Yeni ildə Yaxın Şərqi nə gözləyir:Sülh, yoxsa savaşa davam? - Təhlil

Yeni ildə Yaxın Şərqi nə gözləyir:Sülh, yoxsa savaşa davam? - Təhlil

 

Ötən ilin son günü Yaxın Şərq insanlarını sevindirəcək xəbər BMT Təhlükəsizlik Şurasından gəldi. Məlumata görə, Şurada Türkiyə və Rusiyanın birgə hazırladığı Suriyada atəşkəs təklifi qəbul edildi.

Təhlükəsizlik Şurasının reqlamentinə görə, qərarlar konsensusla qəbul edildiyindən, belə çıxır ki, təklifə qurumun daimi üzvlərinin hamısı, o cümlədən ABŞ da səs verib. Halbuki, bir müddət bundan əvvəl Ağ ev administrasiyasının sözçüsü Con Kirbi mətbuata açıqlama verərək, atəşkəs sazişinin perspektivinə inanmadığını, Suriyada axan qanların durmayacağını bəyan etmişdi.

Diplomatiyada bəzən arzuların reallıq kimi qələmə verildiyini nəzərə alsaq, Con Kirbinin bu fikirlərini rəsmi Vaşinqtonun atəşkəs razılaşmasına münasibəti kimi də başa düşmək olardı.

Maraqlıdır ki, Ağ ev sözçüsündən bir gün öncə İsrailin baş naziri Binyamin Netanyahu da təxminən eyni fikirləri səsləndirərək demişdi: "Suriya məsələsinin həllini görə bilmirəm. Əsla vahid və xoşbəxt Suriya olmayacaq; buna şübhə yoxdur. Bəs, birləşmiş bir Suriya ola bilərmi? Buna da şübhə edirəm”.

Con Kirbi də məlum açıqlamasında Netanyahunun bu fikirlərini müdafiə edərcəsinə, deyirdi: "Suriyada hər hansı bir diplomatik həllə nail olunmadı. Döyüşün bitəcəyinə dair hər hansı bir işarə görmədik. Bu, yalnız ABŞ-ın görüşü deyil, beynəlxalq ictimaiyyət də Hələbdə yaşananların döyüşü sona çatdıracaq bir addım olduğunu düşünmür".

Bununla belə, ABŞ-ın BMT TŞ-da Rusiya ilə Türkiyənin birgə hazırladığı atəşkəs razılaşmasını qəbul etməsi müəyyən suallara yol açır: ABŞ, öz təbirlərilə desək, perspektivinə inanmadığı razılaşmaya niyə səs verdi? Yeni ildə Yaxın Şərqdə atəşlərin susacağına inanmağa dəyərmi?

Nə yazıq ki, bu suallara müsbət cavab vermək asan deyil. Suriyada stabilliyə kölgə salan amillərdən biri xarici güclərin strateji maraqlarıyla, digəri isə bəzi yerli qüvvələrin atəşkəs sazişini imzalamamasıyla əlaqədardır. Bu iki amilin rahatlıqla çuğlaşa bilməsi, istər-istəməz, Suriyada stabillik ümidlərini də puça çıxarır.

İstərsəniz, gəlin, hər iki amilə ayrı-ayrılıqda nəzər salaq:

 

1. Xarici güc mərkəzlərinin strateji maraqları:

 

Atəşkəs rejiminin perspektivinə xüsusilə iki dövlətin – İsrail və Amerikanın "inanmaması”, dolayısıyla, buna imkan verməyəcəklərinə eyham vurmaları səbəbsiz deyildi. Təl-Əviv baxımından, Suriyada vətəndaş müharibəsinin dayanması yenidən ərəb xalqlarının ümumi nifrətini öz üzərinə çəkmək deməkdir ki, bu ehtimal, yarandığı ilk gündən bəri İsraili narahat edib, gözlədiyi təhlükəni aradan qaldırmaq üçün o, müxtəlif yollara əl atıb; gah hakimiyyət hərisliklərindən faydalandığı ərəb liderlərini lobbi dəstəyi müqabilində "satın” alıb, gah ABŞ-ın hərbi qüdrətindən istifadə edərək, onlarla müharibə aparıb, gah da bu dövlətləri üz-üzə qoymağı bacarıb. Ərəb diktatorlarıyla xalq arasındakı ziddiyyətləri körükləyərək, vahid siyasi iradənin ortaya çıxmasının qarşısının alınması da sionizmin əsas metodlarından biri olub. Bütün bu səylərə baxmayaraq, Fələstin məsələsində ərəb millətinin ümumi rəyini dəyişdirmək mümkün olmayıb. "Pəpə” deyəndən məmə yeyənə qədər bütün Yaxın Şərq müsəlmanları İsrailə qarşı vahid cəbhədə yer alıb. Dövlət gücündən istifadə edə bilməyən ərəblər İsrailin işğal siyasəti qarşında susmayıb, mübarizələrini assimetrik döyüş qaydalarından istifadə etməklə yürütməyə çalışıblar.

