8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bugün, güclü, peşəkar və təchizatlı ordu olmadan müstəqil yaşamaq, müstəqilliyi qorumaq demək olar ki, mümkün deyil. Azərbaycan o ölkələrdəndir ki, onun güclü və peşəkar, vətənpərvər ordusu var.
1914-cü ilin avqustunda yaradılmış “Tatar süvari alayı”-nın tərkibi əsasən azərbaycanlılardan ibarət idi. Bu diviziya I Dünya müharibəsində böyük şücaət göstərmişdir. Sonralar bu diviziyanın şəxsi heyəti hesabına AXC dövründə 1918-ci il 26 iyunda Ə.Şıxlınskinin rəhbərliyi altında Milli Ordu yaradıldı. Qısa vaxt ərzində mövcud olsa da bu ordu xeyli uğurlar əldə etdi. Ölkəmiz 1920-ci ildə işğala məruz qaldıqda onun ordusu da ləğv edildi. 1969-cu ildə ölkə rəhbərlinə gələn Heydər Əliyev ordu quruculuğunda ilk addımları atmağa başladı. 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəb yaradıldı. Bu məktəbin zabitləri müstəqillik illərində ordunun formalaşmasında böyük rol oynadı. 1991-ci ildə müstəqilliyi yeni bərpa edən ölkəmiz işğala məruz qaldı. 1994-cü ildə Heydər Əliyev Bişkekdə Ermənistanla atəşkəs sazişi imzaladı. Əslində bu müqavilə vaxt qazanmaq üçün imzalanmışdı. Bundan sonra ordu quruculuğu sürətlə həyata keçirilməyə başladı. 1999-cu ildə Hərbi Akademiya yaradıldı. Eyni ildə Xüsusi Təyinatlı Qüvvələr yaradıldı.1998-ci ildə Heydər Əliyevin qərarı ilə hər il 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd edilməyə başlandı. Xarici ölkələrdən xeyli silah və sursat alınmağa başlandı. NATO ilə əməkdaşlıq həyata keçirilməyə başlandı. 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşuldu. 2000-ci illərin əvvəlindən bu əməkdaşlıq daha da gücləndi. Bugün ölkəmizin ordu sıralarında yüzlərlə NATO təlimində iştirak etmiş hərbçilər var. 90-cı illərdən başlayan Türkiyə ilə hərbi əməkdaşlıq bugün ən yüksək səviyyəyə çatmışdır. 2003-cü ildə prezident seçilən İlham Əliyev ordu quruculuğuna diqqəti daha da artırdı. Onun qərarı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bugün artıq ölkəmizdə müxtəlif adda yüzlərlə döyüş vasitəsi istehsal edilir. İstiqlal snayperi artıq ölkəmizdən kənarda da məşhurdur. Müxtəlif hərbi maşınlar, aviasiya bombaları, pualar öz zavodlarımızda istehsal edilir.
Ordu quruculuğunun bəhrələri ilk dəfə 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Daha sonra 2018-ci ildə Günnüt əməliyyatında da uğurlu nəticələr əldə edildi. Amma əlbəttə ordumuzun şah əsəri 2020-ci ildə baş vermiş və 44 günlük davam edən, zəfərlə nəticələnən Vətən Müharibəsidir. Dəmir Yumruq əməliyyatı çərçivəsində 300 dən çox yaşayış məskənini azad edən ordumuz böyük uğur göstərmişdir. Bu müharibədə bütün ordu növlərimiz iştirak etmişdir. Ali Baş Komandanının sözü ilə desək “ Ermənistandan fərqli olaraq 44 günlük müharibədə bir nəfər də olsun əsgərimiz geri çəkilməmişdir, fərarilik etməmişdir. Ancaq irəli getmişdir”. Müharibədən sonra yüzlərlə əsgər və zabitimiz müxtəlif fəxri adlarla təltif edilmişdir. Müharibə tətbiq edilən hərbi stategiya və ən müasir silahlardan istifadə, həmçinin ordumuzun möhtəşəm Şuşa əməliyyatı Amerika, Avropa və rus mətbuatında geniş təhlil edilmiş və yüksək qiymətləndurilmişdir.
Müharibədən 1 il sonra Azərbaycanda yeni ordu növü olan Komando birlikləri yaradılmışdır. Müxtəlif mürəkkəb əməliyyatları keçirməyə qadir olan bu birləşmələr sırf Türkiyə ordu modeli əsasında qurulmuşdur və bugündə davam etdirilir. Elə 2 gün öncə Ali Baş Komandanın iştirakı ilə yeni Komando hərbi hissəsi istifadəyə verildi. Çıxış edən cənab prezident bildirdi ki, bundan sonra da komando birliklərinin yaradılması davam etdiriləcək. Yeni silahlar alınır və alınacaq.
Bugün ordumuzun cərgələrində Ə.Şıxlınski, S.Mehmandarov, H.Aslanov, P.Həşimov, A.Aqarunov kimi zabitlərin yolunu davam etdirən xeyli hərbçilərimiz var.
Beləliklə, uzun və şərəfli yol keçmiş ordumuz cənab İlham Əliyevin birbaşa dəstəyi sayəsində inkişaf edir, daha da peşəkarlaşır və tam əminliklə deyə bilərik ki, Vətənimizin sərhədləri uğurla qorunur!
Gülnarə Hənifəyeva
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info