Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Bakının Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb. Qeyd olunub ki, prospektdə velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.
“Əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır”, - deyə şikayətçilərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov xətlənmə faktını təsdiqləyib.
“Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib. Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil”, - deyə o qeyd edib.
Bu xətlənmə paytaxtın digər yerlərində də davam edəcəkmi? Əhəmiyyəti nədir?
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, yolun sağ hissəsi velosiped zolağı kimi istifadə olunur. Ondan sonrakı zolaq saxlamaq, digəri isə nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub.
“Hesab edirəm ki, bu yanaşma təhlükəsizlik baxımından düzgün deyil. Təsəvvür edin ki, yolun ortasında maşınlar dayanır. Sol tərəfdə avtomobillər hərəkət edir, sağ tərəfdə isə ayda bir dəfə bir velosiped keçir.
Doğrudur, bu xətlənmənin əhəmiyyəti var. Velosiped zolaqları olmalıdır. Lakin bu formada tətbiq etmək düzgün yanaşma deyil. Fikrimcə, sağ hərəkət hissəsi birbaşa parkinq olmalı, velosiped zolağı isə solda olmalıdır. Vətəndaşlar avtomobillərini rahat şəkildə park edib çıxa bilməlidirlər.
Velosiped zolaqlarına ayrıcı rezin maneələr formasında sədd qoyublar ki, heç kim ora daxil olmasın. Hansısa fövqəladə vəziyyət yaransa və bütün nəqliyyat axını ora yönəldisə, o zaman həmin hissədə hərəkət necə tənzimlənəcək? Sualların cavabı açıq qalır. Bəzək üçün, mikromobillik adı ilə edirlər, əla alqışlayırıq. Ancaq gözlənilməz hadisələri də nəzərə alsalar yaxşı olar.
Tutaq ki, şəxs velosipedlə hərəkət edir, sürücü isə avtomobili park edir. Şəxs avtomobil park etdikdən sonra sərnişin qapını açarkən velosiped sürənlə toqquşub onu əzəcək. Sürücü də qapını açanda yolun hərəkət hissəsində bir-birinə sürtünə-sürtünə gedən avtomobillərlə toqquşacaq. Bu bizə lazımdırmı?! Çox əcaib bir variantır. Ən yaxşı üsul sağ tərəfi parkinqə ayırasan, daha sonrakı isə velosiped zolağı edilsin. Bütün velosiped zolaqlarına o qədər maneələr yapışdırmaq lazım deyil. Onsuz da hamı bilir ki, ora velosiped zolağıdır və ora daxil olmağın cəriməsi 100 manatdır. Avtobus zolağına heç bir maneə qoyulmayıb. Görün, heç oraya girən var. Bəs velosiped zolağına bu qədər həngaməni gətirib qoymaq kimə lazımdır?
Hansısa bir hadisə olanda nəqliyyatın hərəkətini tənzimləmək yol polisinin üzərinə düşür. Yol polisi məcburdur ki, axını bir yerə yönləndirsin. O zaman isə plastik maneəyə görə heç kim velosiped zolağına daxil ola bilməyəcək.
Digər yerlərdə belə xətlənmələri mən tövsiyə etmirəm. Azərbaycan cəmiyyəti buna hazır deyil. Çox adamın bundan başı çıxmır. Ümumiyyətlə, estetik baxımdan gözəl görünmür. Ən vacibi təhlükəsizlik nəzərə alınmalıdır".
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, Mətbuat prospektinin Ayna Sultanova küçəsinin kəsişməsindən Bəxtiyar Vahabzadə küçəsinin birləşdiyi yerə qədər velosiped yolu düzəldilib. Azərbaycan Nəşriyyatının qabağında olan hissədə parklanma yerləri də təşkil olunub.
“Bu çox maraqlı yanaşmadır. Belə ki, velosiped yolunun sol tərəfindən parklanma yeri yaradılıb. Sadəcə, bu yeniliyin gələcəkdə nə kimi müsbət tərəflərinin olacağını mən düşünə bilmirəm. Ümid edək ki, yaxşı olacaq”.