Tanınmış jurnalist Səhrəd Məmmədovun 78 yaşı tamam olur -55 il əldə qələm/FOTO

Budur, jurnalistikamızın ağsaqqallarından biri olan Əməkdar jurnalist Səhrəd Məmmədov ömrünün 78-ci baharına qədəm qoyur. İlkin olaraq “Abşeron” qəzetində görkəmli jurnalistlər: - Namiq Abbasov, Məmməd Əfşan, Polad Qasımov, Əjdər Fərzəli, Əbdül Qəni kimi qələm ustalarının yanında zəngin təcrübə qazanan, getdikcə püxtələşən gənc qələm sahibi Azərbyacan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən artıq özünü  sanballı bir jurnalist kimi tanıtmağa başlamışdır.

Beşillik unudulmaz Universitet illərində Mir Cəlal, Nurəddin Babayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman Zeynalov, Fəmil Mehdi, Cahangir Məmmədov, Akif Rüstəmov, Qulu Xəlilov kimi görkəmli jurnalistlərin, professor və alimlərin jurnalistika sahəsində qazandıqları zəngin təcrübədən bəhrələnərək, bu elmin dərinliklərinə baş vurmuş, onun incəliklərini öyrənmiş, püxtələşmişdir.

Ömründən keçən bu illər əzrində Respublikanın bir sıra dövri mətbuatlarında çalışan S.Məmmədovun qələminin məhsulu olan oçerk, məqalə, felyetonlar daim oxucular tərəfindən razılıqla qarşılanmş, jurnalist adını, jurnalist nüfuzunu, jurnalist məsuliyyətini öz çiyinlərində hiss etmiş, heç vaxt haqqı-nahaqqa verməmişdir. Əlinə qələm alarkən yüz olçüb bir biçmiş, qərəzdən,  şantajdan uzaq durmuş, kimin kim olduğunu bədii və satirik lövhələrlə oxuculara təqdim etmişdir. Özünün dediyi kimi daim jurnalist adının ucalığına söykənmiş, jurnalist olduğuna görə fəxr etmişdir. Bir sözlə həyatda nə qazanıbsa öz qələminin, öz istedadının sayəsində nail olmuşdur.

“Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Qalibiyyət bayrağı”, “Kəndin səsi” qəzetlərində və “Kirpi” jurnalında əməkdaşlıq etdiyi illər xüsusi ilə məhsuldar olmuş, jurnalistikamızın inkişafında əlindən gələni əsirgəməmiş, adlı-sanlı qələm sahibi kimi öz imzasını sevdirmişdir.

Səhrəd Məmmədov Birinci və İkinci Qarabağ Böyük Vətən müharibələrinin demək olar ki, ən fəal iştirakçısı kimi daim ön cəbhələrdə olmuş, erməni quldurlarının törətdikləri qanlı cinayətləri geniş oxucu kütləsinə operativ surətdə çatdırmışdır. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən şəhidlər və törədilən yanğınlar barədə ilk dəfə Respublika mətbuatında qələmə alan da məhz Səhrəd Məmmədov olmuşdur.  Onun “Odlara qalanan kənd” məqaləsi 1990-cı illərdə Respublikanın Demək olar ki,ölkənin  əksər dövri mətbuatında dərc olunmuşdur. Müəllifi olduğu “Viran qalmış yurd yerləri” kitabı büsbütün müharibə illərindən bəhs edir.

Məhsuldar qələm sahibi olan Səhrəd Məmmədov 30 ildir ki, “Kirpi” jurnalında fasiləsiz olaraq külünk vurur. Onun hər bir satirik yazısı, felyetonu öz sanballığı ilə diqqəti cəlb edir. Elə bu səbəbdən onun imzasını səbirsizliklə gözləyən oxucunun sayı-hesabı yoxdur. Adətən bu felyotonların əksəri ünvanlı olduğuna görə “Kirpi” jurnalında ilkin olaraq məhz Səhrəd Məmmədovun imzası axtarılır.

Qeyd etməyi dönə-dönə lazım bilirəm ki, Səhrəd Məmmədov bu 55 illik jurnalistlik fəaliyyəti dövründə bəlkə də çoxlarının nail olmadığı yüksək titulların sahibi olmuşdur. “SSRİ” jurnalistlər İttifaqının, Azərbyacan jurnalistlər İttifaqının üzvü, “Əməkdar jurnalist”, “Qızıl qələm” mükafatı laureatı, Fəxri Fərmanlar, “Diplomlar, qiymətli mükafatlar:- Bütün bunlar hamısı məhz onun alın tərinin, gərgin zəhmətinin bəhrələridir.

Hazırda “Kirpi” jurnalının redaktoru vəzifəsini icra edən qələm dostumuzu bir daha ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Arzuman Loğmanoğlu

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}