Azərbaycan əhalisinin sayı yenidən hesablandı - SON STATİSTİKA

“2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanan əhalinin sayı 2023-cü il iyul ayının 1-nə olan məlumata görə, 10 milyon 151 min 517 nəfər olub”.

Sozcu.info xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Məlumatda qeyd edilir ki, əhali sayına Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali sayı aid daxil edilməyib.

Azərbaycanda bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində ölkədə 53918 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 10,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub.

2023-cü ilin birinci yarısında ölkədə 30165 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 6,5-dən 6-a düşüb.

Bu ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1907 nəfər gələn, Azərbaycandan isə 1288 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 619 nəfər təşkil edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}