27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Belarusun NATO-ya üzv yolunda ilk addım atıldı
Elxan Şahinoğlu: "Rusiya ilə yaxınlıq Belarusa yaxşı heç nə vəd etmir"
Nəzakət Məmmədova: "Mövcud vəziyyətdə Belarusun Rusiyanın nəzarətindən çıxması Kreml üçün böyük geosiyasi itki sayıla bilər"
"Belarusun Avropa İttifaqı və NATO ilə əməkdaşlığı genişləndirməsi, birgə hərbi təlimlərin keçirilməsi mümkündür"
"Yəqin ki, Moskva ən son anda məcbur olub Minskin təklif etdiyi güzəştlərə gedəcək"
Rusiya ilə Belarus arasındakı münasibətlər bir çox hallarda sıx müttəfiqlik, hərdən isə az qala düşmənçilik səviyyəsinə qədər çatır. Ötən ilin dekabr ayında Avrasiya İqtisadi İttifaqının sammiti zamanı qaz qiymətləri ilə bağlı Belarus prezidenti Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında yaşanan mübahisə bunun bariz sübutu kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, tərəflər arasında vaxtaşırı baş verən narazılıq, müxtəlif məsələlərə dair ciddi fikir ayrılıqları bu qənaətə gəlməyə əsas verir ki, Rusiya-Belarus ittifaqı gec-tez tənəzzülə uğramağa məhkumdur. Budur, artıq bunun ilkin işartıları özünü büruzə verməkdədir.
Belə ki, Belarus Xarici İşlər Nazirliyi NATO-ya ölkədə təlim keçirməyi, eləcə də burada ABŞ mütəxəssislərinin yerləşdirilməsini təklif edib. Bununla bağlı axar.az-da Rusiya mediasına istinadən gedən informasiyaya görə, Lukaşenko artıq Rusiyadan yorulub və ABŞ-ın simasında yeni dostlar axtarır: "Rusiya-Belarus münasibətləri son zamanlar normal qaydada deyil. Bir müddət əvvəl Vladimir Putinin iki ölkənin inteqrasiyanı dərinləşdirmək təklifi Minskdə böyük narahatlıqla qəbul olunub. Nəticədə Belarus dövləti sərhədlərinin gücləndirilməsi və yeni xarici siyasət perspektivlərinin axtarışları ilə məşğul olmağa başladı". Bununla yanaşı, Belarusa ABŞ Dövlət Departamenti rəhbərinin Avrasiya işləri üzrə köməkçisi Miçel, ABŞ-ın aparıcı analitik mərkəzlərinin işçiləri Maykl Karpenter, eləcə də Ben Hocesin səfərinə diqqət yetirilib: "Belarus və ABŞ-ın əməkdaşlığı diplomatların və istefada olan hərbçilərin qısa səfərləri ilə məhdudlaşmır. Əksinə, bütün məhdudiyyətlərə rəğmən, ABŞ sistemli şəkildə təkcə Belarus dövlətiylə yox, həm də cəmiyyəti ilə iş qurur".
Görünən odur ki, rəsmi Minsk Rusiyanın neft sahəsində keçirdiyi vergi manevrlərinə cavab olaraq Kremlə arxa çevirərək, Qərbə doğru istiqamət almağı planlaşdırır. Çünki Rusiyanın neft sahəsində keçirdiyi vergi islahatları nəticəsində bu ildən etibarən neft hasilatına qoyulan vergi artırılacaq, ixrac vergisi isə sıfıra endiriləcək. Nəzərinizə çatdraq ki, hazırda Belarus Rusiya neftini rüsum ödəmədən alır. Sözügedən islahatlardan sonra isə yaxın 5 il ərzində Belarus üçün qiymətlər demək olar ki, təxminən dörddə bir nisbətdə artan qlobal səviyyəyə qədər yüksələcək. Bununla da "qara qızıl"ın qiymətindən asılı olaraq Belarus büdcəsindən 8-12 milyard dolların itirilməsi təhlükəsi var. Böyük ehtimalla, Aleksandr Lukaşenko məhz bu səbəbdən Kremlə tutarlı cavab vermək məqsədiylə NATO ilə əməkdaşlığa razılıq verib.
"Əgər Qərb Belarusa ciddi dəstək verərsə, o zaman Minsk Moskvadan nisbətən uzaqlaşa bilər"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Belarus prezidenti Aleksandr Lukaşenko təxminən, son 15 il ərzində Moskva ilə yaxınlaşma, Rusiyaya inteqrasiya siyasəti yürüdüb: "Lakin Rusiyadan təzyiqlər gördükdə, Moskvanın qiymətləri artırmasından sonra Lukaşenko artıq son illər Kremli ciddi şəkildə tənqid etməyə başlayıb. O deyir ki, Rusiya Belarusu vassal kimi görmək istəyir və biz heç zaman bununla razılaşmarıq". Elə buna görə də Belarus prezidentinin, ya da hökumətin alternativ olaraq Qərblə əməkdaşlığı genişləndirməyə çalışdığını vurğulayan politoloqun fikrincə, bu, hələ o demək deyil ki, Belarus NATO-nun üzvü ola bilər: "Bildiyiniz kimi, uzun illər ABŞ və Avropanın bəzi ölkələri insan haqlarına görə Belarusa qarşı sanksiyalar tətbiq edib. Lakin indi həmin sanksiyalar xeyli yumşalıb. Bəli, mümkündür ki, Belarus Avropa İttifaqı və NATO ilə əməkdaşlığı genişlənsin. Düzdür, bu, hələ o demək deyil ki, Belarus NATO-nun üzvü ola bilər. Ancaq NATO ilə əməkdaşlığın genişləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi mümkündür. Aydın məsələdir ki, əgər bunlar baş verərsə, o zaman bu, Rusiyada böyük narahatlıq və qıcıq yarada bilər. Lakin bu, Rusiyanın biləcəyi bir işdir. Belarus müstəqil dövlətdir. Ona görə də rəsmi Minsk çalışır ki, balanslaşdırılmış xarici siyasətə üstünlük versin. Çünki gördülər ki, Kremllə yaxınlıq Belarusa yaxşı heç nə vəd etmir".
Rəsmi Minskin Qərblə, o cümlədən NATO ilə yaxınlaşmasına cavab olaraq Rusiyanın Belarusa satdığı enerji qiymətlərini qaldıracağını qeyd edən Elxan Şahinoğlu hesab edir ki, əgər Qərb Belarusa ciddi dəstək verərsə, o zaman Minsk nisbətən Moskvadan uzaqlaşa bilər: "Əslində, Rusiya onsuzda indi də Belarusa satdığı enerji qiymətlərini qaldırıb və Minsk bundan narazıdır. Halbuki həm Belarus, həm də Rusiya Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ona görə də Belarus istəyir ki, Rusiyadan bir qədər uzaqlaşsın və müstəqil siyasət yürütsün. Çünki Kreml buna qədər də Minskə qarşı kəskin addımlar atıb. Hesab edirəm ki, əgər Qərb Belarusa həm maliyyə, həm də hərbi baxımdan ciddi dəstək verərsə, o zaman Minsk Moskvadan nisbətən uzaqlaşa bilər".
"Lukaşenkonun Putinə tabe olmaq niyyətində olmadığını ötən il Avrasiya İqtisadi İttifaqının sammitində gördük"
Rusiya-Belarus ittifaqının belə tezliklə dağılacağını və rəsmi Minskin NATO-ya yaxınlaşacağını güman etməyən politoloq Nəzakət Məmmədova "Hürriyyət"ə açıqlamasında bildirdi ki, bunun əsas səbəbi adıçəkilən dövlətlərin hər ikisinin slavyan ölkəsi olmasıdır: "Bilirik ki, zaman-zaman Rusiya ilə Belarusun vahid dövlət halında birləşməsi planları da gündəmə gəlib. Bu, daha çox o vaxt olurdu ki, Belarus prezidenti Aleksandr Lukaşenko Krımın sahibi olmağa iddia edirdi. Hətta bir dövr vardı ki, Lukaşenko Yeltsindən sonra özünü birləşdirilmiş Rusiya və Belarusun rəhbəri, Yeltsinin siyasi varisi kimi görürdü. Elə oldu ki, Yeltsin Putini öz siyasi varisi kimi təyin etdi. Bir çox müşahidəçilər Lukaşenko ilə Putinin münasibətlərini iki avtokrat liderin münasibəti kimi qiymətləndirirlər. Çünki xarakter etibarı ilə ikisi sözünü deyən və geri çəkilməyi xoşlamayan insanlardır. Lukaşenkonun Putinə tabe olmaq niyyətində olmadığını ötən ilin dekabr ayında Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı qazın qiyməti ilə bağlı yaşanan fikir ayrılığında bir daha gördük. Lukaşenko hətta zaman-zaman Putinin şəxsi həyatı ilə bağlı sensasion açıqlamalar verib. Odur ki, hazırda Rusiya ilə Belarusun birləşmə məsələsi əvvəlki qədər aktual deyil. Lakin Belarusun slavyan dünyasından, Rusiya ilə ittifaqdan ayrılıb Qərbə meyllənməsi də inandırıcı deyil".
"Minsk bu yolla Kremllə "Biz bunu edə bilərik", deyə xəbərdarlıq etməyə çalışıb"
Politoloq bu qənaətdədir ki, Belarus Xarici İşlər Nazirliyinin NATO-ya müraciəti daha çox demarş xarakter daşıyır. Onun fikrincə, rəsmi Minsk bu yolla Kremllə "Biz bunu edə bilərik", deyə xəbərdarlıq etməyə çalışıb: "Çünki Belarus Şəqri Avropa ilə Rusiyanın arasında olan, ön cəbhədə yerləşən bir dövlətdir. Yəni Belarus birbaşa Polşa, Şəqri Avropa istiqamətindən NATO-nun Rusiyaya müdaxiləsinin qarşısında dayanan bir qaladır. İkinci Dünya Müharibəsi zamanında da almanlar SSRİ-yə hücum edərkən ilk olaraq Belarusa, daha dəqiq desək, Brest şəhərinə hücum etdilər. Odur ki, Belarus həqiqətən də Avropadan Rusiyaya gələn bütün hücumların qarşısında dayanan bir qaladır. Putin də bunu yaxşı dərk edir. Bundan başqa, bildiyiniz kimi, Rusiyanın Belarusda hərbi bazası var. Əgər həmin hərbi baza çıxarılsa, o zaman harda yerləşəcək və necə dislokasiya olunacaq? Bu, Rusiyaya milyonlarla dollara başa gələcək. Eyni zamanda, əgər bu, baş verərsə, onda Rusiyanın geosiyasi mövqeyi bir qədər də zəifləyəcək. Onsuzda Rusiya şimaldan Baltikyanı dövlətlər tərəfindən NATO və Avropa Birliyinin qonşusudur. Cənubi Qafqazda Gürcüstan və Ermənistan uğrunda Qərblə Rusiyanın savaşı gedir. Ukrayna ilə problemlər göz önündədir. Yəni Rusiya getdikcə düşmən dövlətlərlə daha çox əhatə olunur. Belə bir şəraitdə Belarusun da Rusiyanın nəzarətindən çıxması Kreml üçün böyük geosiyasi itki sayıla bilər".
"Belarus Rusiyanın təsirindən çıxıb müstəqil olsa, o zaman Azərbaycanla indikindən daha sıx əməkdaşlıq etmək mümkündür"
Ukraynanın ayrılmasından sonra artıq slavyan birliyinin çat verdiyini vurğulayan Nəzakət Məmmədovanın sözlərinə görə, indi Belarus da Qərbə meyllənsə, onda Moskvanın nəzarətində olan slavyan sivilizasiyası tam parçalanmış olacaq: "Təbii ki, Putin bunun qarşısını almaq istəyir. Görünən odur ki, Minsk də öz növbəsində, Kreml qarşısında müəyyən şərtlər qoyub güzəştlərə nail olmaq istəyir. Məhz bu səbəbdən də Belarus Xarici İşlər Nazirliyi NATO-ya bu cür müraciət ünvanlayıb. O da ola bilər ki, Rusiya güzəştlərə razı olmadığı üçün Belarus belə bir addım atmalı olub. Onu da qeyd edim ki, Belarusun Rusiyanın təsirində olmasından daha çox, onun müstəqil olması bizə daha əlverişlidir. Çünki Belarus müstəqil olsa, o zaman Azərbaycanla indikindən daha sıx əməkdaşlıq etmək mümkündür. Bu səbəbdən də hesab edirəm ki, Lukaşenkonun addımları doğrudur. O, ölkəsini birmənalı şəkildə Kremlin nəzarətinə vermir, müstəqil saxlamağa çalışır. Bütün bunların fonunda demək olar ki, Rusiya NATO-nun Belarusa gəlməsinə, bu ölkənin də onun nəzarətindən çıxmasına imkan verməyəcək. Çünki ortada acı Ukrayna təcrübəsi var. Buna gör də yəqin ki, ən son anda məcbur olub Minskin təklif etdiyi güzəştlərə gedəcək".