Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Hörmətli İnam müəllim, Siz ölkəmizin ən islahatçı məmurlarından birisiniz və bu sahədə özünüzü əməli fəaliyyətinizlə təsdiqləyibsiniz. İstər “ASAN Xidmət”in yaradılmasında göstərdiyiniz xidmətlər, istərsə də Kənd Təsərrüfatı sahəsindəki innovativ çalışmalar Siz Ali Məhkəmənin sədri təyin olunanda bir çox insanda hüquq sahəsində də ciddi islahatların aparılacağına ümid yaratmışdır. Sirr deyil ki, demokratik cəmiyyət quruculuğu, Qərbə inteqrasiya, vətəndaş hüquq və azadlıqlarının təmin olunması, ölkəmizin müasirləşməsi, xarici investisiyaların cəlbi və sairə kimi sahələrin inkişafında bu islahatlar böyük əhəmiyyət daşıyır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirməyə, düşmənlərimizin susdurulmasına xidmət edir. Bu baxımdan hüquq islahatları yalnız vətəndaş hüquq və azadlıqlarını bərqərar etməklə yeni cəmiyyət quruculuğuna töhfə vermir, həm də geo-siyasi və iqtisadi əhəmiyyət daşıyır. Sözsüz ki, bu çətin işdə sizin çiyinlərinizə ağır yüklər düşür və on illərlə toplanmış problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Üstəlik, köhnə təfəkkürlə çalışan kadrların birdən-birə yeni çağırışlara cavab verəcək dərəcədə özlərini islah etməsi də çətindir və yəqin ki, bu sahədə siz ciddi müqavimətlə üzləşəcəksiniz, bəlkə də üzləşməkdəsiniz. Hesab edirəm ki, bu çətin işdə biz jurnalistlər də sizə dəstək olmalı, qarşılaşdığımız qanun pozuntularını qələmə alaraq məhkəmə sistemi üzərində ictimai nəzarəti həyata keçirməliyik. Şəxsən mən bu sahədə apardığım jurnalist araşdırmaları ilə sizə dəstək olmağa çalışacağam.Hörmətli İnam müəllim, təəssüf edirəm ki, sizə ilk müraciətim özümlə bağlıdır. İnanın, başqa alternativim olsaydı, şəxsi məsələm üçün sizi narahat etməzdim.Diqqətinizə çatdırım ki, mən Naxçıvandakı Vasif Talıbov xuntasına qarşı ən aktiv mübarizə aparanlardan olmuşam və bu səbəbdən də ən ağır həqarətlərə, söyüşlərə məruz qalmışam. Haqqımda ən nalayiq söyüş kampaniyası aparılmasına qarşı uzun müddət səbrli susqunluqla cavab vermiş, amma heç bir nəticə əldə edə bilməmişəm. Sonunda məcbur qalıb bu kampaniyanı aparan şəxsə bəzi iradlarımı bildirən reaksiyalar vermişəm. Nəticədə həmin şəxs məni “qızcığaz”, “gülsatan qız” və özünün bəzi paylaşımlarını şərh etdiyimə görə məhkəməyə verib. Məhkəmədə haqqımda Cinayət Məcəlləsinə əsasən qaldırılan iddia da xeyli mübahisəli maddəyə söykənib – Cinayət Məcəlləsinin 148-ci və 147.2-ci maddəsi. Məlum olduğu kimi, Cinayət Məcəlləsindəki bu maddələr diffamasiyaya görə məsuliyyətə cəlbetməni nəzərdə tutur və BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların tərəfindən sərt şəkildə qınanılır. Beynəlxalq təşkilatlar Azərbaycanı dəfələrlə bu maddələrin ləğvinə çağırıb və ölkəmiz əleyhinə hazırlanan hesabatlarda əsas ittihamlardan biri kimi səsləndirilib. Məsələn, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberqin 2010-cu ildə Azərbaycan əleyhinə hazırladığı hesabatda deyilir:“Təəssüf ki, indiyədək diffamasiyaya görə cinayyət məsuliyyətinin ləğv edilməsi istiqamətində az irəliləyiş əldə olunmuşdur. Cinayət Məcəlləsinin müvafiq olaraq üç ilədək və altı ayadək həbs cəzası təmin edən 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri yenə də jurnalistləri təqib etmək məqsədilə istifadə edilməkdədir. Vətəndaş cəmiyyəti təmsilçilərinin bildirdiyi kimi, diffamasiya haqqında müddəalar əsasında jurnalistlərə qarşı açılan məhkəmə işlərinin sayı əslində artmışdır”.Uzun-uzadı örnəklərə yer verib dəyərli zamanınızı almaq istəmirəm. Sadəcə onu nəzərinizə çatdırıram ki, Suraxanı rayon Məhkəməsi 21 iyul 