Mübariz Qurbanlının nə demək istədiyi anlaşılmır

Mübariz Qurbanlının nə demək istədiyi anlaşılmır

 


 

                                   Mitinqlər qadağan oluna bilər

 


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Məhsul” stadionunda keçirilən mitinqi şərh edərkən Azərbaycan xalqının bu cür aksiyalara dəstək vermədiyini qeyd edib:

"Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər söyləyirlər və onların boyat fikirlərinə xalq heç də reaksiya vermir, verməyəcək də. Çünki onların dediklərində hər hansı yenilik yoxdur”. 

Bununla yanaşı Komitə sədri qeyd edib ki, ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaqla bağlı cəhdlər edirlər. Mübariz Qurbanlı qeyd edib ki, bu cəhdlər zamanı mitinqlərdən istifadə olunur.

Məlum olduğu kimi mitinqlər sərbəst toplaşma azadlığına daxildir və bu vətəndaşların konstitusion hüquqlarındandır. Eyni zamanda sərbəst toplaşmaq azadlığının təmin edilməsi Azərbaycanın bir sıra beynəlxalq konvensiyalarla öz üzərinə götürdüyü beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərinin sırasına aiddir. Ona görə də mitinqlərdən ölkədə qarşıdurma yaratmaq üçün istifadə ediləcəyi haqqında bir hakimiyyət təmsilçisi tərəfindən rəy yaratmaq zərərli ola bilər. Məsələ ondan ibarətdir ki, Mübariz Qurbanlının siyasi hakimiyyətdəki yeri sadəcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postu ilə məhdudlaşmır. Mübariz Qurbanlı hakim Yeni Azərbaycan partiyasının İcra katibinin müavini və İdarə Heyətinin üzvüdür. Buna görə Mübariz Qurbanlının mövqeyi həm də hakim partiyanın mövqeyi kimi anlaşıla bilər. Komitə sədrinin sözləri eyni zamanda 19 yanvar mitinqinin hakimiyyət təmsilçilərində narahatlıq yaratması haqqında müxalifətin iddialarının həqiqətdən uzaq olmadığını göstərir. Müxalifətin mitinqlərinə bundan sonra icazə verilib-verilməyəcəyi isə ən yaxın zamanlarda məlum olacaq. Ancaq Mübariz Qurbanlının nə deməsindən asılı olmayaraq, mitinqlərin qadağan olunma ehtimalı çox azdır. Əlbəttə, hakimiyyətin bu niyyətdə olması mümkündür. Ancaq hər kəs anlayır ki, hakimiyyət də hər istədiyini həyata keçirmək gücündə deyil. Xüsusilə də beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətini sərt tənqid etdiyi indiki bir şəraitdə mitinqlərin qadağan edilməsi mümkün görünmür. Əgər bu baş verərsə o zaman hakimiyyətə qarşı tənqidlər əməli tədbirlərlə, sanksiyalarla əvəzlənə bilər. Ən zəif bir sanksiya isə Azərbaycanda bütün prosesləri məhvərindən çıxara bilər. Heç şübhəsiz ki, Mübariz Qurbanlıdan fərqli olaraq hakimiyyətin yüksək dairələri bunun fərqindədirlər. Buna görə də mitinqlərin tam qadağan olunması gözlənilmir. Ancaq hakimiyyətin bununla bağlı müəyyən məhdudiyyətlər, çəkindirici tədbirlər həyata keçirməsi istisna olunmur.

