Sayğaclarla bağlı MTK-lara rəsmi - Xəbərdarlıq


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib.

Sozcu.info bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxılıb. Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.

Təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021-2022-ci illərdə Dövlət Xidməti müvafiq göstərişlər verib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərib.



Oxşar Xəbərlər

Xəbər lenti