4-03-2026, 17:13
1-03-2026, 17:52
20-02-2026, 22:48
17-02-2026, 10:40
16-02-2026, 17:44
Beyləqanda 8 Mart münasibətilə bayram tədbiri keçirilib
Beyləqan rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş geniş tədbir təşkil olunub. Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun “Şəms” şadlıq sarayında keçirilən tədbirdə rayon rəhbərliyi, müxtəlif idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan qadınlarının cəmiyyət həyatında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, ölkəmizin ictimai-siyasi, sosial və mədəni sahələrində qadınların fəallığı ildən-ilə artır və onların fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə qadınların cəmiyyətin inkişafında rolu xüsusi diqqət mərkəzində saxlanılır.
Çıxış zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərə və həyata keçirdiyi xeyriyyəçilik layihələrinə də toxunulub. Bildirilib ki, onun fəaliyyəti Azərbaycan qadınının humanist dəyərlərini və yüksək mənəvi keyfiyyətlərini bir daha nümayiş etdirir.
Tədbir çərçivəsində rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup qadın Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunub. Həmçinin tədbirdə iştirak edən şəhid anaları və şəhid xanımlarına gül dəstələri və xatirə hədiyyələri təqdim edilib.
Sonra çıxış edən rayon Məhkəməsinin sədri Ramiz Nurullayev və rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov Azərbaycan qadınlarının milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə mühitinin formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər.
Tədbirdə müəllimə Xoşbəxt İsmayılzadə və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbi qulluqçu Tural Əhlimanlının anası Nəzakət Əhlimanlı da çıxış edərək Azərbaycan qadınının vətənpərvər ruhun formalaşmasında əvəzsiz rolundan bəhs ediblər.
Şəhid ailələrinin üzvləri də onlara göstərilən diqqət və qayğıya görə dövlətə və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirin rəsmi hissəsindən sonra Beyləqan rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı təqdim olunub və bayram tədbiri xoş əhval-ruhiyyə ilə davam edib.
Sozcu.info