2023-ci tarixində mənim barəmdə də 147-ci maddənin 2. Hissəsinə əsasən hökm çıxarmış və ən qəribəsi də budur ki, mənim əməlimdə hətta beynəlxalq qınaqlara məruz qalan bu maddənin heç bir tərkibi belə bulunmamaqdadır. Belə ki, 147-ci maddənin təfsir hissəsində böhtan bu şəkildə tərif edilir: “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma”. Maddənin təfsir hissəsindən aydın olur ki, istənilən əməli böhtan adlandırmaq üçün həmin əməldə mütləq 3 hal olmalıdır. Bunlardan biri “bilə-bilə”dir, yəni qəsdi-qərəzçilikdir, digəri yalan danışmaqdır. Bir başqası isə qarşı tərəfin şərəf və ləyaqətini alçaltmaq məqsədi güdməkdir. Məntiqlə, bu hallardan sadəcə birinin yetərsizliyi həmin əməli böhtan adlandırmağa imkan vermir. Dərd burasındadır ki, mənim əməlimdə bu halların nəinki biri, heç 3-ü də yoxdur. Əvvəla, mənim adını çəkmək istəmədiyim həmin şəxs barədə dediklərim yalan deyildi. Mən onun öz statusuna əsaslanıb o fikirləri irəli sürmüşəm. Həmin şəxsin özü özünə iftira atması mümkün olmadığından mənim onun barəsində səsləndirdiyim fikirlər də yalan ola bilməz. Yalan olsa belə, bu mənim yox, özü özünə iftira atan həmin şəxsin günahıdır. Elədirsə, mən niyə onun günahının sorumluluğunu daşıyıram?İkincisi, həmin şəxs özü-özünə iftira atıbsa belə, mən o iddiaların yalan olduğunu bilməmişəm və iddiaların doğruluğuna tam əmin ola-ola bu fikirləri səsləndirmişəm. Məntiqlə, burada 147-ci maddənin “yalan olduğunu bilə-bilə” şərti də pozulur.Üçüncüsü, mənim hədəfim həmin şəxs yox, hansısa terror təşkilatına himayədarlıqda şübhəli bilinən Vasif Talıbov idi. Haqqında danışdığım həmin statusu onun bu istiqamətdə fəaliyyətini tam şəkildə ortaya qoyduğu üçün mən də fikirlərimi əsaslandırmaq üçün ondan istifadə etmişəm. Hədəfim status müəllifi olmadığından onun şərəf və ləyaqətini alçaltmaq kimi bir niyyətim də yox idi. Bu mənada mənim diffamasiya maddələrinə əsasən cəzalandırılmağım beynəlxalq və yerli qanunveriliyə görə tamamilə absurddur və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyim təqdirdə ölkəmizin adına növbəti qınaq gətirməyə xidmət edir. Açığı, bir vətənpərvər kimi, mən bunu etmək istəmirəm. Odur ki, Apellyasiya Məhkəməsinə müraciət edib üzərimdəki məhkumluq damğasını götürməyə çalışıram. Di gəl ki, Suraxanı rayon Məhkəməsi bu haqqı da mənə verməkdə maraqlı görünmür. Məhkəmə hökmünün çıxarılmasından 4 gün keçməsinə və mənə apellyasiya şikayəti verməyim üçün 20 gün möhlət tanınmasına baxmayaraq, hələ də məhkəmə qətnaməsini ala bilməmişəm. Dünən Suraxanı rayon Məhkəməsinə şəxsən müraciət etməyim belə heç bir nəticə vermədi. Halbuki, hər gün mənə verilən möhlətdən gedir və məhkəmədə qarşılaşdığım süründürməçiliyi özünümüdafiə hüququmun pozulması kimi qiymətləndirirəm.Cənab İnam Kərimov, Siz həm də Hüquq Məhkəmə Şurasının sədrisiniz. Azərbaycan məhkəmələrində baş verən bütün qanunsuzluqlar birbaşa sizin ayağınıza yazılır və mən düşünürəm ki, köhnə komandaya biət etmiş hakimlər sizin aparacağınız islahatları boykot və uğursuzluğa düçar etmək məqsədilə bu qanunsuzluqları həyata keçirirlər. Ümidvaram ki, diqqətinizə çatdırdığım bu təxribat xarakterli nüansları nəzərə alacaq və mənim özünümüdafiə haqqımın qorunmasında əlinizdən gələni edəcəksiniz. Məhkəmədə qarşılaşdığım prosessual qanun pozuntuları barəsində digər qeydlərimi apellyasiya şikayətimdə yazacağımdan sizi indidən narahat etmək istəmirəm. Həmin şikayət ərizəmi də həm burdan paylaşaraq, həm də şəxsən sizə göndərərək hakimlərinizin hansı qabiliyyətə malik olduqları barədə sizi və ictimaiyyəti məlumatlandıracağam.Heydər Oğuz - ovqat.com-un baş redaktoru