəiflədib zərərsizləşdirə və ardınca Qarabağ məsələsində daha müstəqil mövqe tuta biləcəkmi?
Politoloq Elxan Şahinoğlu bu xüsusda hələlik nikbin deyil. Son aylar Qarabağ məsələsində diplomatik fəallığın artmasını pozitiv hal sayan ekspert bununla belə, Nikol Paşinyanın hazırkı vəziyyətindən dolayı danışıqlarında tezliklə mühüm dönüş gözləmir. "Hələlik tərəflər arasında keçirilən görüşlərin müsbət nəticəsi yoxdur. Bu təmaslar münaqişənin həlli prosesini sürətləndirməyəcək. Çünki Nikol Paşinyan münaqişənin həlli istiqamətində addım atmağa hazır deyil. Ona görə ki, Qarabağ klanından ehtiyat edir. Bu addımı atarsa, ona güclü təzyiq ola bilər. Hələ ki cəbhə xəttində nisbi sakitlikdir. Amma qarşıdakı 2-3 ayda münaqişənin həllində irəliləyiş olmasa, cəbhədə gərginlik baş verə, atəşkəs rejimi də pozula bilər”.
Öz xalqına islahatlar və yaxşı güzəran vəd edən Paşinyan üçün daha bir problem artan müharibə riski ilə bağlıdır. Bu riskin neytrallaşdırılması ona Qarabağ məsələsində konstruktiv mövqe tutmağı, Qarabağ məsələsində konstruktivlik isə Qarabağ klanını zərərsizləşdirməyi diktə edir.
Bu yandan da Ermənistanın iqtisadi-maliyyə və demoqrafik göstəriciləri pisləşməkdə davam edir. Məsələn, Ermənistanın "Jamanak” qəzeti ölkənin bank sistemindəki etibarlı mənbəsinə istinadən yazıb ki, Mərkəzi Bankın ölkədə makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə rəğmən, milli valyuta olan dramın devalvasiyası davam edir.
"Mənbəmiz bildirir ki, əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi artıq xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları da xeyli məhdudlaşıb” - məlumatda qeyd olunur. O da vurğulanır ki, Paşinyanın seçkilərədn sonra səsləndirdiyi "bu gündən Ermənistanda iqtisadi inqilab dövrünün başlandığını elan edirik” bəyanatı ölkənin mövcud valyuta ehtiyatları və hazırkı inkişaf reallıqları ilə tərs mütənasibdir: "Nədən ki, investisiya və bir sıra digər problemlərlə üzləşən Ermənistanda iqtisadiyyatın bütün sahələrində geriləmə, bank sektorunda ciddi valyuta çatışmazlığı və dövlət borcunun durmadan artması illərdir ekspertlərin Ermənistanın bankrot ölkəyə çevriləcəyi barədə verdikləri proqnozun reallaşacağı günü yaxınlaşdırır”.
Bu arada isə Ermənistan əhalisinin daha 7 min nəfər azaldığı məlum olub. "Yeni Müsavat”ın məlumatına görə, demoqraf Ruben Yeganyan belə deyib. Onun sözlərinə görə, rəsmi rəqəmlər reallığı əks etdirmir və təbii artım göstəricilərini nəzərə almır.
"Bizim hesablamalarımıza görə və bütün faktorlar nəzərə alınmaqla, ötən il bu rəqəm kiçilib. Ölkədəki siyasi dəyişikliklər ermənilərin vətənə qayıtması üçün yeganə müsbət amil olsa da, o da sırf psixoloji önəm daşıyır. Əgər sovet dövründə adamlar öz həyat şəraitlərini daha da yaxşılaşdırmaq üçün çıxıb gedirdilərsə, indi sırf sağ qalmaq naminə ölkəni tərk edirlər” - demoqraf əlavə edib.
Rasim Musabəyov isə hesab edir ki, cəmi 3 ay sonra - 2019-cu ilin aprelində Ermənistanda inqilabın 1 ili tamam olacaq və bu zaman müəyyən qüvvələr Paşinyandan hesabat tələb edə bilər: "İndi Paşinyan komandası deyir ki, ölkədə yaxşılığa doğru ciddi dəyişiklik baş verməsə də, oliqarxların sıxışdırılması, rüşvətə qarşı addımlar və müəyyən həbslərin aparılması rəsmi təbliğatın əsas motivinə çevrilib. Ancaq reallıq odur ki, camaatın yaxşı yaşayacağı haqda vədlərlə bağlı günün birində hesabat sorulacaq. İş ondadır ki, Paşinyana xaricdən heç kim pul vermir. Ona açıq deyilir ki, istər korrupsiyaya qarşı savaş aç, istər demokratiyanın zirvəsinə çat, qonşularla əlaqələri normallaşdırmadan Ermənistana heç kim investisiya gətirməyəcək. Üstəlik, Azərbaycanla əlaqələri yoluna qoymadan rusun ətəyindən yapışmalı olacaqsan. Həm də indi Ermənistan aldığı borc hesabına əvvəlki illərin borclarını bağlayır. Gələn il 800 milyon xarici borc ödəməlidir”.
Ekspert Ermənistandakı indi müxalifətə keçən qüvvələrin Paşinyana qarşı demarş göstərmək imkanlarının qaldığını da bildirib: "Sabah Paşinyan hökuməti 800 milyon borcu qaytarmaq üçün devalvasiyaya getməli olsa, insanların güzəranı qəfil pisləşə və narazılıq qabara bilər. Bu zaman, sözsüz ki, müxalifət də vəziyyətdən istifadə etməyə çalışacaq. Nəzərə alsaq ki, hökumət bu qüvvələri yerində oturtmaq üçün Qarabağda gücdən istifadə etmək istəyinə düşsə, qarşıdurma yarana bilər. Paşinyan onu da anlayır ki, Qarabağ danışıqlarını ölü nöqtədən tərpədib normal danışıqlar formatına gətirmək lazımdır, ancaq bu həm də ona qarşı olan qüvvələrin Qarabağ kartından bəhanə kimi istifadə etməsinə şərait yaradır. Bu baxımdan Paşinyan hökumətinin vəziyyəti olduqca mürəkkəbdir”.
Bunu, şübhəsiz ki, erməni baş nazirin özü də anlayır. Odur ki, seçim ən əvvəl onundur.../musavat.com/