ƏLİYEV RUSİYANI NİYƏ TAM QANE EDİR? –Rusiyalı analitik Azərbaycandakı seçkilərdən yazdı - TƏHLİL

ƏLİYEV RUSİYANI NİYƏ TAM QANE EDİR? –Rusiyalı analitik Azərbaycandakı seçkilərdən yazdı - TƏHLİL

 

İrina Corbenadze

rosbalt.ru

 

Azərbaycanda erkən prezident seçkilərində fəaliyyətdəki dövlət başçısı İlham Əliyevin qalib gələcəyinə heç kim şübhə etmirdi. Habelə yüksək iştirakda da az adam yanılırdı – ölkə MSK-nın məlumatına görə, bu, demək olar, 75% təşkil edib, amma konstitusiyaya əsasən, gələnlərin sayının seçkilərin baş tutmasının qəbul edilməsində önəmi yoxdur.

İlkin məlumatlara görə, Əliyev seçicilərin 86,03%-nin səsini alıb və bu da (kinayəsiz) heç kimi təəccübləndirməyib, çünki seçki bülletenlərində soyadları olsa da, İlham Əliyevin gerçək rəqibi olmayıb.

Deməli, onunla  öz namizədliyini irəli sürən Zahid Oruc, Araz Əlizadə – Sosial-Demokrat Partiyası, Qüdrət Həsənquliyev – Bütöv Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyev – Milli Dirçəliş Hərəkatı, Hafiz Hacıyev – "Müasir Müsavat” partiyası, Razi Nurullayev – cəbhəçilərin təşəbbüs qrupu, Sərdar Məmmədov – Demokratik Partiya "bəhsləşiblər”.

Rusiya və Türkiyə prezidentləri Əliyevi birinci təbrik ediblər. Vladimir Putin azərbaycanlı həmkarına zəng edib, Kremlin mətbuat xdmətinin məlumatına görə, həmçinin seçkilərdə inamlı qələbənin Əliyevin yüksək siyasi nüfuzunu əyani şəkildə göstərdiyinin təsdiqləndiyi, Azərbaycan qarşısında duran sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində onun xidmətlərindən xəbər verdiyinin qeyd edildiyi teleqram göndərib.

Rusiya prezidenti yenidən seçilmiş prezidentin Bakıyla Moskva arasında dostluq, xeyirxah qonşuluq münasibətlərinin möhkəmləndirilməsində səylərini yüksək qiymətləndirib və bütün sahələrdə ikitərəfli əməkdaşlığın artırılması və qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin bundan sonrakı yüksəlişinə əminliyini ifadə edib.

Düşünmək lazımdır ki, Putinin təbriki növbətçi sözlər yığını deyil. RF-nin Azərbaycanla ümumi quru sərhədi olduğu və hər iki ölkə üçün ümumi olan Xəzər dənizinə çıxdığı son dərəcə önəmli bir şəraitdə Əliyev öz məsuliyyət qabiliyyəti, xarici siyasət adekvatlığıyla Rusiyanı qane edir. Ümumiyyətlə, Bakı RF-nin güvənliyini birbaşa hədələyən cürbəcür macəralara girişmir və hətta ona qarşı sanksiyalar yeritməmək daxil olmaqla beynəlxalq səviyyədə dəstəkləyir. Artıq nə olmalıdır?

Rusiya, MDB və ŞƏT-dən müşahidəçilərin təsdiqinə görə, seçkilər yüksək səviyyədə keçib. Avropa Birliyi dövlətlərindən bəzi "nəzarətçilər” də onu "demokratik” kimi dəyərləndirib. Amma, bax, Avropa Parlamenti öz müşahidəçilərini göndərməyib. Ağır gəlir, amma ölüm deyil. Daha bir kiçik qanqaralığı: ATƏT DİİHB missiyası Bakıda mətbuat konfransında seçkilərin gedişində pozuntular haqda bildirib və bir qrup yerli jurnalist qəzəblənərək "qərarı” dəyişməyi tələb edib. Missiya üzvləri mətbuat konfransını dayandırıb və zalı tərk ediblər. Amma tezliklə zala qayıdıb və bildiriblər ki, onların hesabatıyla yazılı halda tanış olmaq mümkün olacaq.

