28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Abşeron rayonunun Goradil qəsəbəsinin qəbiristanlığında azyaşlı uşağın tərk edilmiş vəziyyətdə tapıldığı bildirilir.
Sozcu.info xəbər verir ki, təxminən 2 yaşı olan uşaq qəbiristanlıq ərazisində, Fatimeyi Zəhra məscidinin yaxınlığında yatmış vəziyyətdə aşkarlanıb. Hadisə ilə bağlı məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. Onun sözlərinə görə, uşağı polis əməkdaşları taparaq, qurumun sığınacağına təhvil veriblər.
Kəmalə Ağazadə qeyd edib ki, uşağın kimliyi hələ müəyyənləşdirilməyib. Uşaq bəzi sözlər deyə bilsə də, adını və ailəsi ilə bağlı məlumatları ifadə etməkdə çətinlik çəkir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən valideynlərin tapılması istiqamətində araşdırmalar aparılır.
Kəmalə Ağazadə həmçinin qeyd edib ki, uşağa müvəqqəti olaraq “Tale” adı verilib. Onun sağlamlıq vəziyyətinin nəzarətdə olduğu, təhlükəsiz mühitdə saxlanıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Məsələ ilə bağlı araşdırmalar davam edir. Uşağı tanıyan və ya onun ailəsi barədə məlumatı olan şəxslərdən hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.