Ancaq bütün bunlar çıxış yolu deyil və iqtiadrın müxalifətlə dialoq qurması, opanentlərinin fikirlərini dinləməsi ölkənin maraqlarına uyğun olar. Çünki hazırda ölkədə gedən proseslərin qısa müddətli olacağı ehtimalı çox azdır. Tamamilə əksinə olaraq ilin ilk günlərindən başlayan proseslərin havaların istilənməsinə doğru daha da böyüyəcəyini ehtimal etmək olar. Azərbaycanda xalq hərəkatının başladığı 1988-ci ildən bu günə kimi, 1990-cı ilin yanvarı istisna olmaqla son otuz ilin heç bir ilinin yanvar ayı etiraz aksiyaları ilə başlamayıb. Müxalifətin son mitinqi bu aksiyadan əvvəl Qarabağa azadlıq şüarı ilə keçirilmiş "Qarabağ mitinqi” ilə müqayisədə daha çoxsaylı və izdihamlı olunması da Azərbaycanda başlayan bu prosesin Mübariz Qurbanlının düşündüyünün əksini sübut edir. Eyni zamanda əhalinin narazılığının artması da müşahidə olunur. Məmurların bütün xəbərdarlıqlara baxmayaraq vətəndaşlarla normal davranmaması, bəzi hallarda isə bütün etik davranış qaydalarını pozmaları isə əhalinin narazılığını daha da kürükləyir. İqtidar isə hazırda bunun öhdəsindən gələ bilmir. Ən azından Prezident İlham Əliyevin çoxsaylı xəbərdarlıqları məmurlara dərs olmayıb. Məsələn, 20 yanvar günü Ağcabədi rayonunda məmurlarla vətəndaşlar arasında gərginlik yaşanıb. Yayılan xəbər və video görüntüdən görünür ki,vətəndaşların toplaşdıqları əraziyə polis qüvvələri cəlb olunub. İddialara görə gərginliyə səbəb yerli icra hakimiyyəti təmsilçilərinin Etbar adlı sahibkardan qanunsuz tələbləri olub. Kiçik hadisə kimi görünən bu olay əslində məmur özbaşınalığının bütün sərhədləri aşdığını göstərir. Belə olaylar isə az qala hər gün ,hər yerdə baş verir. Məmurlar vətəndaşlara quldarlar qullara münasibət bəslədikləri kimi münasibət bəsləyirlər. Məmurlar xalqa xidmət etməli olduqlarının, əmək haqqını da bunun müqabilində aldıqlarını unudurlar. Su, qaz, elektrik enerjisinin satışı ilə məşğul olan Səhmdar Cəmiyyətlər iki-üç aylıq kecikdirməyə görə vətəndaşları bu təminatlardan mərhum edirlər. Ancaq ölkənin su təsərrüfatına cavabdeh olan "Azərsu” Açıq Səhmdar Cəmiyyəti büdcənin bir neçə yüz milyon manatını əhalini fasiləsiz və keyfiyyətli su ilə təmin etmək layihələri adı altında hara gəldi xərcləyir. Ancaq bununla bağlı vətəndaşların, media orqanlarının müraciətlərinə heç bir açıqlama vermir. Hələ ötən ilin fevralında "Azərsu” ASC-nin yaydığı bir məlumatda Bakı şəhərinin 81.5 faizinin fasiləsiz içməli su ilə təmin olunduğu qeyd olunurdu. Həmin xəbərdə əhalinin dayanaqlı və keyfiyyətli içməli su təminatı məqsədilə Bakı şəhərinin bir sıra prospekt və küçələrində, o cümlədən  Mir Cəlal küçəsində su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulması haqqında məlumatlar da yer almışdı.

Həmin xəbərin yayılmasından 11 aydan artıq vaxt ötür, ancaq Binəqədi rayonu,Mircəlal küçəsindəki əksər binalar fasiləsiz su təminatının gerçəkləşəcəyinə ümidlərini  itiriblər. Çox yaxşı olardı ki, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini və İdarə Heyətinin üzvü olan Mübariz Qurbanlı bu kimi məsələlərə də öz münasibətini bildirsin. İnsanları mitinqlərə çıxmağa vadar edən səbəblərdən biri də dövlətin öz üzərinə götürdüyü vəzifələri icra edə bilməməsidir.

Azad Aydın



Oxşar Xəbərlər

Xəbər lenti