Müxalifət də seçki qanunvericiliyinin kobud pozuntularından, xüsusən də səsvermə qutularına kütləvi şəkildə bülleten atıldığından danışır. O, Əliyevin 2016-cı ilin payızında konstitusiyaya edilən dəyişikliklər əsasında beş ildən yeddi ilə uzadılmış dördüncü prezidentlik müddəti faktının özünü də tənqid edir. Hakimiyyətin opponentləri iddia edirlər ki, Azərbaycan xalqı "hakim ailə”yə qarşı durmağa  özündə güc tapmasa, İlham Əliyev "əbədi  idarə edəcək”, ya da onu dövlət başçısı kimi xanımı, yaxud üç övladından hansısa biri əvəz edəcək. Müxalifət mitinqlərə hazırlaşır.

Əlbəttə, nə istəsən, danışmaq olar, amma fakt faktlığında qalır: Azərbaycanı hətta böyük çətinliklə demokratik ölkə ("irəli getmiş” Qərbdə də belələrinin sayı azalır) adlandırmaq olsa da, ölkə Əliyevin prezidentliyi dönəmində iqtisadi inkişafda təsirli uğurlara nail olub. Əlbəttə, buna ölkədəki çox böyük karbohidrogen ehtiyatlarının varlığı, habelə coğrafi mövqe şərait yaradıb. Amma məsələ də bütün bunların necə düzgün qeydinə qalmaq və iqtisadi suverenlikdən savayı, siyasi suverenliyi də saxlamaqdadır. Əliyev hər iki vəzifəni öz prezidentliyi üçün böyük risklə həll edib və bu haqda aşağıda danışılacaq. Öz atasının – mərhum prezident Heydər Əliyevin siyasi xəttini davam etdirən Azərbaycan prezidentinin uğurlarının bir hissəsini burada qısaca sadalayaq. Bu, ölkədaxili siyasi həyatı sabitləşdirmək, Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzrum qaz kəmərinin (hər ikisi Türkiyəyədək) işə salınması, "Cənub qaz dəhlizi” və Türkiyəyə, sonra  da Avropaya çıxan Bakı-Tiflis-Qars dəmiryolunun inşası, yeni karbohidrogen yataqlarının işlənməsi və s.-dir.

Çevik xarici siyasət yürütmək Əliyevin fərqli, onu nə zamansa pis vəziyyətdə qoya biləcək özəlliklərindən biridir, çünki bu, "kollektiv Qərb”ə və xüsusən də ABŞ-a heç xoş gəlmir. Məsələn, Azərbaycan "gözdən düşən” Türkiyə ilə tam "şəbəkədədir” – tərəflər, demək olar, həmişə və hər şeydə bir-birinin marağında hərəkət edirlər. Azərbaycan "terrorçu” İranla hücum etməmək haqda müqavilə imzalayıb və tərəflər  qarşı tərəfə düşmən olan ölkələrin hərbi bazalarını öz ərazilərində yerləşdirməmək öhdəliyini şərtləşiblər. Və ümumiyyətlə, İran-Azərbaycan münasibətləri xeyli yaxşılaşıb və hər iki dövlətin yüksəkməqamlı şəxsləri tez-tez bir-birinə səfər edirlər. ABŞ-ın təzyiqinə baxmayaraq, Azərbaycan "siyasi didərgin – Rusiya” ilə də çox gözəl münasibətlər saxlayır və çox ehtimal ki, bundan sonra da belə sürəcək. Ümumiyyətlə, Azərbaycan öz daxili işlərinə kiminsə çox burun soxmasına imkan vermir, bu da bu cür praktika həvəskarlarilə münasibətlərdə ciddi "paz” olub.