Belə bir vəziyyətdə İsrail üçün dolanbacdan ən yaxşı çıxış yolu təkcə siyasi liderlərini deyil, həm də xalqın başını başqa problemlərlə qatmaq, onların milli həmrəyliyini pozmaq və bunun üçün isə daxili ziddiyyətləri qızışdırmaqdır. Yalnız belə olacağı təqdirdə, İsrail öz ərazilərini Fələstin torpaqları hesabına daha artıq genişləndirə bilər. Yaxın Şərq coğrafiyasını qana bulayacaq və daxili enerjini özünə sərf edəcək əsas hərəkətverici amil məzhəblərarası münaqişələr olduğundan, Tel-əvivin Suriyada atəşin perspektivinə "şübhəylə yanaşması” başa düşüləndir. Əlbəttə, onun yerinə kim olsa, dörd tərəfdən əhatəsində olduğu düşmənin özü-özüylə vuruşmasını, bir-birini daha çox öldürməsini arzulayardı.

ABŞ-a gəlincə, Yaxın Şərqin qan gölünə çevrilməsi, ilk növbədə, İsrailin strateji müttəfiqi olduğuna görə bu ölkənin də maraqlarına uyğundur. Digər tərəfdən, dünya neft ehtiyatının 60%-dən çox hissəsini Rusiya, Türkiyə və İran kimi regional qüvvələrə ötürmək də Vaşinqton üçün asan həzm ediləcək loxma deyil.

Üstəlik, Yaxın Şərq coğrafiyasında amansız müharibələrin davam etməsi ABŞ silah sənayeçilərinin də işinə yarayır. Bu coğrafiya həm yeni silahların sınaqdan çıxarılması, həm "terrorçuların” başına bomba yağdıran ABŞ ordusunun öz hərbi manevr imkanlarını dünyaya tanıtması və döyüş qabiliyyətlərini artırması, həm də yaxşı bazar deməkdir. Təsadüfi deyil ki, təkcə ötən ilin mart ayında ABŞ Dövlət Departamenti ərəb ölkələrinə 30 milyard dollarlıq silah satışına icazə verən sənəd imzalamış, bu silahların böyük əksəriyyəti Səudiyyə Ərəbistanına və körfəz dövlətlərinə satılmışdı. Sənədə görə, rəsmi Riyadın 21 milyard dollarlıq silah alacağı ön görülürdü. İsrail isə bir il əvvəl, yəni 2015-ci ildə ABŞ-dan 2 milyard dollarlıq silah və sürsat almışdı. Təbii ki, bu bazarın daimiliyi üçün Suriyada qanlar axmalı, bombalar partlamalı, insanlar ölməlidir.

ABŞ-ın Yaxın Şərqdəki bu maraqları dəfələrlə əldə olunan atəşkəs razılaşmalarının pozulmasını şərtləndirmişdir. Maraqlıdır ki, Pentaqon zaman-zaman bu razılaşmaları təkcə özünə bağlı terrorçular vasitəsilə deyil, həm də özü birbaşa pozmaqla militarist siyasətini davam etdirir. Bəzən hətta bu "oyunpozanlıq” Ağ ev administrasiyasının iradəsi heçə sayılaraq həyata keçirilir. Hər halda Dövlət Departamentinin rəhbəri Con Kerrinin dediklərindən belə çıxır. Baş katib bir neçə gün bundan əvvəl "New York Times” qəzetinə verdiyi açıqlamasında bildirirdi: "Rusiya Xarici işlər naziri Lavrov ilə Suriyada atəşkəs üçün razılıq əldə etmişdik. Obama da şərtləri uyğun görmüşdü; əvvəl mülayim müxalifləri əl-Nusradan ayıracaq, sonra da bu terror təşkilatına qarşı Rusiya ilə birgə hava hərəkatı düzənləyəcəkdik! Həmin razılaşmanı Rusiya və ya Suriya pozmadı! Atəşkəsi pozan ABŞ Müdafiə Nazirliyi – Pentaqon oldu! Öz içimizdə dərin fikir ayrılığı yaşandı. Müdafiə naziri Aşton Karter ilə ixtilaf içinə girdik! Plan pozuldu… Pentaqon bilərəkdən, pis niyyətlə Suriya ordusuna hücum edərək, razılıq aktını sabotaj etdi”.

Ötən ilin sentyabr ayında Suriyanın Deyrəz-zor vilayətindəki Əsəd rejiminə bağlı ordu qərargahını "səhvən” bombardıman edən və 100-dən artıq suriyalı əsgərin ölümünə yol açan həmin hücumdan sonra ABŞ-ın atəşkəs müzakirələrindən kənarda qaldığını etiraf edən Con Kerrinin bu fikirləri də ABŞ-ın Yaxın Şərqdə vətəndaş müharibəsinin dayandırılmasında maraqlı olmadığını sübuta yetirir.

 

2. Regional qüvvələr

 

Yaxın Şərqdə qan axmasını hərbi-strateji hədəflərindən biri olaraq görən ABŞ-ın bu niyyətinə müsbət cavab verəcək qüvvələr də az deyil. Rusiya və Türkiyənin əldə etdiyi atəşkəs razılaşmasına görə, bu ay Qazaxıstanın paytaxtı Astanada Bəşər Əsədlə silahlı müxaliflərin arasında sülh danışıqları başlayacağı gözlənilsə də, əldə ediləcək sazişin "işləyəcəyinə” indidən şübhələr var. Çünki atəşkəs sazişini Suriyada döyüşən bütün qruplar qəbul etməyib. Xüsusilə ABŞ-ın bu zamana qədər açıq şəkildə dəstəklədiyi PYD bu anlaşmadan kənarda qalıb. Təşkilatın rəhbəri Saleh Müslim Rusiyanın "Sputnik” xəbər agentliyinə verdiyi müsahibəsində həmin razılaşmadan kənarda qalmalarını açıq şəkildə qınamış və atəşkəsin baş tutacağına inanmadığını bildirərək demişdi: "İndiyə qədər Fəth-əl Şam Cəbhəsi (əl Nusra Cəbhəsi), Nurəddin Zengi briqadası və Əhrar uş-Şam atəşkəsi imzalamadılar. Bu atəşkəsi, kimlər Türkiyəyə bağlıdırsa, onlar qəbul etdilər. Türkiyənin təlimatlarını qəbul etməyən təşkilatlar atəşkəs sazişinə imza atmadılar”.

Saleh Müslimin açıqlamasından fərqli olaraq, Rusiyanın yaydığı atəşkəsi qəbul edən təşkilatlar siyahısında Əhrar üş-Şamın adı keçsə belə, hələ də Suriyada ABŞ-la İsrailin öz maşasına çevirə biləcəyi təşkilatlar var və böyük ehtimalla, onlardan istifadə ediləcək. Prinsipcə, yeni situasiya ilə qarşı-qarşıya qalan, regionun hazırkı aktyorları tərəfindən tamamən təcrid olunan PYD lideri də həmin müsahibəsində eyhamlı bir üslubla "himayədar” axtarışını dilə gətirir, ümidlərini ABŞ-ın Yaxın Şərqdəki "starteji müttəfiqləri” kimi tanınan körfəz ölkələrinə bağlayırdı: "Fikrimcə, döyüşlər bir müddət dayanacaq və yenə başlayacaq. Çünki böyük oyunlar var. Səudiyyə Ərəbistanı və Qətər indi atəşkəsin nəticəsini gözləyirlər”.

Regionda təcrid olunmuş silahlı qüvvələrlə vətəndaş müharibəsinin bitməsini istəməyən xarici güc mərkəzlərinin maraqlarının çuğlaşması 2017-ci ilin də Yaxın Şərq üçün rahat keçməyəcəyindən xəbər verir.

Sual oluna bilər: ABŞ Suriyada vətəndaş müharibəsinin bitməsində maraqlı deyilsə, nə üçün BMT TŞ-da öz veto hüququndan istifadə etmədi?

Zənnimizcə, bunun iki başlıca səbəbi var.

