Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib. "Report" xəbər verir ki, "Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına burada həyata keçirilən işlər və yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, layihənin ikinci mərhələsində kompleksdə saatda 5 ton emal gücü olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin toxumu istehsalı zavodu, saatda 200 ton təmizləmə və 50 ton qurutma avadanlığı ilə təchiz olunmuş, ümumi həcmi 36 min ton saxlama gücü olan rezervuarlar quraşdırılıb. Bundan başqa, kompleksdə sutkada 120 ton emal gücü olan dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket, yeraltı avtomobil dayanacağı inşa edilərək istifadəyə verilib.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Məlumat verildi ki, müəssisə toxum istehsalından başlayaraq taxılın becərilməsini, emalını son istehlak məhsuluna gətirərək əhaliyə təqdim edir. Məhsullar həm keyfiyyət göstəricilərinə, həm də beynəlxalq bio standartlarına tam cavab verir. İstehsal sahələrində istifadə olunan bütün texnoloji xətlər Almaniya və İsveçrə avadanlıqlarıdır. Müəssisə beynəlxalq bio sertifikat alınması məqsədilə müvafiq sertifikatlaşma proseslərini həyata keçirərək, istehsal edəcəyi toxum və digər yarımfabrikat məhsulları ixrac etmək istiqamətində müvafiq iş aparır.
Kompleksdə, eyni zamanda, 300 yerlik multifunksional mədəniyyət mərkəzi də yaradılıb. Burada müxtəlif səpkili tədbirləri yüksək səviyyədə keçirmək mümkündür.