17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Quba rayonunun Əski-İqrığ kəndinin sakinləri uzun müddətdir ciddi nəqliyyat problemi ilə üzləşdiklərini bildirirlər. Kəndə rəsmi marşrut xətti açılmadığı üçün sakinlər, xüsusilə də məktəblilər şəhərə gedib-gəlməkdə çətinlik yaşayırlar.
Sakinlərin sözlərinə görə, 40-BS-408 dövlət qeydiyyat nişanlı marşrut avtobusu rayonun mərkəzindən Möhüc kəndi istiqamətində fəaliyyət göstərir. Avtobus Əski-İqrığ kəndinin yaxınlığından keçsə də, sürücü kənd sakinlərini götürməkdən imtina edir.
Sürücü Rüstəm adlı şəxs sərnişinlərə bildirib ki, avtobus onun şəxsi nəqliyyat vasitəsidir və Əski-İqrığ kəndinin sakinlərini daşımaq onun üçün maraqlı deyil.
Bundan əlavə, avtobusun ön hissəsində gediş haqqı 1 manat göstərilib. Lakin sakinlər bildirirlər ki, bu qiymət rəsmi şəkildə təsdiqlənməyib və qanunsuz şəkildə tətbiq olunur.
Qeyd edək ki, Əski-İqrığ kəndi ilə Quba şəhəri arasında məsafə təxminən 12 dəqiqəlik olsa da, marşrut xətti olmadığından kənd sakinləri ciddi problemlə üzləşirlər.
Kənddə əvvəllər fəaliyyət göstərən dörd illik məktəb bağlandığından şagirdlər Quba şəhərində yerləşən məktəblərə getməyə məcbur qalırlar. Lakin rəsmi marşrut olmadığı üçün uşaqlar səhər tezdən kənddən çıxaraq dərəyə tərəf enir və oradan keçən digər nəqliyyat vasitələrinə minərək şəhərə getməyə çalışırlar.
Xüsusilə qış aylarında və dumanlı hava şəraitində bu yol məktəblilər üçün olduqca təhlükəli olur. Ərazidə küçə itlərinin və vəhşi meşə heyvanlarının olması da uşaqlar üçün əlavə təhlükə yaradır. Bəzi hallarda uşaqlar qorxduqları üçün məktəbə gedə bilməyərək geri qayıdırlar.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı artıq iki dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət olunub. Lakin indiyədək problem həll olunmayıb. Quba üzrə məsul dispetçer Elnur adlı şəxslə əlaqə saxlanılsa da, sorğumuza cavab ala bilmədik.
Kənd sakinləri aidiyyəti qurumlardan problemin araşdırılmasını, qanunsuz fəaliyyət göstərən marşrutla bağlı tədbir görülməsini və Əski-İqrığ kəndinə rəsmi marşrut xəttinin açılmasını xahiş edirlər.
Afət Məmmədova