Amma hamıya aydındır ki, Azərbaycanla dalaşmaq, xüsusən də orada "rəngli inqilab” təşkil etmək hələlik perspektivsiz işdir. Əliyevi istənilən qədər avtoritarizmdə və onun malikanəsində "mədəni azadlıqların” olmadığında ittiham etmək mümkündür, amma Bakının müxtəlif məsləkli ekstremist qruplaşmalara üz vermədiyinə göz yummaq mümkün deyil. Burası da var ki, bu, bəzilərinə yaxşı, bəzilərinə pisdir.

Lakin Azərbaycan lazım olduğu, amma qərbsayağı lazım olduğu Qərbin diqqətli nəzarəti altındadır. Artıq bu, kifayət edər ki, Qərb, adətən, karbohidrogenlərlə zəngin ölkələrə nəzarət və onlara öz şərtlərini diktə etmək istəyir. Bundan savayı, ölkə Xəzər hövzəsində yerləşir ki, bu da ona neytral münasibəti istisna edir. O, habelə İpək Yolu arealında açar mövqe tutur və başlıcası, Avropanın energetik güvənliyində və Rusiya qazından qismən  qurtulmasında əsas "oyunçu” kimi nəzərdən keçirilir. Uyğun olaraq Azərbaycan geniş anlamda təkcə bölgə (Cənubi Qafqaz, Rusiya, Mərkəzi Asiya, Yaxın Şərq) üçün deyil, həm də Qərb üçün önəmlidir. Bu, bir tərəfdən, "xaric”in Azərbaycan  gerçəkliklərini "adekvat” dərk sərgiləməsi şərtilə yaxşıdır. Amma başqa bir yandan, respublika çoxlarının qamarlamaq istədiyi dadlı bir "tikə”dir. Ölkədə söz azadlığının olmaması, prezidentin repressiv idarəçilik üsulu, səlahiyyətlərinin hədsiz genişləndirilməsi, xanımının Birinci vitse-prezident təyin edilməsinə görə Avropa Birliyi və ABŞ-ın Bakının "üstünə getməyi” və Vaşinqtonun, az qala, Azərbaycanda "hakimiyyəti dəyişmək”də birbaşa hədələrini yada salmaq kifayətdir. Düşünmək lazımdır ki, bu, indi Əliyev üçün əsas çağırışdır – hələlik digərlərinin öhdəsindən gəlir.

Lakin Qarabağ problemi havadan asılı qalıb, amma hansısa mərhələdə onun dinc yolla həlli üçün ilkin şərtlər meydana çıxmışdı. Yada salaq ki, praktik olaraq Azərbaycanla eyni zamanda Rusiya və Ermənistanda da prezident seçkiləri keçirilib – düzdür, sonuncuda dövlət başçısına "İngiltərə kraliçası” rolu ayrılıb, gerçək hakimiyyət isə artıq, yəqin ki, bu ay keçmiş prezident Serj Sərkisyanın olacağı baş nazirin əlindədir. Yəni Rusiya, Ermənistan və Azərbaycanın birinci şəxsləri əvvəlkilər qalıb və məsələ onların tənzimləmə  məsələsində inadkar olub-olmayacağındadır. Rusiya təsadüfən xatırlanmadı – o, Qarabağ problematikası üzrə gerçəkdən əsas vasitəçilərdən biri kimi çıxış edir. Tərəflər "böyük güzəştlər”ə gedəcəkmi, ya yenidən vuruşmağa başlayacaqlar?

Amma vuruşmaq nə Ermənistana sərfəlidir, nə də Azərbaycana – hər iki ölkə çox şey itirir və güman etmirəm ki, böyük qan və para hesabına cüzi və şübhəli qazanc, həyatönəmli infrastrukturun dağıdılması buna dəyər. Bu məntiqə əsasən seçkilərdən sonra Qarabağ münaqişəsinin ciddi kəskinləşməsini gözləməyinə dəyməz.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti