"Azərbaycan cəmiyyəti 5 yol ayrıcında dayanıb gedəcəyi istiqaməti bilməyən insanı xatırladır" - XAQANİ CƏFƏRLİ


"Çağdaş mədəniyyətin həlledici rol oynadığı bir dövrdə Qərbə alternativ istənilən istiqamətin sonu yaxşı olmayacaq"

"Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanda cəmiyyət iki yerə - Rusiya və Qərb tərəfdarlarına bölünüb. Bir çox amillərin, o cümlədən nəsil dəyişikliyinin nəticəsində Rusiya tərəfdarlarının sayı azalır, Qərb tərəfdarlarının sayı artır. Gürcüstanda son rəy sorğularına görə, cəmiyyətin 80 faizi Avroatlantik strukturlara inteqrasiyanın tərəfdarıdır".  Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun fikrincə, Azərbaycanda bəzi dairələr Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın Qərbyönümlü olmasını anlaya bilmir, əsəbi reaksiya verirlər: "Görünür, bu adamlar anlamırlar ki, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistan bütövülükdə Avropa mədəniyyətinin bir hissəsidirlər. Üstəlik, Rusiyanın vəhşi müstəmləkəçilik siyasəti ilə müqayisədə demokratik Qərb cəhənnəmlə müqayisədəki cənnətə oxşayır. Buna görə də Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistan cəmiyyətlərində Qərb tərəfdarının olması çox təbiidir".

Xaqani Cəfərlinin qənaətincə, Azərbaycan cəmiyyəti 5 yol ayrıcında dayanıb gedəcəyi istiqaməti bilməyən insanı xatırladır: "Sovet dövrünün xiffətini çəkənlər Rusiya, məzhəbçilik üzərindən çıxış edənlər İran, etnik kimliyi önə çıxaranlar Türkiyə, Mirzə Fətəli Axundzadənin yolundan gedərək çağdaş mədəniyyətin əsas götürülməsini təklif edənlər Qərb istiqamətinin seçilməsini istəyirlər. Son zamanlar bu dörd istiqamətdə heç bir prespektiv vəd etməyən Mərkəzi Asiya yönü də əlavə olunub. Beş yol ayrıcında dayanıb gedəcəyi istiqaməti bilməyən cəmiyyət sonda ağır məğlubiyyətə məhkumdur. Azərbaycan cəmiyyəti ilk öncə gedəcəyi istiqaməti müəyyən etməlidir. Çağdaş mədəniyyətin həlledici rol oynadığı bir dövrdə Qərbə alternativ istənilən istiqamətin sonu yaxşı olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti