7-05-2025, 17:45
28-04-2025, 21:13
27-04-2025, 16:04
25-04-2025, 15:54
25-04-2025, 15:51
TƏBRİKLƏRƏ SÖZARDI
Aprelin 24-ündə yaşıllıqlar qoynunda cilvələnən doğma yurdum Beyləqanda həmyerlilərimlə keçirdiyim o gözəl görüşün təsirindən hələ də ayrıla bilmirəm. Və iki gündür onlardan aldığım təbriklərin arası kəsilmir. Həmin gün mənimlə olan elm, ədəbiyyat xadimlərinə – dostlarıma, Beyləqan ictimaiyyətinə, tədbirin aparıcısı Rəşidə xanıma təşəkkürümü bildirir, hər birinizə var olun, deyirəm...
Bəli, bu gün qədim yurdumuzun hüsnü büsbütün dəyişib. Mən o gün insanların üz-gözündə bir sevinc, şuxluq gördüm, baxışlarda təzəlik duydum. Bu yerlərə yeni ab-hava gəlmişdi. Cəfər Cabbarlının təbirincə desək, sanki insan şüurunda inqilab baş vermişdi. Həmyerlilərimin həyata baxışlarında oyanış, təzəlik yaranmışdı. Mən bu həvəsi, yeniliyi son bir neçə ayda rayona gəlişimdə hiss etmişdim: üz-üzə gəldiyim insanların baxışından, etiraflarından, söhbətlərindən duymuşdum...
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun yenilikçi baxışlarını, işgüzarlığını, xalqla səmimi münasibətini, daim kəndlərdə, qəsəbələrdə sakinlərlə görüşlərini (şəhid ailələrinə, qazilərə göstərdiyi qayğı isə ayrıca bir yazının mövzusudur), haqqın, ədalətin yanında olduğunu camaatdan eşitsəm də o gün özüm də Başçının davranışında, söhbətlərində bəzi xüsusiyyətləri müşahidə etdim. Xatırladım ki, Əziz müəllimin Beyləqana Başçı təyin olunmasından heç bir il də ötməyib. Qarşıda isə hələ görüləcək nə qədər işlər var. Əziz müəllim Beyləqan camaatının sosial-rifah halının, mədəni səviyyəsinin daha da yüksəlməsi, milli-ictimai şüurun yenilənməsi üçün fərqli istiqamətlərdə də işlər görməyə qərarlı olan Dövlət Adamıdır. Bütün bunlar onu göstərir ki, cənab Başçı dövlətçiliyimizin qorunması, möhkəmlənməsi və inkişafında bütün səy və bacarığı, xalqına sədaqəti, əzmkarlığı ilə xidmətindədir. Elə bu təəssüratla da Bakıya döndük..
Ertəsi gün, yəni aprelin 25-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəri, Rusiya Milli Coğrafiya Cəmiyyətinin Krasnoyarsk Regional Bölməsinin Toponimika Komissiyasının sədri, Rusiyada yaşayan soydaşımız Eldar Əhədovla görüş keçirilib. (Həmin gün mən başqa tədbirdə olduğum üçün bu gözəl görüşə qatıla bilməmişdim...) Aldığım məlumata görə elm, ədəbiyyat, mədəniyyət adamlarının və Milli Məclisin deputatı, fəlsəfə doktoru Fazil Mustafanın iştirak etdiyi tədbir çox maraqlı keçib. Görüşdə iştirak edən Abid müəllim bu tədbirin bəzi detalları ilə səsləşdiyindən öz çıxışında Beyləqanda keçirilən görüşümüz haqqında da danışıb. Rayon İcra hakimiyyətinin Başçısı Əziz Əzizovun mədəniyyətə, ədəbiyyata əsl ziyalı mövqeyindən bəhs edib. Və onun əvvəldən axıradək tədbirdə iştirakını, sonda isə olduqca səviyyəli, maraqlı çıxışını qeyd edib. Abid müəllimin bu açıqlaması görüş iştirakçıları tərəfindən rəğbətlə, təqdirlə qarşılanıb...
Dünən isə Abid Tahirlinin sosial şəbəkədə “Başçı belə olar” başlıqlı bir paylaşımını gördüm. Abid Tahirli statusunda Əziz müəllimin qonaqlara göstərdiyi böyük ehtiramını yüksək dəyərləndirib. Və elə Yazıçılar Birliyində keçirilən görüşdə səsləndirdiyi fikirlərinə bir daha qayıdıb. Bu yerdə elə mən də düşünürəm ki, kaş rayonlarımızda Əziz Əzizov kimi, dövlətə sədaqətlə, prinsipiallıqla xidmət edən Başçılarımız çox olaydı...
ŞƏFƏQ NASİR