12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
“Azərsu” ASC-nin sudan qənaətlə istifadə edilməsinə dair xüsusi iclasından sonra su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilib. Belə ki, son bir neçə həftədir Bakıətrafı ərazilərdə içməli su fasilələrlə verilir.
Vətəndaşların şikayətlərindən aydın olur ki, Xırdalan, Binəqədi, Yasamal, Suraxanı, Xəzər rayonlarında əvvəllər daimi su verilən ərazilərdə hazırda suyun verilişində məhdudiyyət var. Şikayətçilərin sözlərinə görə, gecə saat 23:00-dan sonra su olmur və səhər 07-07:30-da su verilişi bərpa olunur. Vətəndaşlar deyir ki, bəzən gündüzlər də su fasilələrlə verilir.
Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirdi ki, paytaxtda suyun fasilələrlə verilməsi su ehtiyatının azalması ilə əlaqədardır: “Mənbələrdən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Bu, su komissiyasının qərarına əsasən edilib. Bu azalma nəticəsində bəzi ərazilərdə tənzimlənən qrafiklər, suyu fasiləsiz alan yerlərdə fasilələrlə suyun verilməsi, bəzi ərazilərdə qafiklərin azaldılması tətbiq olunur”.
Xəzər rayonunda, Xırdalanda gecə saatlarında suyun verilişini dayandırırıq. Qaraçuxur qəsəbəsi istiqamətində, Bakıətrafı əksər kənd və qəsəbələrdə tənzimləmə işlərimiz həyata keçirilir. Çalışırıq ki, səhər-axşam insanları təsdiqlənmiş qrafikə uyğun su ilə təmin edək”.
A.Cəbrayıllı bildirib ki, əvvəllər təsdiq olunmuş qrafik iyun ayında - suya tələbat artdığı, havaların istiləşdiyi dövrdə tətbiq olunurdu. Bu il isə fevralın birinci ongünlüyündən bu qrafik tətbiq edilməyə başlanılıb. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalması ilə bağlıdır.
Tətbiq olunan fasilələrin hansı müddətdə davam edəcəyinə gəlincə isə, “Azərsu” rəsmisi bildirib ki, əgər yağıntılar artarsa, bolsululuq yaşanarsa, bu qrafiklərə yenidən baxıla bilər: “Yağıntılar bu templə davam edərsə, qarşıdakı aylarda da bu qrafiklər tətbiq olunacaq”. (qafqazinfo)