15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Azərbaycanda hər il fevral ayında pensiyalar artırılır. Artım qərarı fevralda verilsə də o, yanvar ayından hesablanmaqla pensiyaçılara verilir.
Bununla belə, artım mexanizmi ilə bağlı hələ də bəzi suallar açıq qalır. Əsas maraq doğuran məsələ odur ki, artım bütün pensiyaçılara tətbiq ediləcək, yoxsa müəyyən şəslərin pensiyasında artım baş verəcək.
Sozcu.info-ya bu haqda açıqlama verən iqtisadçı Natiq Cəfərlərinin sözlərinə əsasən, qərar pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. O xatırlatdı ki, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, bu artımdan bütün növ pensiyaçılar faydalanacaq:
“Poqnozlaşdırılır ki, artım 9 faiz səviyyəsində olacaq. Hələlik, 2025-ci ilin 11 ayında orta əməkhaqlarında olan artım sürəti bilinir. Fevralda əvvəlki ilin 12 aylıq nəticəsi açıqlanacaq və buna uyğun olaraq da bütün pensiyalar yanvarın 1-dən hesablanmaqla artırılacaq”.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Akif Nəsirli də bildirib ki, Azərbaycanda pensiyaların fevral ayından artırılması ilə bağlı müzakirələr əsasən illik indeksasiya mexanizmi ilə bağlıdır.
Onun sözlərinə əsasən, mövcud qanunvericiliyə görə, əmək pensiyaları adətən əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempi nəzərə alınmaqla indeksləşdirilir:
“Bu mexanizm əmək pensiyasının sığorta hissəsinə şamil olunur və məqsəd inflyasiya fonunda pensiyaçıların gəlirlərinin real dəyərini qorumaqdır. Artımın bütün pensiya növlərinə eyni dərəcədə aid olub-olmaması əsas suallardan biridir. Qanuna əsasən yalnız əmək pensiyaları indeksasiyaya düşür, sosial pensiyalar və xüsusi təyinatlı pensiyalar isə ayrıca qərarlarla artırıla bilər. Yəni artım universal xarakter daşımaya bilər və bəzi pensiya növləri üçün fərqli yanaşma tətbiq oluna bilər”.
Ekspert faiz dərəcəsinin adətən Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilər, xüsusilə orta aylıq əməkhaqqının illik artım faizi əsasında müəyyən edildiyini vurğulayıb:
“Hazırda səsləndirilən rəqəm 9,2%-dir. Bəzən hökumət sosial vəziyyəti nəzərə alaraq bu faizdən daha yüksək artım qərarı da verə bilər, lakin bu artıq siyasi və sosial-iqtisadi qərar kimi qiymətləndirilir. Minimum pensiya məbləğinin artırılması isə birbaşa indeksasiya mexanizmi ilə deyil, Prezidentin ayrıca sərəncamı ilə həyata keçirilir. Son illərin təcrübəsi göstərir ki, ümumi pensiya artımları fonunda minimum pensiyanın da yüksəldilməsi mümkündür, lakin bu, avtomatik xarakter daşımır. Ümumilikdə, fevral ayından gözlənilən artım pensiyaçıların gəlirlərini müəyyən qədər yaxşılaşdıra bilər, amma konkret rəqəmlər və əhatə dairəsi yalnız rəsmi qərarlar açıqlandıqdan sonra tam aydın olacaq. Hazırkı mərhələdə əsas gözlənti əmək pensiyalarının indeksasiyasıdır. Çünki bu qanunun tələbidir”.