Əvvəla, Yaxın Şərqdə bu zamana qədər yürütdüyü militarist  siyasət nəticəsində getdikcə nüfuzdan düşən, dünya ictimaiyyətinin nifrətini qazanan və bütün ehtişamına rəğmən, əksər dövlətlər tərəfindən təcrid olunan ABŞ özünün "sülhpərvər” imicini yaratmağa çalışmalı, Suriyada və İraqda tökülən qanların məsuliyyətini bir-birini həzm edə bilməyən regional qüvvələrin üstünə atmalıdır. Bunun üçün isə özü atəşkəs sazişi imzalamalı, regiondakı qüvvələrini silahlandırmalı və döyüşdürməlidir. BMT TŞ-nın qəbul etdiyi sazişin "işləməməsinin” bəhanəsi isə indidən hazırdır. Necə olsa, sazişə bütün qüvvələr imza atmamış və bu sənəd hər kəsi əhatəedici xüsusiyyətdən məhrumdur. Yeri gələndə, atəşkəsin  uğursuzluğunu həmin sənədi hazırlayan qüvvələrin səbatsızlığı kimi qələmə vermək də olar.

İkinci və ən önəmli səbəb isə ABŞ-dakı siyasi maraq dairələrinin daxili rəqabətiylə bağlıdır. Məlum olduğu kimi, Donald Trampın prezident seçilməsindən sonra hakimiyyəti dövr etmək məcburiyyətində qalan indiki administrasiya xələflərinə "minalanmış ərazilər” miras qoymağa çalışır. Növbəti prezidentin qarşısında ən ciddi maneələr isə onun yürüdəcəyinə söz verdiyi xarici siyasət sahəsində yaradılır. ABŞ-la Rusiya arasındakı ziddiyyətlərin soyuq müharibə dövrünə qaytarılması, rus diplomatlarının ölkədən qovulması, Moskvaya qarşı ən ağır sanksiyalara qərar verilməsi də buna xidmət edir.

Son zamanlar Moskvaya qarşı bütün gücüylə mübarizə aparmağa çalışan Obama hakimiyyətinin birdən-birə BMT TŞ-da Rusiyanın təqdim etdiyi atəşkəs sazişini qəbul etməsi isə təəccüblü deyil. Nədən ki, İsrail açıq şəkildə bu sazişi qəbul etmədiyini bildirmişdi. Tramp isə seçkiöncəsi çıxışlarında hakimiyyəti dövründə İsraili daha artıq dəstəkləyəcəyi sözünü vermişdi. Bir növ sionizmin işğal siyasətinin nəticələrinə qarşı çevrilən həmin sazişin qəbul edilməsindən sonra D. Trampın öz iki dostunun-İsrail və Rusiyanın  maraqlarının toqquşduğu sahədə iki daş arasında qalacağı, atəşkəsi dəstəkləyərsə Tel-əvivin, qarşı çıxarsa Moskvanın əleyhinə gedəcəyi planlaşdırılmış ola bilər.

Qeyd edək ki, Trampa münasibətləri korlanmış İsrail hədiyyə edilməsi siyasəti də ilk belə hadisə deyil. Bir müddət əvvəl yenə BMT-nin Təhlükəsizlik Şurasında İsrailin işğalçılıq siyasətini dayandırması qərarına ABŞ bitərəf qalmışdı. Strateji müttəfiqinin bu "xəyanəti" Netanyahunu elə cin atına mindirmişdi ki, qərarın qəbulundan dərhal sonra yayınladığı yazılı açıqlamada belə, qəzəbini gizlədə bilməmişdi. Açıqlamada qeyd olunurdu: "İsrail bu utancverici qərar layihəsini rədd edir və onun müddəalarını həyata keçirməyəcək. İsrail, ABŞ prezidenti seçilən Donald Tramp, ABŞ konqresindəki demokrat və respublikaçı dostlarıyla çalışaraq, bu absurd qərarın zərərverici təsirlərini aradan qaldırmağı dörd gözlə gözləyir".

Bəli, bu gün Trampı Netanyahu kimi, asan keçməyəcəyi təxmin olunan dördillik iqtidar dövrü də gözləyir. Amma gözləyən təkcə onlar da deyil. Bu qarşılıqlı gözləntilərdən nə çıxacağını dörd gözlə gözləyən Rusiya, Suriya, Türkiyə, İran da var. Ümumiyyətlə, bütün dünya gözlərini dörd açaraq yeni prezidentin Ağ evdə oturacağı günü gözləyir. Amma o, hakimiyyətə gələ biləcəkmi? Hər saniyənin öz hökmü olduğu indiki zamanədə bu suala belə, dəqiq cavab vermək mümkün deyil…

Heydər Oğuz



Oxşar Xəbərlər

Xəbər lenti