“Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi.

Dünyada cərəyan edən proseslər, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labüd edirdi.

Beləliklə, qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra irad və tənqidlər bildirildi”.

Sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib.

            Yeni qanunda diqqət çəkən bir neçə məqam var. Bu qanunun qəbulundan sonra hərkəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Proseslərin təhlili göstərir ki, bizi qarşıda yeni çağırışlar gözləyir. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq.

Beləliklə qeyd etməliyəmki, yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli dəyişikliklərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə və yüksəlməsinə səbəb olacaq.

 

Natiq Həsənov 

Bülbülə bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti