7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Bakı şəhərinin sakinləri ictimai nəqliyyatın fəaliyyətindən narazıdırlar.
Hər gün mənzil başına çatmaq üçün dayanacaqda gecikən avtobusları gözləyən, saatlarla tıxacda qalan, metro qatarlarındakı sıxlıqdan yorulan sərnişinlər tramvayın bərpasının tərəfdarıdırlar.
İctimai nəqliyyatla bağlı vətəndaşların fikrini öyrənən MTM (Media Təhlil Mərkəzi) sorğuda iştirak edən respondentlərin 52,6%-i ölkəmizdə tramvayın fəaliyyət göstərməsini istəyir. Bundan başqa, sorğu iştirakçılarının 34,6%-i metrobusun, 12,8%-i trolleybusun fəaliyyətinin bərpasını arzulayır.
Xatırladaq ki, paytaxt Bakıda 1924-cü ildə ilk elektrik tramvayı açılıb. Həmin ildən 1990-cı illərin sonuna qədər paytaxtda tramvaylar fəaliyyət göstərib. Tramvayların fəaliyyətinin dayanmasından sonra 2000-2004-cü illərdə tramvay nəqliyyatı xətləri tamamilə sıradan çıxarılıb. Tramvay həm də daha ucuz nəqliyyat vasitəsidir.
Çünki nəqliyyatın bu növündən benzindən deyil, elektrik enerjisindən istifadə edilir. Lakin hazırda tramvayın bərpasının mümkünlüyü sual altındadır.
Sozcu.info-nun məlumatına görə, nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı Cebhe.info-ya danışarkən bildirib ki, tramvayın bərpası üçün imkanlar var. O, tramvay xətlərinin sıradan çıxarılmasının səhv addım olduğunu vurğulayıb:
“Vətəndaşlarımızın doğrudan da böyük istəyi, arzusu var ki, nəqliyyatın gözəl növlərindən biri olan, dünyanın əksər şəhərlərində fəaliyyət göstərən tramvaylar Bakıda da bərpa olunsun. Əslində, bunun üçün imkanlar var. Təəssüf ki, Bakının ovaxtkı rəhbəri, yəni 90-cı illərin sonlarında, xüsusən Rafael Allahverdiyevin dövründə, ardıyca da Hacıbala Abutalıbovun ciddi cəhdləri ilə tramvay və trolleybuslar paytaxtda yox edildi. Bu gün görürük ki, çox böyük səhv addım atıblar.
Çünki ictimai nəqliyyatın növləri nə qədər çox olsa, həmin şəhərlərdə nəqliyyat sferasının inkişafı daha çox olur. İki əsas ictimai nəqliyyat növünü yox etdilər. Bu gün sakinlər iki nəqliyyat növü- metro və avtobus arasında çətin durumda qalıblar. Üçüncüsü isə taksidir ki, qiyməti baha olduğu üçün hər kəs üçün əlçatan deyil. Amma bu gün insanlar məcburiyyətdən baha qiymətli taksidən də istifadə edirlər. Onun yerinə tramvay, trolleybus olsaydı, daha təhlükəsiz və rahat olardı. Nəzərə alsaq ki, bir tramvayın 100-dən artıq sərnişin daşıyır”.
Ekspert deyir ki, bu məsələ dövlət proqramında da qeyd olunub:
“Prezident İlham Əliyev tərəfindən 2019-2023-cü illəri əhatə edən dövlət proqramı təsdiqlənib. Həmin proqramda tramvay və trolleybusun yenidən bərpası məsələsi də yer alıb. Sadəcə, 2020-ci ildən bu tərəfə həm müharibə, həm də pandemiya yaşamışıq. Həmin proseslər görünür ki, bu işlərə ciddi əngəllər yaradıb. Amma Bakının Baş planı hazırlanıb. Düşünürəm ki, Baş planda bu məsələyə ciddi yer ayırmaq lazımdır. Bildiyim qədəriylə, müəyyən istiqamətlər üzrə tramvayların bərpası məsələsi düşünülür. Yəni bu gün avtomobilləşmənin, tıxacın qarşısını almaq və insanlarımızı ictimai nəqliyyata qaytarmaq üçün tramvay mütləq şəhərimizə qayıtmalıdır”.